Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:15

Ömürlük məhbus günahsızlığından yazıb


Arxiv fotosu
Arxiv fotosu

Bu yaxınlarda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ən ağır cəzaya - ömürlük həbsə məhkum olunmuş Astara sakini, 59 yaşlı Aydın Qəhrəmanovun bacısı Sakitə Qəhrəmanova ölkə başçısına müraciət edib.

Sakitə Qəhrəmanova qardaşı barəsində çıxarılan hökmün ədalətsiz olduğunu, istintaq və məhkəmə orqanlarının bu işi ciddi araşdırmadıqlarını deyib.

Aydın Qəhrəmanov qeyri-rəsmi nikahda yaşadığı Aidə Yəhyayevanı və onun qardaşı qızı Samirə Yəhyayevanı zəhərləyərək öldürməkdə təqsirli bilinib.

İTTİHAMLARI RƏDD EDİB

Nə istintaq zamanı, nə də məhkəmə prosesində Aydın Qəhrəmanov ona elan olunan ittihamlarla razılaşmayıb. O, heç kimi zəhərləmədiyini, əksinə hər iki şəxsin, hətta onun özünün də qurğuşun tozu ilə zəhərləndirildiyini bildirib. Bu ağır cinayətin başında isə mərhum Aidənin bacısı İndira Yəhyayevanın dayandığını deyib.

Ömürlük məhbus ölkə başçısına ünvanladığı müraciətdə bildirir ki, o, 2006-cı ildə Aidə Yəhyayeva ilə şərikli 4 otaqlı ev tikdirib. Məqsədi təmirdən sonra evi satıb ayrı-ayrı mənzil almaq olub. Ancaq 2008-ci ilin sentyabrında Aydın Qəhrəmanovda qəfildən bərk ağrılar və halsızlıq baş qaldırıb. İki gün sonra eyni hallar Aidədə də baş verib.

Məhbusun məktubundan:

“Vəziyyətim günbəgün ağırlaşdı, saçlarım töküldü. Həkimlər mənim nədən bu hala düşdüyümün səbəbini tapa bilmirdilər. Qanım 3 dəfə yuyulandna sonra dirçəlməyə başladım. Mən xəsətxanada yatdığım müddətdə Aidə də digər bir xəstəxanada yatırdı. Aidə ilə birlikdə yaşayan qardaşı qızı Samirənin də halı pisləşmişdi. 2008-ci il oktyabrın 14-də Samirə vəfat etdi. Aidə vəziyyətinin ağır olduğunu deyərək mənzili satmaq üçün mənə etibarnamə verməyi təklif etdi. Oktyabrın 16-da etibarnamə imzalandı. Ayın 21-də isə Aidə dünyasını dəyişdi”.

Qadının ölümü ilə bağlı keçirilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Aidənin ölümünə səbəb 17,55 mq qurğuşun tozu ilə zəhərlənməsi olub. Samirənin də eyni səbəbdən öldüyü aşkar olunub. A.Qəhrəmanovun özünün qanında isə qurğuşunun miqdarı 15,2 mq çıxıb. “Aidə ölümündən əvvəl mənə dedi ki, bizi bacısı İndira zəhərləyib. Bizdən əvvəl də İndira qardaşı Mustafa Yəhyayevi və onun oğlu Cavidi eyni şəkildə zəhərləyib öldürüb. Məqsəd onların mülkünü ələ keçirməkdir ki, buna da nail olub” şikayətçi bildirir.

"TİKDİRDİYİM MÜLKÜ MƏNİMSƏMƏK İSTƏYİRDİLƏR"

Ömürlük həbsə məhkum olunmuş Aydın Qəhrəmanovun dediyinə görə İndira Aidəni və onu da şərikli tikdirdikləri evi mənimsəmək niyyəti ilə zəhərləyib. Ancaq Mustafa və Cavidi öldürənin kimliyi istintaq tərəfindən müəyyən edilməyib. Odur ki, Aydın Qəhrəmanov 2008-ci ildən başlayaraq Respublika Prokurorluğuna, Ombudsmana ardıcıl olaraq şikayətlər edib, baş prokuror Zakir Qaralovun qəbuluna düşüb.

Baş prokurorun tapşırığı ilə 2012-ci il oktyabr ayında Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində araşdırma başlanıb. İstintaq isə hər iki şəxsin Aydın Qəhrəmanov tərəfindən zəhərlənərək öldürülməsi qənaətinə gəlib: “Müstəntiq Qurban Səfərov qeyri-obyektiv istintaq apardı. Hətta məni günahkar çıxardı ki, orqanizmimdə aşkar edilən qurğuşunun 15, 2 miqdarda olması normadır. Eyni motivlə zəhərlənən 5 nəfərdən 4-ü öldüyü və bir tək mən sağ qaldığım üçün istintaq əsl müqəssiri tapa bilməyib, belə qənaətə gəldi ki, cinayətkar mənəm. Təsəvvür edin ki, mən şikayət edib, əsl günahkarın tapılması üçün prokurorluğa müraciət edirəm, özümü qatil çıxarırlar. Əgər Aidə və Samirəni zəhərləyib öldürmüş olsaydım, işin açılması üçün niyə şikayət edirdim?”

Ömürlük məhbus işinə yenidən baxılmasını və ədalətin bərqərar olmasını istəyir.

XS
SM
MD
LG