Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:47

Fuad Ələsgərov milyonluq qrantlardan danışır


-

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Azərbaycan” qəzetinə müsahibəsində deyir ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının hamısının fəaliyyəti şəffaf deyil.

“Bununla bağlı bir neçə faktı diqqətə çatdırmaq istərdim. “Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi” İctimai Birliyi bir neçə il ərzində doqquz qrant müqaviləsinə əsasən təxminən üz yüz əlli səkkiz min manat məbləğində vəsait alıb. Qanunvericiliyə görə, qrant alınmasına dair müqavilələr qeydiyyata alınmaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Lakin yuxarıda adını qeyd etdiyim təşkilat bağladığı doqquz qrant müqaviləsinin yalnız ikisini qeydiyyatdan keçirib. Başqa bir misal kimi Sülh və Demokratiya İnstitutunu göstərmək olar. Beş il ərzində bu təşkilatın rəhbəri Leyla Yunus təsisçisi olmadığı “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının hesabından müxtəlif valyutalarda külli miqdarda vəsait çıxarıb və bundan şəxsi məqsədləri üçün istifadə edib.

Fuad Ələsgərov
Fuad Ələsgərov

Təəssüf hissi ilə qeyd etməliyəm ki, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri də bir çox hallarda qanunvericiliyin pozulmasına yol verirlər. Belə ki, son bir neçə il ərzində yerli QHT-lərə ABŞ-ın Demokratiyaya Yardım Fondu (NED) tərəfindən səksən üç qrant müqaviləsi üzrə təxminən 2,8 milyon manat, ABŞ-ın Milli Demokratiya İnstitutu (NDI) tərəfindən on iki qrant müqaviləsi əsasında beş yüz min manata yaxın, Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (IREX) tərəfindən otuz beş qrant müqaviləsi üzrə təxminən doqquz yüz min manat, Avropanın Demokratiyaya Dəstək Fondu (EED) tərəfindən müxtəlif qrant müqavilələri üzrə təxminən üç yüz min manat, Lixtenşteyn Knyazlığının Açıq Cəmiyyət İnstitutunun Yardım Fondu tərəfindən 625 müqavilə üzrə təxminən 7,6 milyon manat məbləğində vəsait ayrılıb, lakin bu qrant müqavilələrinin böyük əksəriyyəti qeydiyyatdan keçirilməyib.

...Başqa bir təşkilat - Avropanın Demokratiyaya Dəstək Fondu yeganə məqsədi Azərbaycan dövlətinin nüfuzuna xələl gətirmək olan, efir vasitəsilə insanları qanunsuz aksiyalara səsləyən “Meydan TV”-yə təxminən üz yüz min ABŞ dolları məbləğində qrant ayırıb. Hesab edirik ki, bu cür fəaliyyət yolverilməzdir. Demokratiyanın daha da gücləndirilməsini tələb etmək və bununla bərabər, demokratik cəmiyyətin institutlarına antikonstitusion mübarizə üsullarını aşılamaq siyasi riyakarlıq olmaqla yanaşı, vətəndaş cəmiyyəti konsepsiyasının mahiyyətini də sarsıtmaq deməkdir”.

“AZƏRBAYCANLA BAĞLI MƏRUZƏ GƏLƏN İL HAZIRLANACAQ"

“Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt Jozef Debono Qrexin Azərbaycana səfəri gələn ilin əvvəllərindən tez mümkün deyil”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Həmməruzəçilərin müntəzəm olaraq Azərbaycana gəldiyini qeyd edən S. Seydiov deyib ki, həmməruzəçilərin Azərbaycana növbəti gəlişi AŞPA Monitorinq Komitəsi tərəfindən təsdiq olunmalıdır:

Pedro Agramunt və Joseph Debono Grech
Pedro Agramunt və Joseph Debono Grech

“Azərbaycanla bağlı məruzə gələn il hazırlanacaq. Bu il bununla bağlı heç bir məsələ yoxdur”.

S. Seyidov həmməruzəçilərin hazırlayacaqları məruzənin Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi ilə bağıldır:

“Avropa Şurasının monitorinqi altında ölkələr öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məruzəçilərlə əməkdaşlıq edir. Mən də Serbiya üzrə məruzəçiyəm və bu yaxınlarda orada idim. Bu yaxınlarda yenə Serbiyaya gedəcəyəm və Serbiyanın Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı iş aparacağam”.

NEFT FONDU RİSKLİ YATIRIMLARA GEDİR

Azərbaycan Mərkəzi Bankı (AMB) Asiyanın qiymətli kağızlar bazarına bir milyard dollar yerləşdirməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu jurnalistlərə AMB-nin İdarə Heyətinin sədr müavini Aftandil Babayev deyib. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev "Bizim Yol"a şərhində Mərkəzi Bankın bu addımını valyuta ehtiyatlarının diversifikasiyası olaraq dəyərləndirib:

"Son məlumatlar da göstərdi ki, Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma var. Bunun da əsas səbəbi səbətə daxil olan valyutaların dollara nisbətən ucuzlaşmasıdır. Görünür, dövlət qurumu bu dövrlərdə sabitlik, hətta bahalaşma nümayiş etdirən cənub-şərqi Asiya ölkələrinə diqqət göstərir. Çin və Cənubi Koreya valyutalarında bahalaşma müşahidə edilir. Görünür, bu proseslər Mərkəzi Bankın diqqətini cəlb edir. Əlbəttə, dövlət zəmanəti olan qiymətli kağızlar etibarlı hesab olunur. Hər bir halda effektivlik bazarlarda gedən proseslərdən və Azərbaycan Mərkəzi Bankın atacağı addımlardan asılıdır".

RUSİYA KOMMUNİSTLƏRİNİN LİDERİ BAKIYA NİYƏ GƏLİR?

Yaxın vaxtlarda Rusiya Federasiyası Kommunist Partiyasının sədri, Rusiya Dövlət Dumasının deputatı və Təhlükəsizlik Komitəsinin üzvü Gennadi Züqanov Azərbaycana səfərə gələcək. Bu barədə Publika.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov məlumat verib. R.Qurbanov deyib ki, Gennadi Züqanov bir müddət əvvəl onun Bakıya səfər etməsi barədə dəvətini qəbul edib.

Gennady Zyuganov
Gennady Zyuganov

“Azadlıq” qəzeti yazır ki, bu tipli səfərlər hökumətin iradəsi olmadan həyata keçirilə bilməz.

“Hökumətimiz Jirinovskinin ardınca, Züqanova da öz səxavətini əta etmək istəyir. Züqanovun Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsi fikri isə, ümumiyyətlə, uğursuz təbliğatdır. Züqanovun bu məsələdə Azərbaycanı dəstəkləməsinin heç bir siyasi və hüquqi baxımdan çəkisi yoxdur. Əslində, ard-arda Rusiya siyasətçilərinin Bakıya dəvət olunması təsadüfi sayıla bilməz. Züqanov Kommunist partiyasının sədridir və bu adam kommunist ideologiyası ilə silahlanıb. Belə olan təqdirdə bu adam Azərbaycana nə verə bilər? Yalnız köhnə ideologiyanın təbliğini, demokratiyanın boğulmasını və Qərbə inteqrasiyanın gözdən salınmasını. Təbii ki, hakimiyyət belə jestlərlə Rusiyaya öz sədaqətini nümayiş etdirmək istəyir və “sükan”ı saxladığını bildirir”.

AZƏRBAYCANLILARIN XARİCDƏ XƏRCLƏDİYİ PULLAR

İqtisadçı Nəriman Ağayev “Эхо” qəzetinə deyib ki, Azərbaycandan xaricə istirahətə gedən hər bir kəs orta hesabla min beş yüz - iki min manat xərcləyir.

Başqa bir iqtisadçı Seyfəl Əliyevin sözlərinə görə, hər il istirahətini xaricdə keçirən azərbaycanlılar cəmi üç milyard dollara yaxın vəsait xərcləyirlər ki, bunun da üçdə biri bazarlığa gedir.

XS
SM
MD
LG