Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:45

İmişlidə bələdiyyə seçkiləri alternativsiz keçirilə bilər...


Arxiv foto

Arxiv foto

-

Bu il Azərbaycanda oktyabrın 23-dən başlayaraq dördüncü bələdiyyə seçkiləri start götürüb. Artıq ilkin mərhələ- bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi və qeydə alınması üçün müəyyən olunan müddət başa çatmaq üzrədir. Amma paytaxtda olduğu kimi, əyalətlərdə də seçki ab-havası bir elə də hiss olunmur.

120 YERƏ 121 İDDİAÇI VAR

İmişli seçki dairəsi

İmişli seçki dairəsi

79 saylı İmişli seçki dairəsindən AzadlıqRadiosuna verilən məlumata görə, bu dairə üzrə 12 bələdiyyəyə ümumilikdə 120 üzv seçilməlidir. Amma noyabrın 17-də namizədliyini irəli sürənlərin sayı 230 nəfər olub, onlardan yalnız 134 nəfəri imza vərəqləri və digər seçki sənədlərini dolduraraq DSK-ya təqdim edb. Komissiya hələlik 121 nəfərin namizədliyini qeydə alıb.

Seçkilərə marağın zəif olmağı ayrl-ayrı bələdiyyələr üzrə göstəricilərdən də hiss olunur. Məsələn, 4 min nəfərədək əhalisi olan Aranlı kəndi üzrə imza vərəqi alanların sayı 9 nəfərdir. Halbuki bələdiyyəyə elə bu qədər üzv seçilməlidir. 11 üzv seçilməli olan Yalavac bələdiyyəsi üzrə imza vərəqi götürənlərin sayı isə 14 nəfərdir. İmişli şəhər, Məzrəli və Xoşçobanlı kənd bələdiyyələrinə üzv olmağa iddiaçıların sayı isə başqalarına nisbətən çoxdur.

SİYASİLƏRDƏN SEÇKİYƏ FƏRQLİ BAXIŞLAR

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev seçkiyə yaxşı hazırlaşdıqlarını deyir:

“Bütün bələdiyyələrə partiya siyahısı üzrə namizədlər irəli sürülüb. Təcrübəli üzvlərimizlə yanaşı, gənclər və qadınlara da etimad göstərilib.

Azad, ədalətli, demokratik seçki keçirilməsi üçün hər cür şərait yaradılıb və partiya bütün siyasi qüvvələrlə sağlam mübarizəyə hazırdır.”

Əli Qasımlı

Əli Qasımlı

AXCP İmişli rayon şöbəsinin sədri Əli Qasımlı isə üzvlərinin əksəriyyətinin bu prosesdən kənarda qaldığını deyir:

“Bələdiyyə seçkisində iştirak edib-etməməklə bağlı partiyanın xüsusi qərarı yoxdur. Amma üzvlərimizin əksəriyyəti bu seçkidə iştirakı məqbul hesab etmir. Əvvəla, demokratik seçki mühiti, komissiyalara etimad yoxdur. İkincisi, bu səlahiyyətdə olan qurumda təmsil olunmaqla cəmiyyətdə dəyişikliyə nail olmaq mümkün deyil. İndiki bələdiyyələr yerli icra hakimiyyətlərindən tam asılı vəziyyətə salınıb, onların saxtakarlığına ortaq edilib.”

XALQ NƏ DEYİR?

Bələdiyyələrin fəaliyyətinə ictimaiyyətin münasibəti də müxtəlifdir. Namiq Abışov adına Qaralar tam orta məktəbin müəllimi Yusif Mailov yerli özünüidarə orqanının işindən razılığını bildirir:

“Yollara yaxşı baxır, məktəbə, kasıb adamlara kömək edir. Milli Məclisin deputatı Əsabil Qasımov bizim kənddə doğulub. Onun da kəndə köməyi çoxdur. Bununla belə, bələdiyyə müstəqil olmalıdır, başqa orqanlar onun işinə müdaxilə etməməlidir. İndi çox asılılıq var. Bu, götürülsə, bələdiyyəmiz daha yaxşı işləyə bilər.”

Amma Qaralar kəndinin başqa bir sakini, bazarda şor-pendir satan Qızxanım İsmayılova yerli özünüidarə orqanından heç bir kömək görmədiklərini deyir:

“Kənd camaatı öz hesabına yollara qum-çınqıl tökdürür, su arxlarını qazdırır. Mənim evim yandı, içində uşaqlarım tələf oldu. Belə çətin günlərdə bələdiyyə ailəmizə bir qəpik də olsun kömək göstərmədi. Bu orqandan bizə xeyir yoxdur, özləri üçün işləyirlər.”

Qarabağ müharibəsi əlili Valeh Babaşov dakabrın 23-də keçirilək seçkini mənasız hesab edir:

“Bu seçki nəyə lazımdır? Bələdiyyələr olan torpağını satıb, hətta bir yerə 3 bilet verib. İndən belə nəyi satacaq?”

XS
SM
MD
LG