Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:13

""Belə getsə, özümü öldürəcəm” deyənə fikir verməyin"


Andrei Bitov
Andrei Bitov

-

"Kursumuza Qrant Matevosyan və Rüstəm İbrahimbəyov da qatılmışdı...

Biz təqaüdümüzü içkiyə xərcləyib, səhərlər süst vəziyyətdə oyanar, bir-birimizə deyərdik: “Bu gün yenə Antonioniyə baxacağıq? Yox ey, getməyək”.

Andrei Bitovun həyat qaydaları

77 yaşlı yazıçı hazırda Sankt-Peterburqda yaşayır.

Bir məmurlara, bir də polislərə söz çatdırmaq mümkün deyil. Nə deyirsən de, ümüdsüzdür.

Pəncərəmin altında bir ağac bitmişdi. Böyüyüb düz pəncərəmə söykənmişdi. Bu gün yuxudan oyanıb gördüm ki, əclaflar kranla qalxıb mənim ağacımı doğrayırlar. Sən demə hansısa idarənin mühəndisləridir, amma axı bu tamam tərbiyəsizlikdir. Deyirlər səliqəsizlikdir. Belə çıxır, mənim pəncərəmin altında ağac bitməsi pisdir.

Mən xoşbəxt adamam, həyatımda silsilə qara günlər olmayıb.

Qazaxıstan - Andrei Bitov (solda), Alexander Tkachenko, Gunter Grass, Bakhytzhan Kanapyanov
Qazaxıstan - Andrei Bitov (solda), Alexander Tkachenko, Gunter Grass, Bakhytzhan Kanapyanov

Ölə biləcəyin məqamları diqqətlə xatırlasan, hər dəfə bir möcüzəylə qurtulduğunu görəcəksən.

İlk dəfə dəhşəti dörd yaşımda, anamdan ayrı düşəndə yaşamışam. Almanlar bizim şəhəri blokadaya almazdan əvvəl sovetlərin blokadasıyla üz-üzə qaldıq. Əvvəl sovetlər şəhəri tam qapatdılar, sonradan almanlar yaxınlaşdılar. O zaman mən evdən 100 km qərbdə yerləşən yay düşərgəsindəydim. Həmişəki kimi, möcüzə baş verdi. Nənəm növbədə hansısa məmur arvadıyla tanış olur. Onların maşını varmış və təcili mənimlə eyni düşərgədə qalan uşaqlarını ordan çıxarmalıylarmış. Nənəm onun ayaqlarına düşüb yalvarır və elə həmin maşınla məni anama çatdırırlar.

Anam mənimlə qardaşımı Leninqraddan 1942-ci ilin yazında Ladoqanın çatlaq buzlarının üstü ilə çıxardı. Buz nazik idi, bir yandan da almanlar göydən bombalar yağdırırdılar. Bir neçə yük maşını batdı. Mənsə maşınımızın eynilə bir kater kimi yanıyla aşıb-daşan dalğaları yararaq irəliləməsinə baxıb fərəhlənirdim.

Mən Dağ-mədən institutuna anamın istəyilə girmişdim. Sonra yarımçıq atdım. Ancaq Dağ-mədən institutunda hələ də saxlanılmış inqilabaqədərki dövrün kadet (Çar Rusiyasında hərbi məktəb tələbəsi - tərcüməçi) geyim forması mənim xoşuma gəlirdi. Həm də dağlardan ötrü ürəyim gedirdi. Səyahətlərə böyük marağım vardı və ancaq bu haqda oxuyurdum. Mənim kumirlərim Prjevalski və Mikluxo-Maklay idi. Hələ o zamanlar, neçəncisə ildə SSRİ-nin ən gənc alpinisti olmuşam.

Andrei Bitov
Andrei Bitov

Daha çox imtina etmək lazımdır. Daha tez-tez və inamla “yox” demək lazımdır.

"Əgər kimsə intihardan çox danışırsa, fikir verməyin. Bu, ananın övladına “Səni öldürərəm” deməsi kimi bir şeydir.

İnstitutu atan kimi özümü tikinti batalyonuna verdim, bu mənim üçün əsl həyat məktəbi idi. Burda başıma gələn onlarla hadisə arasında ən yaddaqalanı dəfələrlə hərbi xəstəxanaya düşmək üçün eyni arayışları yenidən çap etməyim idi. Çünki makinaçı qız analıq məzuniyyətinə çıxmışdı və məndən başqa kimsənin makinada yaza bilmədiyi ortaya çıxmışdı.

Ali ssenari kursları haqda xəbər tutan kimi, ora sənəd verdim. O ili hər respublikadan bir nəfər qəbul edirdilər. Gözləyirdim əyalət qələbəliyinin içinə düşəm. Gözlədiyim kimi də oldu, kursda həqiqətən də bir erməni, bir gürcü, bir tacik, bir özbək, bir moldavan və s. var idi: kursa Gürcüstandan – Rezo Qabriadze (gürcü yazıçısı və rejissoru), Ermənistandan - Qrant Matevosyan (tanınmış erməni yazıçısı), Azərbaycandan – Rüstəm İbrahimbəyov, Özbəkistandan – Timur Pulatov (tanınmış özbək yazarı) qatılmışdılar. Uraldan Vladimir Makanin (tanınmış rus yazarı) də burda idi. Bizə ali məktəbi bitirmiş mühəndislərə verilən qədər təqaüd və ayrıca otaq vermişdilər. Bir də bütün kino aləmi bizim sərəncamımızda idi. Biz təqaüdümüzü içkiyə xərcləyib, səhərlər süst vəziyyətdə oyanar, bir-birimizə deyərdik: “Bu gün yenə Antonioniyə baxacağıq? Yox ey, getməyək”.

Bitov baş nazir Putinlə görüşən yazıçı və jurnalistlər arasında. Moskva, 7 oktyabr 2009
Bitov baş nazir Putinlə görüşən yazıçı və jurnalistlər arasında. Moskva, 7 oktyabr 2009

Mənim ölkə xaricinə ilk səfərim Polşaya olub. İlk cins paltarı ordan almışam, bir də küçədə gəzərkən rejissor Andrzej Wajdayla qarşılaşmışam və gözəl yazıçı Tadeus Konwickiylə tanış olmuşam. Polşayla bağlı bildiyim hər şey bundan ibarətdir.

Nə vaxtsa “Jiquli”m - "O2"in vardı. Onu çox sevirdim, hələ də onu əla maşın hesab edirəm. Bir ingilis maşın dərgisində qısaca deyildiyi kimi, bəsit, amma çoxlu üstünlükləri olan bir maşın idi.

Bəzən əşyaları itirmək faydalı olur.

Mən peşəkar sərsəriyəm və bir miqdar pul qarşılığında uşaqlarımdan yaxamı qurtarmışam, bu isə günah sayılır. Mən onları yaşamaq üçün hər şeylə təmin etmişəm, amma tərbiyələri ilə məşğul olmamışam. Oğlumun üç uşağı olub, başı uşaqlara qarışıb, bu bir növ onun həyatda təyinatıdır. Mənsə öz təyinatımı ədəbiyyata dəyişmişəm. Demirəm ki, biri o birini əvəz edə bilir, amma zaman hər şeyi göstərəcək.

Şübhəsiz ki, mən peşəkaram. Çünki yazmağa həddsiz nifrət edirəm.

Tənbəllik – bütün keyfiyyətlərin anasıdır. Tənbəl ruslar öz sahələrində, eynilə almanlar kimi perfeksionistdirlər.

Qaralamalar beyindəcə qalmalıdır. Buna görə də mənim əlavələrin və düzəlişlərim yoxdur.

Bütün dahiyanə rus romanlarına baxırsan, görürsən romandan başqa hər şey adlandırmaq olar. “Yevgeni Onegin” – şeirlə yazılmış romandır. “Ölü canlar” – poemadır. “Əsrimizin qəhrəmanı” – novellalardan ibarət romandır. Hər belə roman, özüylə birlikdə bir növ yeni doğulan janr gətirir.

Mən ədəbiyyata öz bioloji növümüzün yaddaşı kimi baxıram. O olmasaydı, kim olduğumuzu unudardıq.

Öndərlər haqda nə deyirlər desinlər, amma əgər onlar hakimiyyətləri dönəmində qan tökülməməsinə və ya vətəndaş müharibəsinin baş verməməsinə nail olublarsa, deməli, vəzifələrini tam yerinə yetirmiş sayılırlar.

Qocalıq obyektiv məsələdir.

İki dəfə xərçəngə tutulmuşam, hər ikisində də Tanrı məni bağışlayıb. Bu halda nədən şikayətlənim ki.

Həkimlər deyirlər ki, siqaret çəkməyim. Oturub düşündüm, qərara gəldim ki, siqareti atmaq, çəkməkdən daha zərərlidir. Kofe isə məncə çox xeyirli bir şeydir.

Bu gün səhərə yaxın yuxuda qara kitab gördüm. Hadisələr kitab mağazasında, deyəsən Peterburq Kitab Evində vaqe olurdu. Mən bukinist bölümünə yanaşanda qara üzlü qədimi bir qovluq gördüm. Qovluğu açıb içindən vərəqləri qara rəngdə olan bir kitab çıxardım. O kitabı almağa qərar verdim, ancaq onu mənə hədiyyə etdilər. Beləliklə, bir küncdə oturub ağ qələmlə qara vərəqlərdə yazmağa başladım. Bax belə, qara vərəqdə ağ mürəkkəblə yazı.

Yekə it heç vaxt balaca itin hürməyinə mane olmur.

Çevirdi: Namiq Hüseynli
XS
SM
MD
LG