Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:58

"Bələdiyyə üzvü məni aldadıb"


Arxiv fotosu
Arxiv fotosu

-

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin sakini Vasif Aslanov AzadlıqRadiosunun "Qaynar xətt"inə şikayət edib.

Deyir, özünü yerli bələdiyyənin nümayəndəsi kimi tanıdan Rövşən Həsənov tərəfindən aldadılıb, mənzili əlindən alınıb.

Şikayətçinin sözlərinə görə, 2011-ci ildə adıçəkilən şəxsdən 2500 manata 2 sot torpaq sahəsi alıb və üstündə ev tikib. İndi ev əlindən çıxmaq üzrədir:

"EV TİKİB İÇƏRİSİNƏ KÖÇDÜM, GƏLDİLƏR Kİ, ÇIX"

“Rövşən Həsənovla qohum idik. Onun bacısı bizim gəlinimiz idi. 2011-ci ildə ev tikmək üçün torpaq axtarırdım. Rövşən Həsənov bələdiyyə işçisi olduğunu deyərək mənə hazırda yaşadığım sahəni satdı. Sənəd istəyəndə isə Əhmədli Bəxtiyar Heydər oğlunun adına Abşeron Rayon İcra Hakimiyyətindən verilmiş 1074 saylı sərəncamı və fərdi yaşayış evi tikmək üçün Aşağı Güzdək bələdiyyəsinin eskiz layihəsini verdi. Evi tikərkən sahə müvəkkilləri gəldilər, bu sənədi göstərdim, çıxıb getdilər. Mən evi tikib içərisinə köçdüm. Bu günə qədər də evin su, işıq, qaz sayğacları mənim adımadır, kommunal borclarımı ödəyirəm”.

Şikayətçinin sözlərinə görə, 2014-cü ildə Rövşən Həsənovla aralarındakı qohumluq əlaqələri pozulanda ev məsələsi gündəmə çıxıb:

“İndi Rövşən bacısının qisasını məndən almaq istəyir və deyir ki, nə olur-olsun səni bu evdən çıxaracam. Bu hadisədən qısa müddət keçəndən sonra Rövşən Həsənov mənim tanımadığım Südabə Səfərova adlı bir qadının dilindən əmlak tələbi ilə məni Abşeron rayon məhkəməsinə verdi. Guya mən bu qadına aid olan torpaq sahəsində onun özü üçün tikdiyim evi zəbt etmişəm. Hakim evdən çıxarılmağımla bağlı qətnamə qəbul etdi".

MƏHKƏMƏLƏRƏ BEL BAĞLAMIR

Deyir, iddiaçı tərəfi - Südabə Səfərovanı tanımır:

"Məhkəmə yalnız Rövşən Həsənovun ifadəsini nəzərə aldı. Mənim faktlarım və şahidlərim nəzərə alınmadı".

Vasif Aslanov qətnamədən Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verib. Ancaq bu məhkəmənin də nəticəsinə bel bağlamır.

Südabə Səfərova isə bildirib ki, fərdi yaşayış evinin tikintisi üçün yerli bələdiyyədən 5 sot yer alıb. Səhhəti ilə bağlı tikinti işləri apara bilməyib. Rövşən Həsənova etibarnamə verib ki, torpaq üzərində alqı-satqı, tikinti və sair işləri apara bilsin. Rövşən Həsənov Südabə Səfərovaya 10.000 manat verib. Sonradan Rövşən Həsənov torpaq sahəsinin 3 sotunu Lazım Mirzəyevə satıb, qalan 2 sotunda fərdi yaşayış evi tikib. Həmin evdə Hacıqabul rayonunda yaşayan bacısının əri Rusif Aslanova ailə üzvləri ilə müvəqqəti yaşamağa icazə verib. Südabə Səfərova:

"Sonradan mənə məlum olub ki, Rövşən Həsənovun ailəsində problemlər yaranıb və o, evi qardaşı Vasif Aslanova verərək tərk edib. Vasif Aslanov isə mənzildən çıxmaqdan imtina edib”.

Vasif Aslanovsa deyir, Rövşən Həsənovun qanunsuz torpaq satdığı başqa adamlar da var. Rövşən Həsənov hələ də onlara sənəd verməyib.

XS
SM
MD
LG