Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:48

«Ötən gün Ağdam rayonu ərazisində Ermənistan Ordusuna məxsus hərbi helikopterin vurulmasından sonra cəbhə xəttinin qarşı tərəfində helikopterlərin və digər uçuş aparatlarının uçuşları dayanıb». Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

V. Dərgahlının sözlərinə görə, hadisədən sonrakı dövrdə və bu gün işğal olunmuş Azərbaycan ərazilərinin üzərində heç bir uçuş qeydə alınmayıb. Nazirliyin sözçüsü Azərbaycanın bütün hava məkanının Hərbi Hava Qüvvələrinin tam nəzarəti altında olduğunu bildirib.

«Hava sərhədlərimizi pozanlara zərbə vurmaq üçün Hərbi Hava Qüvvələrimiz ən müasir vasitələrə malikdir. Beynəlxalq sənədlərə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal altındakı ərazilər üzərində bütün avia uçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi dəyərləndirilir», - deyə polkovnik Dərgahlı vurğulayıb.

V. Dərgahlı ötən gün və gecə cəbhə xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs pozuntularının sayında müəyyən artım müşahidə olunduğunu, lakin hansısa kəskin səviyyədə olmadığını bildirib:

«Bəzi KİV o istiqamətdə ağır döyüşlərin getdiyinə dair məlumat yayıblar. Belə bir hadisə yoxdur. Azərbaycan Ordusu düşmənin bütün təxribat cəhdlərinin qarşısını alacaq».

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ATƏT-İN DAİMİ ŞURASINDA MÜZAKİRƏ OLUNUR

Hazırda ATƏT-in Daimi Şurasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunur. Ötən gün Dağlıq Qarabağda vurulmuş helikopter də müzakirə mövzusudur. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick tvitter hesabında yazıb. (@AmbJamesWarlick)

James Warlick onu da yazıb ki, noyabrın 12-də baş verən insidentdən sonra da prezidentlərin dialoqa sadiq qalacağına, münaqişəyə imkan verməyəcəyinə, atəşkəsə hörmət qoyacağına ümid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG