Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:10

-

"Mən sakit atmosferdə yazmağı sevmirəm. Gərək nəsə səs-küy olsun".

Türk yazıçısı Elif Şafakın Britaniyanın "Telegraph" qəzetinə müsahibəsi

Uşaqlarım

Mən öz iş qrafikimi onlara uyğunlaşdırmışam. Onlar yuxudan səhər saat 7-də oyanırlar. Birlikdə səhər yeməyi yeyirik və onlar məktəbə gedirlər. Mən yazmağa səhər saat 5-də başlayıram. Uşaqları məktəbə yola salandan sonra işimə davam edirəm. Bir də onlar yatandan sonra yazıram.

Ərim

Mənim ərim İstanbulda çalışan bir jurnalistdir. İstanbulu çox sevirəm, amma özümü orada bir az havam çatmayan kimi hiss edirəm. Türkiyədə yazıçı ictimai fiqur kimidir. Mənim üçün yazı və təxəyyül azadlığını Londonda tapmaq daha asandır. İki şəhərdə yaşamaq insanı zənginləşdirir. Amma bir o qədər də nikahı zəiflədir.

Ana olmaq

Mənim bütün enerjim yazıya və analıq borcumun yerinə yetirilməsinə gedir. Sanki tənha anayam. Düşünürəm ki, yaxşı ana deyiləm, amma bununla barışmışam. Eyni zamanda bir neçə işi eyni uğurla tutmaq olmaz.

Solaxay Elif

Mən solaxay idim, amma məktəbdə sağ əllə yazmağa məcbur etdilər. Ona görə yazmaq vərdişlərinə hamıdan axırda yiyələndim. İndi də əllə yazmaqla aram yoxdur. Mən romanlarımı makinədə yazmağa başlamışam. Sonra da, əlyetərli olan kimi kompüter almışam.

Bayquşlar

İllərlə bayquş döyməm olub. Sonra sildirdim. Bayquşlar mənim üçün önəmlidir. Onlar çox müdrikdir. Kaş ki onlar danışa biləydilər. Bəlkə də danışırlar.

Mən dindar adam deyiləm. Mənim üçün təşkilatlanmış din “biz” və “onlar” arasında sərhəd çəkməkdir. Mən bunu sevmirəm. Öz dindarlığına çox bağlanan adamın daxilində gizli təkəbbür ola bilər. Düşünə bilər ki, onun düşüncəsi başqalarından üstündür. Öz ateistliyinə çox bağlananlar da eyni təkəbbürə malik ola bilər.

Hər zaman şübhəyə imkan olmalıdır.

Səs-küy

Mən sakit atmosferdə yazmağı sevmirəm. Gərək nəsə səs-küy olsun. İnsanların qaynaşdığı kafelərə gedirəm. Yaxud aeroportda, yaxud dəmiryol stansiyasında yazmağı xoşlayıram. Elə yerlər ki orada həyat qaynasın. İstanbul çox səs-küylü şəhərdir, ona görə yazanda pəncərələri açıram.Çox sakit kitabxanada, yaxud çox təmiz masada özümü yad adam kimi hiss edirəm, sanki başqa birisinin məkanına soxulmuşam. Mən xaosu sevirəm.

Siqaret

Əvvəllər yazanda siqaret çəkirdim. Amma hamilə olanda tərgitdim. Baxmayaraq ki yenə də iyini xoşlayıram. İndi günəbaxan tumu çırtlamaq mənim üçün yazı prosesinin bir hissəsinə çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG