Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:35

Xaçmazın Sərkərli kəndində alma bağlarını kəsirlər...


Xaçmazda alma ağacları kəsilib odun kimi istifadə olunur

Xaçmazda alma ağacları kəsilib odun kimi istifadə olunur

-

“Meyvə ağacda çürüyürsə, gəlib alıb aparan yoxdursa, hektarla sahəni suvarmağın,dərmanlamağın, xərc tökməyin nə mənası?”

Xaçmazın Sərkərli kənd sakini Abdulla Hüseynov çox hissəsi alma ağaclarından ibarət olan 2,5 hektarlıq bağı kəsmək qərarına gəlib.

“BALTANI KÖKÜNDƏN ÇALIRIQ Kİ...”

“Tək mən deyiləm ki... Kəndə çıx, həyətlərə baş çək, özün görəcəksən... Özü də baltanı kökündən çalırıq ki, bir də alma söhbətinə qayıtmayaq...” (Gülür).

Deyir, gübrə vaxtı gəlir - pulsuz verilməli olan gübrəni alverçidən bahasına almalı olur. Suvarma vaxtı gəlir – düşür qalır suvarma idarəsinin qarşısında. Ağaclara qurd daraşdısa, işi lap çətinə düşür – dərman od qiymətinə... Gəl ki, min əziyyətlə ərsəyə gətirdiyi meyvə ağacda qalır:

“Bilirsən necədi? Elə bil ki, ağacı bəsləyirsən, bəsləyirsən, vaxt tamam olur, bəhrə verir, sonra da dayanıb bəhrənin zay olmasına tamaşa edirsən. Əlindən də heç nə gəlmir...”

“ÖRÜŞLƏR ƏLDƏN ÇIXDI, ÜZ TUTDUQ MEYVƏÇİLİYƏ”

Gömrük xərclərinin çoxluğundan almalar satılmır

Gömrük xərclərinin çoxluğundan almalar satılmır

Sərkərli sakini Pünhan dayı deyir ki, əvvəllər bu kənddə heyvandarlıq daha güclü olub. Ancaq son illər örüş yerlərinin kənardan gələnlərə kommersiya məqsədi üçün satılması yerliləri heyvandarlıqdan əl çəkib meyvəçiliyə üz tutmağa məcbur edib:

“Xaçmazın, Qubanın alması dillər əzbəridir. Ancaq indi alma ağaclarını kəsməkdən başqa çarəmiz yoxdur. Baxın, meyvə bağlarımz bu hala düşüb. Ağac qalmayıb... 1-2 ilə meyvəçilik tamamilə yox olacaq bu kənddə... Çünki burada bağçlığın saxlanması üçün şərait yoxdur. Örüş sahələri zaman-zaman əlimizdən çıxdı, meyvəçiliyə üz tutduq. Bu sahədən də bir iş aşıra bilmirik. Düşünürük ki, hara baş götürüb gedək, 3-5 manat çörəkpulu qazanaq. Meyvəçiliklə dolanmağın dövranı getdi, oğul...”

11 AYLIQ ƏZİYYƏT 1 AYDA BOŞA GEDİR

Bağban Murad yeşiklərdəki çürümüş almalardan sirkə düzəldəcək. Bir az saflarını isə alma ağacı olamayanlar daşıyıb aparır. Deyir, çürüyüb sirkəyə getməkdənsə, yesinlər:

“Alma sata bilmirik... Həyətlərdə almalar çürüyüb yerə tökülür. 11 ay işləyirik ki, bir aya alma sataq, dolanaq. Əziyyətmiz boşa gedir. Bu almanı niyə tökürük bura? Bunu yetişdirmək üçün azı 5-6 min manat xərc qoyuruq”.

Bağbanlar deyirlər ki, almanın ağacda qalmasının ikinci səbəbi gömrük xərclərinin artmasıdır:

BU QIŞI ALMA AĞACLARINDAN ODUN KİMİ İSTİFADƏ EDƏCƏKLƏR

“Bura da qonşunun bağıdır. Alma satılmadığı üçün ağacları kəsib oduna istifadə edirik. Bu il bu bağa azı 2-3 min manat xərc qoyub, bir manat da olsun mənfəət əldə etməyib. Ona görə də məcburuq ki, kəsək. Bir manat xeyri yoxdur, zərəri isə çoxdur”.

Alma bağlarının kəsilməsinin bir səbəbi su qıtlığıdır

Alma bağlarının kəsilməsinin bir səbəbi su qıtlığıdır

Sərkərlidə deyilənə görə, alma bağı olan elə bağban yoxdur ki, dərmana görə borcu olmasın. Hansını dindirirsən, azı 2000-2500 manatlıq borcdan danışır. Kənddə sahəsi 3-4 hektar olan alma bağları da var.

Kəndlilər deyirlər ki, alma bağlarının kəsilməsinin daha bir səbəbi ötən yayda qarşılaşdıqları su qıtlığı olub:

Altı dəfə suvarmalı olduqları ağacları cəmi bircə dəfə suvara biliblər. Sərkərli və Yergüc kəndləri suvarma suyunu Samur-Abşeron su kanalından götürür. Kəndlilər suvarma vaxtı yerli məmurların kanalı bağlayaraq suyu öz əkin sahələrinə yönəltdiyini bildirirlər.

Kənd təsərrüfatı naziri Heydər Əsədovun vədi...

Kənd təsərrüfatı naziri Heydər Əsədov bu il noyabrın əvvəlində Xaçmazda olub və kəndliləri dinləyib. O, bağbanların dərman, gübrə, su və gömrüklə bağlı problemlərinin aradan qaldırılacağına söz verib. Ancaq hələ ki, bütün bu sahələrdə elə bir dönüş yoxdur.

XS
SM
MD
LG