Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:15

The Independent: «Şahzadə Andrew Azərbaycan despotu ilə 12-ci dəfədir görüşür»


Böyük Britaniyanın York Hersoqu Şahzadə Andrew və Prezident İlham Əliyev

Böyük Britaniyanın York Hersoqu Şahzadə Andrew və Prezident İlham Əliyev

-

DESPOT REJİMLƏ MÜNASİBƏT

«Böyük Britaniyanın York Hersoqu Şahzadə Andrew noyabrın 12-də Azərbaycanın milyarder lideri ilə üzbəüz danışıqlar üçün Bakıya gedir. Kral ailəsinin despot rejimlərlə münasibət qurması narahatlıq yaradır,» bunu Böyük Britaniyada çıxan «The Independent» qəzeti yazır.

Məlumata görə, York Hersoqunun Bakıya 4 günlük səfəri çərçivəsində Prezident İlham Əliyevlə özəl görüşü olacaq, «baxmayaraq ki, beynəlxalq ictimaiyyət bu neft və qazla zəngin keçmiş sovet ölkəsində insan haqları fəallarına münasibəti getdikcə daha çox tənqid edir».

«Şahzadənin Azərbaycana hansı təmsilçiliklə getdiyi bəlli deyil. Cənab Əliyev və digər ziddiyyətli liderlərlə dostluğu qınağa tuş gələndən sonra, o, 2011-ci ildə Böyük Britaniyanın ticarət təmsilçisi postundan istefa verib».

SƏFƏR NİYƏ PİSLƏNİR

Buckingham sarayı bildirir ki, kral ailəsinin «özəl səfəri»ni şərh edə bilməz. Britaniya kral ailəsinin özəl səfərləri vergiödəyiciləri tərəfindən maliyyələşdirilmir, ancaq şahzadənin səfərini kimin maliyyələşdirdiyi də bilinmir. Kraliçanın ikinci oğlu dəbdəbəli səyahətlərə meylinə görə «Air Miles Andy» ləqəbini qazanıb.

«Rejimin opponentlərinə hücumlar ucbatından insan haqları qrupları bu səfər xəbərini pisləyib. Cənab Əliyev prezidentliyi 2003-cü ildə atası Heydər Əliyevdən alıb. Onun rejimi siyasi opponentlərinə işgəncə verməkdə, seçkiləri saxtalaşdırmaqda ittiham olunur».

The Independent yazır ki, bu həftəki özəl səfəri çıxmaqla, Şahzadə Andrew son 10 ildə Azərbaycan prezidenti ilə 11 rəsmi işgüzar görüş keçirib.

«Buraya Azərbaycana 7 səfər, İsveçrədə Davos illik forumunda 4 görüş, 2009-cu ildə Buckingham sarayında rəsmi nahar daxildir. Həmin müddət ərzində onun ölkədəki Britaniya səfirləri ilə də saysız görüşləri olub».

AVTOKRATLA UTANCVERİCİ ÜNSİYYƏT

«Keçmiş baş nazir Tony Blair də ölkə üzrə müşavir kimi çalışmasına görə tənqid olunub. Bu yaxınlarda isə Azərbaycandan Cənubi İtaliyaya mübahisəli kəmərin çəkilməsi üzrə məsləhətlərini təklif edib».

«Emma Hughes enerji sənayesinin yaratdığı sosial və iqlim pozuntularına qarşı işləyən Platform qrupunun üzvüdür. O, deyir: «Həm Şahzadə Andrew, həm də Tony Blair-in azərbaycanlı avtokratla belə ünsiyyət yaratması utancvericidir. Azərbaycanda yüzlərlə cəsarətli şəxs demokratiya uğrunda vuruşur. Bizim təmsilçiləri isə daha çox kürü və qaz sazişləri maraqlandırır»».

«Xanım Hughes həbsdə olan hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərovİntiqam Əliyevin adlarını çəkir. Bu şəxslərin həbsi siyasi motivli sayılır».

SUALLAR BUCKİNGHAM SARAYINA YÖNƏLİB

«Bu həftə Amnesty International hüquq-müdafiə təşkilatı vəkillərin Leyla Yunusun müdafiəsindən uzaqlaşdırıldığını qeyd edib. Daha bir vəkilinə isə «açıq-aşkar onu müdafiə etdiyinə görə» ittihamlar irəli sürülüb».

«The Independent» xatırladır ki, ABŞ Dövlət Departamenti Azərbaycanda insan haqları hesabatında «ifadə, toplaşma və birləşmə azadlıqlarına artan məhdudiyyətlərdən bəhs edib». Buraya jurnalistlər, insan haqları və demokratiya fəallarının qorxudulması, həbsi və onlara qarşı gücdən istifadə daxildir.

Yazıda o da qeyd olunur ki, ölkənin xarici siyasət idarəsi Şahzadə Andrew-nun səfərinə dair sualları Buckingham sarayına yönəldib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG