Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:53

FİFA özünə qarşı korrupsiya iddiaları ilə bağlı İsveçrə prokurorluğuna müraciət edib

Dünya futboluna rəhbərlik edən qurum – FİFA, 2018 və 2022-ci ilin dünya çempionatlarına ev sahibliyinə seçim prosesinə təsir göstərmiş “qeyri-müəyyən şəxslər” barədə cinayət işi qaldırılması üçün ərizə ilə müraciət edib.

Bununla belə, FİFA əmin olduğunu bildirib ki, 2018 və 2022-ci ilin çempionatları üçün Rusiya və Qətərin ev sahibliyinə seçimi ədalətlidir və iddia olunan korrupsiya halları bu prosesin legitimliyini pozacaq miqyasda olmayıb.

FİFA 18 aydır ki, davam edən daxili təhqiqatın ardınca ilk dəfə olaraq özünə aid məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması üçün müraciət edib.

“Adları çəkilməyən bəzi məlum fərdlər”

FİFA-nın bəyanatında deyilir ki, adları çəkilməyən bəzi fərdlərin qanunu poza biləcəkləri ehtimallarının olması üzündən təşkilat İsveçrə prokurorluğuna müraciət edib.

Bəyanatda qeyd olunur ki, “bəzi ayrı-ayrı hallarda” qanunun pozulduğuna dair şübhələr üçün müəyyən əsaslar var.

İsveçrə prokurorluğu FİFA-nın ərizəsinin araşdırma üçün qəbul olunduğunu təsdiq edib.

İndi prokurorluq sənədlərlə ilkin tanışlıqdan sonra cinayət təhqiqatına başlanıb-başlanmaması barədə qərar qəbul etməlidir.

Mətbuat yazır ki, FİFA-nınöz nümayəndələri barəsində cinayət araşdırması üçün ərizə verməsi, xüsusən də, Avropada futbol ictimaiyyətinin, qurum və təşkilatlarının təzyiqi altında baş verib.

Bir sıra Avropa futbol federasiyaları korrupsiya iddiaları araşdırılmazsa, milyardlarla dollar qazancı olan təşkuilatı tərk edəcəkləri ilə hədələmişdilər.

Qlobal korrupsiya

İctimaiyyət üçün açıqlanmasa da, cinayət araşdırmasına potensial olaraq cəlb ediləcək fərdlərin müxtəlif qitələri təmsil etdikləri düşünülür. Beləliklə, mümkün araşdırma qlobal miqyasda ola bilər.

Ötən həftə FİFA Qətər və Rusiyanın dünya futbol çempionatlarına ev sahibliyinə toxunulmayacağını bəyan etsə də, bunun dərhal ardınca təşkilat daxilində korrupsiya iddialarını araşdıran keçmiş ABŞ prokuroru Michael Garcia onun hazırladığı hesabatın FİFA tərəfindən saxtalaşdırıldığını bəyan etmişdi.

Avropanın bir sıra futbol federasiyaları FİFA-dan Garcia-nın təhqiqat hesabatının tam mətnini dərc etməsini tələb ediblər.

Məhz bundan sonra bir çox ekspertlərin fikrincə, çarəsiz qalan FİFA hesabatı ictimaiyyətə açıqlamaqdansa, onu bütünlükdə İsveçrə prokurorluq orqanlarına verməyə məcbur olub.

Doğma İsveçrənin prokurorluğu

İsveçrə prokurorluğunun səlahiyyətləri, əlbəttə, FİFA-nın öz təhqiqatçılarının imkanlarından daha genişdir.

Prokurorluq şahidləri dindirə, müxtəlif qurumların binalarına reydlər keçirə bilər.

Lakin İsveçrə prokurorluğu yalnız İsveçrə qanunlarının pozulduğu halları araşdırmaq səlahiyyətindədir.

Prokurorluq həmçinin seçimlər üçün FİFA-nın öz daxilində qoyulmuş etik qaydalara da müdaxilə edə bilməz.

Görünür, FİFA-nın prezidenti cənab Blatter, bütün hallarda Rusiya və Qətərin ev sahibliyinin ləğv olunmayacağını əminliklə deyərkən, məhz bu məqamı nəzərdə tutur.

2018 və 2022-ci il çempionatları üçün ev sahibliyi seçkisinin nəticələri 2010-cu ildə elan ediləndən bəri hər iki qərardan çoxsaylı şikayətlər qaldırılıb.

Ev sahibliyinin Qətərə verilməsi Avropada ciddi narazılıqlara səbəb olub, beləki çempionatın keçiriləcəyi mövsümdə bu ölkədə havanın hərarəti dözülməz dərəcədə yüksək olur.

“Qızmar Qətər” və “buzlu Rusiya”

Öz növbəsində istər “qızmar Qətər”, istərsə də “buzlu Rusiya” çempionat üçün ev sahibliyini qanuni yolla qazandıqlarında israr edirlər.

Lakin bu il Braziliyada keçirilmiş dünya çempionatının ərəfəsində Britaniyanın “The Sunday Times” qəzeti Qətərin ev sahibliyini qazanmaq üçün külli miqdarda rüşvət verdiyi barədə iddialarla çıxış etmişdi.

Qətər bildirir ki, iddialarda adı çəkilən şəxsin seçim prosesinə birbaşa və rəsmən aidiyyəti olmayıb.

FİFA prezidenti Sepp Blatter öz internet saytında bildirib ki, İsveçrə prokurorluğuna təşkilatın etika üzrə hakimi Hans-Joachim Eckert-in tövsiyəsi ilə müraciət edib.

Blatter bundan əlavə heç bir suala cavab verə bilməyəcəyini deyib.

O bildirib ki, hesabatın cavabdeh tərəfi olmadığı üçün deyiləcək sözü yoxdur.

Lakin mətbuat bildirir ki, Sepp Blatter-in bütün qaradinməzliyinə baxmayaraq, bu qalmaqal asanlıqla unudulmayacaq.

Korrupsiya iddiaları barədə hesabatın bütövlükdə dərc olunmasını Avropanın bütün aparıcı futbol federasiyaları və rəsmiləri tələb edirlər.

İngiltərə Blatterə qarşı

FİFA-nın müstəqil icraiyyə komitəsini ötən il etiraz əlaməti olaraq tərk etmiş ingiltərəli Alexandra Wrage BBC radiosuna bildirib ki, FİFA-nın son bəyanatları cavabdan çox sual doğurub.

BBC-5 radiosuna müsahibəsində xanım Wrage deyib: “İctimaiyyətə bildirilir ki, burada İsveçrə prokurorluğuna müracuiət ediləcək miqyasda dəlillər var, lakin dünya çempionatları üçün ev sahibliyi qərarları dəiyşdirilə bilməz. Bu tamamilə ağlabatan deyil”.

Maraqlıdır ki, FİFA-ya qarşı korrupsiya iddialarının məhz Britaniya mətbuatında qaldırılmasının ardınca Blatter 2018-ci ilin ev sahibliyi seçkisində İngiltərənin pozuntulara yol verdiyi barədə əks-iddilarla çıxış etmişdi.

O hətta bildirmişdi ki, onu isveçrəli olduğuna görə başqa avropalılar gözümçıxdıya salıblar.

İki “xatakar”

Britaniya mətbuatı yazır ki, FİFA öz təhqiqatında korrupsiya ilə bağlı çəkilmiş adları açıqlamasa da, bunların təşkilatın iki keçmiş “xatakar” rəsmisi - Jack Warner və Mohamed Bin Hammam olduqları düşünülür.

İndi onların heç biri FİFA-nın yurisdiksiyası altında deyillər.

Mətbuat yazır ki, Warner əvvəllər FİFA ilə bağlı bütün qalmaqalların mərkəzində olub, Bin Hammam isə təşkilatın rəhbərliyinə keçmək üçün səslərin pulla alınması ittihamları ilə futbolan ömürlük xaric edilib.

UEFA FİFA-dan çıxa bilər

Lakin FİFA israr edir ki, Qətər və Rusiyanın ev sahibliyi məsələsinə heç bir vəchlə yenidən baxılmayacaq, çünki bunun üçün kifayət qədər dəlil-sübut yoxdur.

Bununla belə, Avropanın aparıcı futbol qurumları başqa mövqedədirlər.

Almaniya Futbol Federasiyasının rəhbəri Reinhard Rauball bəyan edib ki, Michael Garcia-nın hesabatı tam mətni ilə dərc olunmasa, UEFA özünün 54 üzvü ilə FİFA-nı tərk edəcək.

Bundan əvvəl UEFA 78 yaşlı Blatteri nəhayət vəzifəsindən əl çəkməyə çağırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG