Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:04

-

Thomas De Waal hesab edir ki, Dağlıq Qarabağda son 20 ildə ən pis hərbi incident baş verib.

Məkkənin yeni tikinti planı Məhəmməd peyğəmbərin doğulduğu evin sökülməsini nəzərdə tutur.

Rusiyanın borcu çox deyil, bəla Rusiya şirkətlərinin borclarındadır. Bunlar son 10 ildə 100 milyarddan 660 milyard dollara çatıb.

Dünya mediası bu gün nədən yazır?

Bloomberg xəbər saytı yazır ki, helikopterin vurulmağı ilə Azərbaycan Ermənistanla yeni münaqişə riskinə gedir.

ABŞ-dakı Karnegi fondunun təhlilçisi Thomas De Waal deyib ki, bu son 20 ildə ən pis hərbi insidentdir.

Azərbaycanın məlumatına görə, Mİ-24 helikopteri Azərbaycan mövqeyinə hücum etmək istəyirdi, Ermənistan isə bildirir ki, helikopter təlim əməliyyatı keçirirdi və silahsız idi.

ATƏT-in Minsk qrupu insidentdən dərin narahatdır.Hər 3 həmsədr bütün tərəflərə müraciət edərək gərginliyi artırmaqdan çəkinməyə çağırır.

Bloomberg hərbi münaqişənin biznesə ziyan vura biləcəyinə toxunur:BP-nin başçılıq etdiyi şirkətlər Azərbaycan neftinə və qazına 40 milyard dollardan çox sərmayə qoyublar. Bakı-Ceyhan kəməri ilə gündə 1,2 milyon barrel neft daşınır. Bu kəmərin Dağlıq Qarabağa ən yaxın nöqtəsi ilə Qarabağ arasında məsafə cəmi 50 km-dir.

Bloomberg xatırladır ki, hazırda Ermənistan və Dağlıq Qarabağ regionda noyabrın 6-dan hərbi təlim keçirir. Təlimlərdə 47 min hərbçi iştirak edir.

Ermənistanın 17 min, Dağlıq Qarabağın 30 min hərbçisi təlimə cəlb olunub.

850 zirehli maşın, 2100 artilleriya qurğusu, 450 hava hücumundan müdafiə sistemi təlim zonasındadır.

MƏHƏMMƏD PEYĞƏMBƏRİN DOĞULDUĞU EV

İndependent qəzeti yazır ki, Məkkədə tikinti planı Məhəmməd peyğəmbərin anadan olduğu binanı dağıtmağı,onun yerində saray, lüks alış-veriş mərkəzləri tikməyi nəzərdə tutur.

Vaşiqntondakı Körfəz İnstitutunun məlumatına görə, bu planla Məkkənin 1000 ildən çox yaşı olan binalarının 95 faizi dağılacaq. Qəzet yazır ki, Məkkədə yüzlərlə tarixi abidə artıq sökülüb. Bu layihə isə bir neçə ildir ki, həyata keçirilir.

Londondakı İslam Mirası Araşdırmaları Fondundan İrfan Alavi qəzetə deyib ki,keçən həftə 500 yaşı olan Osmanlı sütunlarının qalıqları dağıdıldı.

Onun fikrincə, Məhəmməd peyğəmbərin anadan olduğu bina çox güman ki,ilin sonuna kimi söküləcək.

Kral Abdulla üçün yeni saray tikilməlidir.

Yəqin ki, İndependent qəzeti Məhəmməd peyğəmbərin anadan olduğu evin sökülə biləcəyinə inanmayıb, ancaq qəzetin müxbiri planı özü görüb və o plana Məhəmməd peyğəmbərin anadan olduğu ev də salınıb.

Qəzet yazır ki, şəhərin bu tikinti planını müstəqil ekspertlər qiymətləndiriblər və narazılıqlar çoxdur,ancaq qorxusundan heç kim plan əleyhinə bərkdən danışa bilmir.

Məhəmməd peyğəmbərin anadan olduğu evin sökülməsinə hökumətin necə gedə bilməsini araşdıran qəzet belə bir izah verir: Səudiyyə Ərəbistanında Vahhabilik təriqəti hakimdir. Bu təriqət hər hansı bir yerə və ya obyektə“müqəddəs” deyib, sitayiş etməyi qadağan edir.

İndependent qəzeti Səudiyyə Ərəbistanı hökumətinin fikrini öyrənməyə çalışıb, ancaq heç kim şərh vermək istəməyib.

DİPLOMATİK YOL ATOM BOMBASINA APARIR

Wall Street Journal qəzeti yazır ki, ABŞ İrana güzəştə getməsə, noyabrın 24-nə qoyulan vaxta İranın nüvə proqramı ilə bağlı nəticə əldə olunmayacaq. Çünki İran əsas sahələrdə güzəştə getmək istəmir. Bəs nəticə olmasa, sonra nə olacaq?

Qəzet yazır ki,diplomatiya yolu qaçılmaz şəkildə İranın atom bombası düzəltməsinə aparır.

RUSİYA ŞİRKƏTLƏRİNİN NƏHƏNG BORCLARI

Financial Times qəzeti yazır ki, Putinin yaxın adamı olan , Rusiya Dəmiryolları dğvlət şirkətinin rəhbəri Yakunin deyib ki, Asiya ABŞ maliyyələşməsini əvəz edə bilməz. Onun bu sözləri Qərb sanksiyalarından sonra Rusiyanın Çinə yaxınlaşmasına bəslənən ümidlərə kölgə salır.

Yakuninin öz şirkətinə hazırda 60 milyard dollar lazımdır ki,şirkətdə yenidənqurma işləri aparsın.

Yakunin deyib: “Şərqin maliyyə institutlarının Qərbin maliyyələşməsini əvəz edəcəyi fikri həddən artıq şişirdilib”.

Qəzet yazır ki, Çinin Rusiyanın özəl sektorunu maliyyələşdirəcəyi məsələsində hələ uğurlar çox deyil. Çinin Exim bankı Rusiyanın VTB və VEB banklarına 2 milyard dollarlıq, Rosselxozbanka 300 milyon dollarlıq kredit xətti açıb. Çin İnkişaf bankı Rusiyanın Meqafon telekom şirkətinə 500 milyon dollar kredit verməyə razı olub. Bu kreditlərin miqdarı Rusiya şirkətlərinə lazım olan pulla müqayisədə çox deyil, kreditlərin hamısının bir şərti də var ki, əvəzində Çin avadanlığı alsınlar.

Çinin verdiyi pullar Rusiya şirkətlərinə lazım olandan nə qədər azdır?Rosneft dövlətdən 48 milyard dollar istəyir. Şirkət dekabr və fevral aylarında 14 milyard dollar ödəməlidir.

BU İL 29, GƏLƏN İL 106 MİLYARD

Financial Times eyni mövzuda başqa bir məqaləsində yazır ki, Rusiya şirkətlərinin öz-özlərini maliyyələşdirməkdə çətinliyi davam edəcək.

Rubl düşdü və bir az sabitləşdi, indi diqqət rublun zəifliyinin altında olan bir səbəbə yönəlir. Bu da Rusiya şirkətlərinin öz-özlərini mliayyələşdirmək cəhdləridir.

Rusiyanın dövlət kimi borcu azdır: iqtisadi istehsalın cəmi 13 faizidir.

Rusiya şirkətlərinin borcu isə son 10 ildə şişərək 100 milyard dollardan 660 milyard dollara çatıb.

Sberbankın təhlilinə görə, Rusiya şirkətləri ilin sonuna öz borclarına görə 29 milyard dollar ödəməlidir. Gələn il isə Rusiya şirkətlərinə artıq106 milyard dollar lazım olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG