Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 03:06

Naxçıvanda təhsil alan gənc: «Biz tələbə yox, əsgər həyatı yaşayırıq»


Naxçıvan
Naxçıvan

-

Gözlə

No media source currently available

0:00 0:02:32 0:00
Direct-ə keçid

Naxçıvan Muxtar Respublikası ali məktəblərində tələbələr vahid geyim formasına keçirilib. Halbuki, bu Azərbaycanın digər ali məktəbləri üçün xarakterik deyil. Ancaq deyəsən vahid formaya keçid muxtar respublikada təhsil alan tələbələrin heç də hamısının ürəyincə deyil. Naxçıvan Özəl Universitetində təhsil alan bir qrup tələbə AzadlıqRadiosuna bildirir ki, bu qaydaya riayət etməyən tələbələr təhqir olunur, sərt şəkildə cəzalandırılırlar.

Onlar deyir ki, hətta, formanın üzərindən əlavə gödəkcə geyilməsinə də icazə verilmir. Tələbələr deyir ki, ən çox narazılıq yaradan da budur. Təhlükəsizliyi baxımından şərti olaraq Savalan Məmmədov adlandırdığımız bir tələbə bildirir ki, hava soyuq olduğundan, formanın üzərindən əlavə gödəkcə geyməli olub. Onun sözlərinə görə, bu ona baha başa gəlib:

«GÖDƏKCƏNİ ƏYNİMDƏN ÇIXARIB 4-CÜ MƏRTƏBƏDƏN ATDILAR»

«Gödəkcəni əynimdən çıxarıb 4-cü mərtəbədən yerə tulladılar. Özümü də dərsdən qovdular. Elə bil əsgərlikdəyik. Deyirlər universitetin daxili nizamnaməsində belə göstərilib. Nizamnamələri də hərbi qaydalardan fərqlənmir. Dünyanın heç bir yerində tələbələrə məcburi vahid forma geyindirmirlər. Həmin formaları almayanlar universitetdən qovulacaqları ilə hədələnirlər. Hamısı pul yığmaq üçündür. Həmin formalar keyfiyyətsiz və nazikdir. Özlərinə tikiş fabriki açıblar, mallarını zorla bizlərə sırıyırlar. Naxçıvanın qışı da sərt olur. Məcbursan qalın geyinəsən. Buna da imkan vermirlər. Bu da nəzarətdə saxlamağın bir yoludur. Həm pul yığırlar, həm də azadlığımızı əlimizdən alırlar. Biz tələbə yox, əsgər həyatı yaşayırıq. Naxçıvandakı digər universitetlərə də vahid forma tətbiq olunsa da, gödəkcə geyinməməyə söz demirlər. Bizdə qaydalar daha sərtdir».

Savalan Məmmədov deyir ki, qaydaların sərtləşməsi universitet rəhbərliyinin dəyişməsindən sonra başlanıb:

«BİZİ RƏSMƏN SOYMAĞA BAŞLADILAR»

«Əvvəl bu dərəcədə deyildi. Təxminən 1 il öncə universitetin təsisçisi dəyişildi. Yeni, müasir tipli binalar tikildi. Məlumatlara görə məktəbin müasirləşməsi üçün 25 milyon manat pul xərclənib. Sevindik ki, bundan sonra hər şey yaxşı olacaq. Ancaq, sən demə, qara günlərimiz bundan sonra başlayacaqmış. Xərclənən pulları çıxarmaq üçün təhsil haqqı qaldırıldı, müəllimlər kütləvi işdən çıxarıldı və onların yerinə pul alıb savadsız müəllimləri işə götürdülər. Kəsirlərə görə qiymətlər qaldırıldı. Bizi rəsmən soymağa başladılar».

Bu deyilənlərə münasibət öyrənmək üçün Naxçıvan Özəl Universiteti ilə əlaqə saxladıq. Oradan vahid geyim formasını tətbiq etdiklərini təsdiqləsələr də digər iddiaları əsassız və iftira adlandırdılar.

RƏSMİ MƏLUMAT...

Naxçıvanda ali məktəb müəllimləri və tələbələrinin vahid geyim formasını «Naxçıvan Tikiş» və «Naxçıvan Alt Trikotaj» ASC-ləri tikir.

Rəsmi məlumata görə, bu il həmin müəssisələr 544 ali məktəb müəllimi və 4921 tələbəni vahid geyimlə təmin ediblər.

Məlumatda həmçinin qeyd olunur ki, istehsal olunan məhsullar mütəmadi laboratoriya təhlillərindən keçirildiyindən keyfiyyətlə bağlı problem yoxdur.

XS
SM
MD
LG