Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:36

Tələbə İslam Karimov prezident İslam Karimova müraciət edib


Hazırda Gulnara Karimovanın Daşkənddə, öz yeniyetmə qızı ilə birlikdə ev dustağı kimi saxlandığı düşünülür.

Hazırda Gulnara Karimovanın Daşkənddə, öz yeniyetmə qızı ilə birlikdə ev dustağı kimi saxlandığı düşünülür.

Gulnara Karimovanın oğlu babasına anasının ev məhbusluğundan azad edilməsi üçün açıq məktub yazıb.

“Bir vaxtlar o, özünün GooGoosha şoubiz təxəllüsü altında Julio Iglesias və Gérard Depardieu ilə duet oxuyardı. Lakin son vaxtlar pop ilahəsi, moda dizayneri və avtokrat qızı Gulnara Karimova xasiyyətinə müğayir bir şəkildə susur” – yazır Britaniyanın “The İndependent” qəzeti.

Lakin indi bu sükut pozulub.

Adaşa məktub

Özbəkistanın birinci ailəsinin daxilindəki çəkişmə ötən həftə yeni mərhələyə qədəm qoyub. Britaniya mətbuatı yazır ki, xanım Karimovanın oğlu babasına – “Özbəkistan diktatoru İslam Karimova” anasının ev məhbusluğundan azad edilməsi üçün açıq məktub yazıb.

Mətbuatda dərc olunan məqalələrdə deyilir ki, xanım Karimovanın ötən fevraldan bəri səsi çıxmır. Bu ilin fevralında isə o, Twitterdə həm öz ailəsinin, həm də Daşkənd rejiminin üzvlərini tənqid atəşinə tutmuşdu.

Hazırda onun Daşkənddə, öz yeniyetmə qızı ilə birlikdə ev dustağı kimi saxlandığı düşünülür. Ötən yay xanım Karimova gizli yolla kənara çıxara bildiyi audioyazıda “onunla itdən pis rəftar” edildiyini demişdi.

Şekspirsayağı dram

“The İndependent” yazır ki, şekspirsayağı bu dramın səbəbi kimi Gulnara ilə Özbəkistan kəşfiyyat xidmətlərinin rəhbəri Rustam İnoyatov arasındakı ixtilaf göstərilir.

Ötən il xanım Karimova sosial mediada İnoyatovun hakimiyyəti ələ keçirməyə cəhd etdiyini bəyan etmişdi. Gulnara həmçinin doğma anası və bacısı ilə də çəkişmədədir.

Başqa mülahizələrə görə, Özbəkistana 25 ildir ki, dəmir dəyənəklə rəhbərlik edən 76 yaşlı Karimov qızının biznes fəaliyyətinin ölkə üçün Avropada problemlər yaratdığından onu gözdən-qulaqdan kənar saxlamağa çalışır.

Babaya məktub yazmağın riski

İndi isə Gulnaranın oğlu, gənc İslam Karimov babasına anasının azad edilməsi üçün birbaşa və açıq müraciət edərək sülalədaxili çarpışmaya qatılıb.

Özbəkistanda qadağan edilmiş BBC Dünya Xidmətinin Özbək bölümünə müsahibə verən İslam deyib ki, anasının azad edilməsi üçün babasına müraciət etməklə böyük riskə girib.

Britaniya Universitetlərindən birində tələbə olan Karimov deyib ki, anasının sağlıq durumundan çox narahatdır.

“Ürəyinin dərinliyində bilirsən ki…”

“Ürəyinin dərinliyində bilirsən ki, biz heç vaxt sənin əleyhinə getmərik, - yazır nəvə - Mən doğrudan da ümid edirəm ki, sən hər şeyi yoluna qoya, mənim anamı və bacımı azad edə bilərsən. Sən hələ də sübut edə bilərsən ki, həyatımız boyu tanıdığımız babasan”.

Londonda BBC müxbirləri ilə danışan gənc Karimov iddia edib ki, anasının dustaqlığının arxasında babası dayanmır.

“Onun anamı məhv etmək istəməsi məntiqli görünmür, çünki o bu hərəkəti ilə özünün Özbəkistandakı reputasiyasını məhv edərdi. Öz ailəsini idarə edə bilməyən birisi, ölkəni necə idarə edə bilər?” – deyib prezident nəvəsi.

Özbəkistanda ən çox nifrət olunan şəxs

Lakin belə sözlərin, internet məkanı ciddi senzura edilən Özbəkistana çatsa belə, müsbət emosiyalar doğuracağına ümid azdır.

WikiLeaks tərəfindən 2005-ci ildə açıqlanmış Amerika diplomatik teletayplarında xanım Karimovanın Özbəkistanda ən çox nifrət edilən şəxs olduğu bildirilir.

Üstəlik, Özbəkistanda belə qənaətlər də yaranıb ki, hər şey Gulnaranın hakimiyyət varisi olmaq eşqinə düşməsindən başlanıb.

Prezident Karimov gələn ilin seçkilərinə qatılacağı barədə hələlik rəsmi bəyanat verməyib.

İsveçrədəki təhqiqat uzadılıb

2010-cu ildə pop ulduzuna çevrilmək istəyəndən bəri Gulnara Karimovanın telekommunikasiyalardan tutmuş moda sənayesinədək ixtiyarında olan holdinq qapadılıb.

Ötən mart ayında isə İsveçrə elan edib ki, xanım Karimovanın iştirak etdiyi çirkli pulların yuyulmasına dair təhqiqatın müddətini iki il də uzadıb.

Onun 2011-ci ilədək Özbəkistanın BMT-dəki nümayəndəliyi olan villasında axtarış keçirilib.

Kartof soya bilməyən siyasi məhbus

Xanım Karimova özünə qarşı bütün biznes pozuntuları iddialarını rədd edir.

Özbəkistanın özündəki vəziyyətə gəlincə isə, Human Rights Watch insan haqları təşkilatının son hesabatında deyilir ki, ölkədə siyasi dustaqlara müntəzəm qaydada işgəncələr verilir və onların həbs cəzalarının müddəti heç bir əsas olmadan uzadılır.

Belə hallardan birində bir siyasi məhbusun həbs müddəti onun mətbəxdə “kartofu düzgün soymadığına görə” uzadılıb.

Gulnara Karimovanın adı Human Rights Watch təşkilatının siyasi məhbuslar sihayısına daxil edilməyib.

XS
SM
MD
LG