Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:28

«Xalq Cəbhəsi»: «Dollar ucuzlaşır»


«Xalq Cəbhəsi» qəzetindəki «Dollar ucuzlaşır» başlıqlı məqalədə bildirilir ki, dolların kursu aşağı düşməkdə, manat möhkəmlənməkdə davam edir. Artıq valyutadəyişmə məntəqələrində 1 dolları orta hesabla 4350 köhnə manata alır, 4400 manata satırlar. Müəllifin yazdığına görə, belə proses bundan sonra da davam edəcək. Yaxın aylar ərzində kurs 4300 manata düşəcək. Müəllifə görə, artan neft gəlirlərinin inflyasiyanı sürətləndirməsi hökumətin öz səhv siyasətinin nəticəsidir. Buna qədər elə makroiqtisadi siyasət yeridilməliydi ki, pul kütləsinin artımı inflyasiyaya səbəb olmasın. İlk növbədə qeyri-neft sektoru, yerli istehsal inkişaf etdirilməli, iqtisadiyyatın neftdən asılılığı aradan qaldırılmalıydı. Amma ötən dövrdə hökumət bunu həyata keçirmədiyindən indi inflyasiyadan narahatlıq keçirir. Hətta əhalinin gəlirlərinin artmasının yeni inflyasiya dalğası yaradacağından ehtiyatlandığını gizlətmir. İndiki halda nəğd manat kütləsinin həcminin artırılması arxasında əmtəə və iqtisadi güc dayanmayan bir pula çevrilir ki, bu da əlavə infilyasiyaya gətirib çıxarır.


«Yeni Azərbaycan» qəzetindəki «Tarif Şurasının qərarını pozan sürücülər cəzalandırılacaq» başlıqlı məqalədə bildirilir ki, Nəqliyyat Nazirliyi şəhərdaxili sərnişin nəqliyyatında xidmətin keyfiyyətini yaxşılaşdırmaq və sərnişindaşıma qaydalarına nəzarəti gücləndirmək üçün marşrutlarda daşınma xidməti ilə məşğul olan sahibkarlara ciddi tapşırıqlar verib. Qiymət siyasətinin tənzimlənməsi üçün Nəqliyyat Nazirliyi yeni yaradılmış «Avtonəqliyyatservis» Departamentinə daimi olaraq monitorinqlər keçirməyi və qiymətlərə nəzarəti gücləndirməyi tapşırıb. Əgər yeni qiymət tariflərinə əməl etməyən sürücülər olarsa, sərnişinlər dərhal departamentə müraciət edərək həmin marşrut sahibi barəsində ciddi ölçülər götürülməsinə nail ola bilərlər. Qiymətlərə nəzarətlə bərabər, şəhərdaxili sərnişindaşımada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi də qərara alınıb.


«Bakı-Xəbər» qəzetindəki «LUKoyl»un Azərbaycanda fəallaşması nədən xəbər verir?» başlıqlı məqalədə müəllif yazır ki, son vaxtlar Rusiyanın aparıcı şirkətlərindən sayılan «LUKoyl»un Azərbaycanda kifayət qədər fəallaşdığı aydın hiss olunmaqdadır. Buna misal olaraq, müəllif şirkətin Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin sayını artırmaq niyyətini göstərir. Əvvəllər Azərbaycan tərəfilə imzaladığı müqavilələri ləğv edən «LUKoyl»un yenidən ölkəmizdə aktiv fəaliyyətə keçməsini Rusiyanın «Sovlinka» Analitik Mərkəzinin eksperti Lev Snıkov belə əsaslandırır: «Moskva neft, qaz və enerji sahəsində şirkətlərinin Azərbaycanda geniş fəaliyyət göstərməsini istəyir. Bu, həm də Azərbaycanda ABŞ şirkətlərilə gedən rəqabətin Kremlin xeyrinə dəyişməsində mühüm rol oynayır».


«Ayna» qəzetindəki «Azərbaycan savaşı» başlıqlı məqalənin müəllifi yazır ki, yenicə başlamış həftənin informasiya axını Rusiya – Gürcüstan qarşıdurması şəklində təzahür edən geosiyasi proseslərin getdikcə Azərbaycanı da öz ağuşuna alacağından xəbər verir. Bu informasiya axını əsasən Gürcüstan – Azərbaycan və Azərbaycan – NATO münasibətlərini əhatə etməkdədir. Müəllifə görə, istər ATƏT-in medianın problemləri ilə yaxından maraqlanmağa başlaması, istər Simmonsun «Azərbaycanın NATO-ya üzvlük məsələsi ölkənin istəyindən asılıdır» deyərək, topu İlham Əliyevə atması, istərsə də Gürcüstan çaxırlarının Azərbaycan bazarına çıxarılması istiqamətində ilk addımların atılması eyni marağa - Rusiyaya qarşı Azərbaycan – Gürcüstan strateji ittifaqını formalaşdırmağa xidmət edir.


XS
SM
MD
LG