Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:00

Cavanşir Yusifli: "Baba Pünhan parlaq fiqur, Mirzə Sakit sönük epizoddur"


Şəmşad Ağa (sağda) və Yusif Nazim

Şəmşad Ağa (sağda) və Yusif Nazim

-

Mirzə Sakit:

- Televiziyada ancaq müxalifəti tənqid etməyə icazə verirlər. Qəzet rəhbərləri də satirik şeirləri özlərindən uzaqlaşdırmağa çalışırlar. Məncə, sosial şəbəkələrdə o qəzet rəhbərlərinin özünü satirik tənqid etməyə başlamalıyıq.

Dövrümüzün Sabiri kimdir? Satirik ədəbiyyat ölüb, yoxsa mətbuat satirik yazarları sevmir?

«Pen Klub»dakı debata satirik şair, keçmiş vicdan məhbusu Mirzə Sakit, satirik şairlər Şəmşad Ağa, Yusif Nazim, şair Bəxtiyar Hidayət, tənqidçi Cavanşir Yusifli qatılıblar.

Şəmşad Ağa

- Bu məsələ uzun müddətdir müzakirə olunur. Satira yazılırmı, satiranın oxucusu varmı? Bu gün sistemli satirik şeirlər yazan şairlərimiz var, onlardan Əvəz Qurbanlının, Tofiq Həsənlinin, mərhum Baba Pünhanın adlarını çəkə bilərəm. Mən sistemli olaraq satira yazmıram. Hesab edirəm satira günün tələbidir və adını sadaladığım hər üç şair satirik şeirləri ilə kifayət qədər məhşurlaşıblar.

Səadət Akifqızı

Səadət Akifqızı

Səadət Akifqızı

- İndi telefon xəttində mühacirətdə olan satirik şair Mirzə Sakitdir. Sakit bəy, siz satirik şeir yazmaqdan peşman deyilsiniz?

Mirzə Sakit

- Xeyr, niyə ki. Əksinə peşmanam ki, az yazmışam. Çünki Azərbaycan siyasətində hər iki tərəf elə gülməli vəziyyətə düşüb ki, satiraya ehtiyac azalıb, çünki onlar öz siyasətləriylə daha satirik hərəkətlər edirlər. Tanıdığım qədər, satirik şeir yazan adamlar təbiətcə tamam başqa cür olur. Satira qətiyyən gülmək üçün deyil, bu, insanları düşündürmək, cəmiyyətdəki neqativ hallara diqqət çəkmək üçün yazılır. Mən satiranı gülmək üçün yazmıram. Satiranın içində bir az aqressiya, bir az təhqiramiz fikirlər olmalıdır. Satiranı oxuyan məmur, oxuduqca kreslosunda dikəlməlidir.

Səadət A.

- Müasir dövrdə satirik ədəbiyyatın hədəfləri kimlər olmalıdır?

Şəmşad A.

- Satira cəmiyyətdəki sosial ədalətsizlikdən yaranır. Əgər cəmiyyətdə ədalət yoxdursa, nisbi azadlığa aqressiya ilə baxılırsa, insan hüquq və azadlıqları pozulursa, satira buna münasibətdən doğulur. Mirzə Ələkbər Sabir bir şeirində deyir:

Kim ki, insanı sevir, aşiqi-hürriyyət olur,

Bəli, hürriyyət olan yerdə də insanlıq olur.

Hürriyyət, azadlıq olan yerdə insanlıq olar. İnsanlıq olmayan yerdə isə azadlıqdan söhbət gedə bilməz.

Yusif Nazim

Yusif Nazim

Yusif Nazim

- Nə qədər ki cəmiyyət var, orda həmişə haqsızlıq olacaq. İnsan öz daxilinə enməlidir, özünü tanımalıdır ki, ədalət prinsiplərinə, öz nəfsinə əməl etsin. Satirada təkcə hakimiyyət, siyasət deyil, aşağı təbəqə də tənqid oluna bilər.

Şəmşad A.

- Hüseyn Arif deyirdi ki, “Bu dünya düzəlsə, atama lənət”. Onda deyək ki, Hüseyn Arif bilirdi ki, dünya düzəlməyəcək və ona görə də bu şeiri yazmışdı. Satira belə fikirlərdən ibarət deyil, o həm də günün hadisələrini qabartmalı, önə çıxartmalıdır.

Səadət A.

- İndi ədəbi tənqidçi Cavanşir Yusifli bizə qoşulur. Cavanşir bəy, satirik janr bu gün Azərbaycanda aktualdırmı? Yeri varmı?

Cavanşir Yusifli

- Həmişə yeri var, bu gün də var. Sadəcə, dövrə görə dəyişir. Məsəlçün, Füzulinin “Şikayətnamə”sində də satira vardı. Bizim ədəbiyyatda 19-cu əsrin sonlarında 20-ci əsrin əvvəllərində bir üslub dəyişməsi ortaya çıxdı, beləliklə realist ədəbiyyat meydana gəldi, realist ədəbiyyatın ilkin cücərtisi isə satira idi. Sovet dövründə o ənənələr dəyişməyə başladı, o dövrdə artıq ancaq cəmiyyətin müəyyən sahələrini tənqid etməyə icazə verilirdi. Sovetin son illərində satirik jurnallar ortaya çıxdı.

Cavanşir Yusifli

Cavanşir Yusifli

Müstəqillik dövründə isə biz Baba Pünhan kimi satirik şairlərlə tanış olduq. Baba Pünhan müxtəlif şeir formalarından istifadə edərək, cəmiyyətdəki hadisələrin mahiyyətini başa düşmək üçün oxucuları yönləndirirdi. Baba Pünhandan sonra məlum oldu ki, bizdə artıq o satirik şeir janrı aktual deyil. Ona görə yox ki, cəmiyyətin problemləri həll olundu. Bunun daha dərin, köklü səbəbləri vardı. İndi dünyadakı vəziyyət elədir ki, məhz satirik yönlü ədəbiyyat öz sözünü deməlidir, amma bizim ölkədə bu sahədə böhran hiss olunur.

Səadət A.

- Sakit bəy, Cavanşir Yusifli qeyd etdi ki, Azərbaycan ədəbiyyatında satirik şeir ənənəsi Baba Pünhanda qırılır, sizin fikriniz necədir?

Mirzə Sakit

- Deyim ki, Baba Pünhanda o ənənə qırılmadı. Doğrudur, Baba Pünhan ən önəmli satirik yazarlardan biri idi. Amma buna baxmayaraq bu gün satirik şeirlərin televiziyaya yolu bağlıdır. Televiziyada ancaq müxalifəti tənqid etməyə icazə verirlər. Mətbu orqanlarda da təəssüflər olsun ki, qəzet rəhbərləri elə şeirləri özlərindən uzaqlaşdırmağa çalışırlar. Məncə, sosial şəbəkələrdə o qəzet rəhbərlərinin özünü satirik tənqid etməyə başlamalıyıq.

Mirzə Sakit

Mirzə Sakit

Satirik tənqidlər təkcə məmurlar üçün nəzərdə tutulmayıb, eyni zamanda o məmurların hərəkətlərindən hüquqları pozulan cəmiyyət nümayəndələrinə biganə yanaşan siravi cəmiyyət üzvlərini də tənqid atəşinə tutmalısan. Satirik şeir vasitəsilə cəmiyyəti qınamaq lazımdır ki, axı sizin bir vətəndaş mövqeyiniz, ictimai şüurunuz olmalıdır.

Şəmşad A.

- Tribunanın olmaması ilə bağlı Mirzə Sakit çox düz dedi. Satira olmadığı üçün cəmiyyət yerində sayacaq, biz əgər o mərhələni keçə bilməmişiksə bu, cəmiyyətimizin problemidir. Dərk olunmamaq satirik əsəbiyyatın populyarlığını itirməsinə gətirib çıxarıb. Ümüd edək ki, cəmiyyət inkişaf edər, naqisliklər azalar və satirik ədəbiyyata ehtiyac azalar. İndi Avropanın bir inkişaf etmiş ölkəsinə baxsaq görərik ki, orda satira yox vəziyyətindədir, çünki orda satiraya ehtiyac hiss olunmur.

Yusif N.

- Satira yazmağa həmişə səbəb var. Nə qədər cəmiyyət varsa, satira da olacaq. Sadəcə, bunun üçün mühit lazımdır. Mirzə Ələkbər Sabiri cəmiyyətə “Molla Nəsrəddin” jurnalı mühiti təqdim etdi, Baba Pünhanı “Qulp” təqdim etdi, indi isə satirik şairləri təqdim etməyə bir mühit yoxdur.

Cavanşir Y.

- Doğru deyilir ki, TV-lərdə satiranın yeri yoxdur, biz hamımız bunu bilirik, nəyə görə yeri yoxdur, onu da bilirik. Amma ədəbiyyatın yaranması üçün təkcə hadisələr kəskinləşməli deyil, bu bir az da cəmiyyətin qanunları ilə bağlı bir şeydir. Əgər Baba Pünhan həmin sahədə parlaq fiqura çevrilə bildisə, ondan sonra gələn Mirzə Sakit və s. sönük epizod kimi nəzərə çarpdı. Ancaq bu hələ satiranın ölməsi anlamına gəlmir. Ədəbiyyatda hər şey tədricən yığılıb toplanır və sonra birdən ortaya çıxır.

Proqrama tam şəkildə bax

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG