Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İspaniyaya nota verib. Buna səbəb Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində bu ölkənin şirkətinin fəaliyyət göstərməsidir.
XİN Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadənin sözlərinə görə, ispaniyalı iş adamının başçılıq etdiyi şirkətin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsilə bağlı narahatlıq Madriddəki Azərbaycan səfirliyi vasitəsilə bu ölkənin Xarici İşlər Nazirliyinə çatdırılıb. Cənab Tağızadə deyir ki, müraciətlər olunmasına baxmayaraq, hazırda işğal olunmuş ərazilərdə ABŞ, Böyük Britaniya və Fransaya məxsus şirkətlər hələ də iqtisadi fəaliyyətlərini davam etdirirlər.
Tahir Tağızadə bildirir ki, Hindistana məxsus şirkətin də həmin ərazilərdə fəaliyyət göstərdiyi bildirilsə də, sonradan bu ölkə yayılan məlumatları rəsmi şəkildə təkzib edib. XİN rəsmisinin sözlərinə görə, nazirlik həmin şirkətlərin fəaliyyətinin tam dayandırılmasına çalışır.
Xarici İşlər Nazirliyi indiyə qədər Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən 20-dən artıq şirkətin mənsub olduğu ölkəyə nota verib.