Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:01

-

Qadının evə gələn qonaqla danışmağı yüngüllük, tərbiyəsizlik hesab olunur.

Adama deyərlər, sənin arvadın mənimlə bir masada otura bilməzsə, danışa bilməzsə, onda sənin evində nə işim var?

Ya sən məni arvadına pis gözlə baxacaq qədər əxlaqsız hesab eləyirsən, ya da arvadı o qədər əxlaqsız, yaramaz bilirsən ki, heç kimə göstərmək istəmirsən. ..

Günel Mövlud

QONAQPƏRVƏRLİK

Evində qonaq qəbul etməyi sevməyən adamlarla bir qayda olaraq, dostluq eləmirəm.

Demirəm ki, pis adamlardı, sadəcə, onlarla ünsiyyətim alınmır.

Özüm çox qonaqvesənəm. Evimdə qonaq olmayan günlər, axşamları nəsə bir çatışmazlıq hiss edirəm. Sevdiyim adamlardan, dostlarımdan tez-tez bizə gəlmələrini xahiş edirəm.

Dostlarımın, yaxınlarımın günlərlə, həftələrlə, hətta aylarla qalmasını istəyirəm. Onlara qayğı göstərmək, xoşladıqları şeyləri bişirmək, söhbət etmək, birlikdə filmlərə baxmaq, axşamlar gəzintiyə çıxmaq istəyirəm.

Bu son dərəcə ünsiyyətcilliyimdən, həyatda insanın əldə edə biləcəyi cüzi sevinci, qısa xoşbəxtlik saatlarını, günlərini tamlığı, bütünlüyü ilə, doyunca və paylaşaraq yaşamaq istəyimdən irəli gəlir.Həyat onsuz da qısadı. Sevinci, xoşbəxtliyi azdı. Daha çoxu əzabdı, işgəncədi, qayğılardı.

Sən bütün bunların üstünə bir də qaraqabaqlıq elə, adamayovuşmaz ol, doğmalardan uzaq gəz, evində bayquş kimi yaşa, qapını dostların açmasın – sadəcə, bədbəxtlikdir, bayquşluqdur.

Dostlarım bizə gəlmək, bizdə qalmaq dəvətimi qəbul edəndə çox sevinirəm. Yaxın dostlarım xasiyyətimi bilirlər. Bilirlərki, mən «istədiyin qədər bizdə qala bilərsən» deyirəmsə, bunu ürəkdən deyirəm, nəzakət xatirinə yox. Bilirlər ki, mən bu sözü dedimsə, bir diş fırçası alıb, hamam otağıma qoyub, istədikləri qədər qala bilərlər.Gecələr uzunu çay, qəhvə istəyə bilərlər, gecənin üçündə qəlyanaltı istəyə bilərlər, səhər yumurtalı çörək qızarda bilərəm, bir sözlə, təki insanlar sevinsin, özlərini yaxşı hiss eləsin, bir evdə bundan gözəl nə ola bilər ki?

Hərdən hiss edirəm ki, xasiyyətimi yaxşı bilməyənlər bir az sıxılırlar. Təklifimi, dəvətimi nəzakət, dilxoşluq kimi qəbul edirlər. Qınamıram. Öyrəşiblər. Bizdə qonaqpərvərliyin çox vaxt tamaşa, oyun olmağına öyrəşiblər. Ev sahibinin də, qonağın da aktyoru olduğu bu tamaşalardan hər evdə dəfələrlə oynanılıb.

Nə qonaq ev sahibinin səmimiliyinə inanır, nə də ev sahibi qonağın. Beləcə, bir-birinə inanmaya-inanmaya bir xalq yaşayır, qonaq gedib-gəlir, ünsiyyətdə olur.

Tale elə gətirib ki, həyat yoldaşımla bu məsələdə xasiyyətimiz yüz faiz üst-üstə düşür. O da dostların gəlmələrini, qalmalarını, birlikdə əylənməyi çox xoşlayır. Bu məslədə özümü bəxti gətirmiş qadın sayıram. Vay o gündən ki, adamın həyat yoldaşı xəsis, qaraqabaq ola. Xəsis, qaraqabaq, arvadlarının ünsiyyətcilliyindən xoşlanmayan əri olan qadınlara yazığım gəlir. Böyük bədbəxtçilikdir.

Həmçinin, arvadı qonaqpərvər olmayan kişilərə də yazığım gəlir.

Arvadı qonaqpərvər olan kişilər həmişə bir addım irəlidədir. İstər yaradıcı adam olsun, istər işadamı. Fərqi yoxdur. Arvadın məclis sevməməyi, qonaq qəbul eləməkdən xoşlanmamağı bir kişi üçün böyük kəsirdir. Hələ vay o gündən ki, kişi özü yeyib-içən, məclis adamı ola. Belə adamlar da tanıyıram. Özləri məclis adamlarıdır. Şən, deyib-gülən adamlardır. Amma arvadları qonaqpərvər deyil deyə, həmişə dostları ilə ya başqalarının evində, ya da kafelərdə, restoranlarda görüşməlidir, oturmalıdır.

Qonaq sevməyən, evinin gəlişli-gedişli olmasını istəməyən adamlar dünyanın ən kasıb, ən tənha adamlarıdır fikrimcə. Əlbəttə, adın qonaqpərvər çıxsın deyə, xoşlanmadığın, səmimi münasibətdə olmadığın adamları evinə çağırmağın da adı yoxdur.

Evinə gələn adamla gərək sənə rahat ola, gərək onunla söhbətdən zövq alasan, evinin hər halını, kasıblığını və ya varını, kəm-kəsirini və ya üstünlüyünü onun görə biləcəyindən çəkinməyəsən.

Qonaq gəlir deyə, iki gün əvvəlcədən evdə təmizlik başlayıb, bir gün əvvəlcədən evdə nə var bişirib, qonaq gələndə yorğunluqdan süst düşməyəsən. Çəkinməyəsən, bəzən evindəki pendir-çörəyə, turşuya, göyərtiyə də çağıra biləsən adamı. Əsl qonaqlıq, əsl ziyafət odur ki, sözün həqiqi mənasında məsələ yemək məsələsi olmasın, o yeməyi hər nədirsə, paylaşmaq, ünsiyyətdə olmaq, xoş vaxt keçirmək üçün bəhanə olsun.

Bir dəfə bir gürcü evinə qonaq getmişdik. Seymur Baycan, həyat yoldaşım və mən. Ev sahibləri, uşaqlar dəhşətli dərəcədə sevindi. Evin xanımı gülə-gülə soyuducunu açdı, pendir, göyərti, qırmızı pomidor turşusu çıxarıb, süfrəyə düzdü, bir şüşə ev çaxırı gətirdi. Özü də bizimlə oturdu, uşaqlara hərəsinə stəkanın dibində bir az çaxır süzdü. Hamı deyib-gülürdü. Uşaqları ilə zarafatlaşdı, ərindən daha çox özü bizimlə söhbət elədi.

O süfrə indiyə qədər oturduğumuz ən şən, ən zingin süfrələrdən biri idi. Bizdə evə kimsə gələndə ət yeməyi yoxdusa, ev sahibi əməlli-başlı kompleks keçirir. Dünyası yıxılır. Özünü təhqir olunmuş sayır. Gərək on növ ət yeməyi ola. Arvad kişi qonaq varsa, çox vaxt süfrədə oturmur. Yeməyi uşaqlardan göndərir. Otursa da, susub danışmır. Qadının evə gələn qonaqla danışmağı yüngüllük, tərbiyəsizlik hesab olunur. Adama deyərlər, sənin arvadın mənimlə bir masada otura bilməzsə, danışa bilməzsə, onda sənin evində nə işim var? Ya sən məni arvadına pis gözlə baxacaq qədər əxlaqsız hesab eləyirsən, ya da arvadı o qədər əxlaqsız, yaramaz bilirsən ki, heç kimə göstərmək istəmirsən.

Uşaqları elə tərbiyəsiz böyüdürlər ki, bilirlər, süfrədə otursa nəsə axmaqlıq eləyəcək. Ona görə də, uşaqları qoymurlar evə gələnin yanında otursun. Əlinə bir tikə verib, qovurlar həyətə-zada. Ən yaxşı halda, qonaq gedənə qədər iş buyururlar. Uşağınz əhləsini tökürlər. Elə edirlər ki, uşaq evə gələn adama nifrət edir.

Bir dəfə Azərbaycanın dağ rayonlarından birinə getmişdik. Qış idi. Ev sahibi, böyük bir ailənin başçısı bizimlə masada tək oturdu. Arvadı, qızları ancaq masaya qulluq edirdilər. Kişi arada süfrəyə baxır və «filan turşu yoxdur, get, ondan da gətir» deyə əmr verirdi. Hər dəfə bunu deyəndən sonra baxırdım ki, qızlardan biri əlləri qıpqırmızı halda içəri girib, turşunu gətirirdi. Fikir verdim, qızların üçünün də əlləri cadar-cadar idi. Sonra öyrəndim ki, evin ərzaq saxlanan yeri evdən xeyli uzaqdadır. Ataları hər dəfə qonaq gələndə qızları on-on beş dəfə ora göndərir ki, gedin, turşugətirin. Qışınsoyuğunda dərin qablardan turşu çıxarmaqdan qızların əllərini cadar kəsmişdi.

Qanım it qanına döndü. Yediyimiz-içdiyimiz zəhər oldu. Həmin evin kişisi isə süfrə başında ailədən, övladın necə dəyərli olmağından, ən ali, ən vacib şeyin uşaqlar olmağından danışırdı…

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG