Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:13

Əhalinin sayı artdıqca zibili də çoxalır, yığış-yığışdıransa yoxdur


Arxiv foto
Arxiv foto

-

NZS - Neftyannıy Zavod imeni Stalina...

Elə deyəsən bu qəsəbədəki problemlər də Stalinin dövründən miras qalıb. Qəsəbəsinin Abbas Səhhət küçəsinin sakinləri AzadlıqRadiosunun “Qaynar xətt”inə ərazidəki kanalizasiya xətlərinin normal işləməməsindən, yolların bərbadlığından şikayət ediblər. Deyirlər, kanalizasiya quyuları tez-tez daşır. Uzun illərdir ki, bu küçəsinin sakinləri üfunətlə çarpışırlar.

ADAM ÇOXALDIQCA ZİBİL DƏ ARTIR

“Nə qədər müraciət etsək də, heç bir məmur şikayətimizə baxmır. Sadəcə xətlər tutulub, təmizləmək lazımdır, nə kanalizasiya idarəsində, nə də icra hakimiyyətində bir adam tapa bilmirik ki, dərdimizi deyək. İcra hakimiyyətinə nə qədər zəng edirik, dəstəyi qaldırıb deyirlər hamı iclasdadır”.

Sakinlərin sözlərinə görə, yağış yağanda kanalizasiya suları həyətlərə dolur:

“Çirkab sular axıb həyətimizə dolur, sonra öz-özünə çəkilib gedir. Xəstəlikdir, üfunətdir. Payızda, qışda isə çəkilib getmək bilmir. Günlərlə həyət-bacaya çıxa bilmirik”.

NZS yolu Babək prospektinin qovşağında yerləşsə də yolda asfalt örtüyündən əsər-əlamət qalmayıb. Yolların bu vəziyyətdə olması qəsəbənin ortasında maşınların hərəkətini çətinləşdirir. Kanalizasiya sistemi normal işləmədiyindən hər yağış yağandan sonra kanalizasiya sularına qarışan yağış suları gölməçələrə çevrilir və günlərlə qurumur.

YAYDA TOZ-TOZANAQ, QIŞDA ZIĞ-PALÇIQ...

Qəsəbə sakini Qulu dayı:

“Küçələrdə asfalt örtüyünün olduğu vaxtları unutmuşuq. Hər yer baxımsızlıqdan bu vəziyyətə düşüb. Yayda toz-torpaqdan, qışda zığ-palçıqdan küçəyə çıxmaq olmur. Əsas problemlərimizdən biri də zibilliklərdir. Qutuları gətirib qoyublar, ancaq vaxtlı-vaxtında gəlib boşaltmırlar. Qəsəbədə sakinlərin, evlərin sayı artıb. Bu o deməkdir ki, zibilimiz də artıb”.

NZS-in girəcəyində 20 Yanvar və Qarabağ müharibəsində həlak olanların xatirəsinə bulaq inşa edilsə də baxımsızlıqdan ətrafı zibilliyə çevrilib.

Yavər Səfərov küçəsinin sakinləri:

“Küçəmiz Qarabağ müharibəsində şəhid olmuş Yavər Səfərovun adını daşıyır. Amma onun adına adicə bir lövhə də qoymayıblar. Pulu olan kənardan gəlir, bir də görürsən qısa vaxtda bir şadlıq evi, ya kafe, market tikdi. O boyda pul qoyub obyekt tikirlər, ancaq bir yolu abad eləməyə xəsislik edirlər”.

Qəsəbədəki Neftayırma Zavodunun insanların ciyərlərinə çökən zəhərindən danışmağa isə dəyməz.

Məmməd kişi deyir, bu barədə o qədər məmur qapısı döyüb, o qədər yazıb-pozub ki, axırda adı demaqoq Məmməd qalıb:

"CİYƏRLƏRİMİZİƏ ZƏHƏR ÇƏKİRİK"

“Aidiyyəti qurumlara ekologiyanın çirkləndirilməsi barədə bəlkə azı yüz dəfə şikayət etmişəm. Neftayırma Zavodunun tullantılarının havaya qatdığı zəhərdən nəfəs çəkmək olmur. Gecələr tullantı qazı havaya buraxırlar”.

Məmməd dayı deyir, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bir dəfə qəsəbəyə gəlib, havanın tərkibi yoxlanılıb. Sakinlərə vəd edilib ki, Neftayırma Zavoduna xəbərdarlıq olunacaq. Ancaq deyəsən elə vəd olaraq da qalıb. Çünki sakinlər “hələ də ciyərlərimizə təmiz hava əvəzinə tullantı qazları çəkirik”deyirlər.

Xətai rayon İcra Hakimiyyətindən bildirdilər ki, həmin ərazidə yeni tikililərin artması ilə əlaqədar kanalizasiya xətləri son vaxtlar yüklənib. Xətlərdə tıxaclar yarananda ilkin tədbirlər görülsə də, bu, problemin qarşısını almır. Yeni xətlərin çəkilməsinə ehtiyac var və yaxın vaxtlarda bu işlərə başlanılacaq.

XS
SM
MD
LG