Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:50

Bülbülədəki məhəllədaxili yolların asfaltlanması niyə yarımçıq qalıb?


Arxiv fotosu
Arxiv fotosu

“Məhəllədaxili yollarımız pis gündədir, payız-qış başlayanda bu yollar əməlli-başlı bataqlığa çevrilir”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yaşayanlar deyir.

KÜÇƏ YARIMÇIQ ASFALTLANIB

“Bu yaşayış massivi 20 ildən çoxdur salınıb, məhəllədaxili yollar isə son vaxtlara qədər öz aramızda topladığımız vəsait hesabına daş-çınqılla döşənib. Keçən il “Azərsu” qəsəbədə yeni su xətləri çəkəndə yolları qazıb tökdü. Öz vəsaitimiz hesabına, min əziyyətlə düzəltdiyimiz yollar yenidən bataqlığa çevrildi”.

Uzun müddətli şikayətlərdən sonra nəhayət, 1 il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti məhəllədaxili yolların bir hissəsini asfaltlayıb.

Sakinlər:

“Elə yenicə sevinirdik ki, işlər yarımçıq qaldı. Aksiya da keçirdik. Suraxanı rayon icra hakimiyyətinin başçısı gəldi, söz verdi ki, yaxın vaxtlarda işlər davam edəcək. Biz də inandıq”.

Bu payız başlayan yağış küçənin ayıblarını yenə üzə çıxarıb.

"Dəfələrlə icra hakimiyyətində qəbulda olmuşuq. Hər dəfə arxayın edirlər ki, səbr edin, düzələcək".

Sakinlərin sözlərinə görə, yolların bataqlıq olmasından ən çox məktəblilər əziyyət çəkir.

UŞAQLAR DAHA ÇOX ƏZİYYƏT ÇƏKİR

"Hər evdən məktəbə azı bir uşaq gedir. Geri qayıdanda küçənin palçığını da özləri ilə evə daşıyırlar. Əyin-başlarındansa danışmağa dəyməz".

Sözügedən massiv həm də paytaxtın baş prospektinin - Heydər Əliyev prospektinin kənarında, hasarların o tayında yerləşir. Sakinlər deyirlər ki, qarşıdan Bakı Avropa Oyunları gəlir, şəhərə gələn minlərlə xarici qonaq həmin prospektdən keçəcək.

“O zaman prospektin kənarında yayda toz-torpaq bürüyən, qışda bataqlığa çevrilən məhəllədaxili yolların, küçələrin olması kimə gərəkdir? Doğrudanmı ümumi uzunluğu 2-3 km olan bu ensiz yolları abadlaşdırmaq belə böyük vəsait tələb edir? Asfalta vəsait yoxdursa, heç olmasa “Azərsu”nun podratçı şirkətlərinin keyfiyyətsiz işinin nəticəsi olaraq dağıdılan bu yollara çınqıl döşəməyə də imkan yoxdur? Biz bilmirik dərdimizi indi kimə deyək. Biz sakinlər prezident İlham Əliyevin bütün çıxışlarına diqqətlə qulaq asırıq. Prezident deyir ki, Bakıda, qəsəbələrdə bir dənə də olsun torpaq yol qalmamalıdır. Bəs niyə məmurlar bu göstərişə əməl etmir? Axı bu elə böyük məsələ deyil ki, şəxsən prezident İlham Əliyevə şikayət edək” - deyə sakinlər sual edirlər.

Suraxanı rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildiriblər ki, Bakı şəhərinin digər ətraf qəsəbələri kimi Bülbülə qəsəbəsində də bütün məhəllədaxili yolların abadlaşdırılması “Bakı və ətraf qəsəbələrin inkişafına dair” III Dövlət Proqramına daxil edilib.

XS
SM
MD
LG