Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:20

-

Rəsmiyyə Sabir

Pəncərəmdən süzülən işıq


Pəncərəmdən süzülən işıq,
girmə tənhalığımın içinə,
qeyb olarsan.

Pəncərəmdən süzülən işıq,
girmə gözlərimə,
göz yaşımda boğularsan.

Pəncərəmdən süzülən işıq,
girmə soyuq qəlbimə,
üşüyərsən.

Pəncərəmdən süzülən işıq,
girmə həyatıma,
dərd əlindən üzülərsən.

Pəncərəmdən süzülən işıq,
mənim qaranlıq qədərimdə
tapa bilməzsən yerini.
Sən nurlandıra bilməzsən
bəxt ulduzu sönənlərin
taleyini...

Torpağın altındakı günəş


Mən-torpaq altındakı günəşəm!
Özümü görməsəniz də,
Şüalarımı – şeirlərimi
duyacaqsınız.
Mən-torpaq altındakı günəşəm!
Sözlərimin hərarəti yandıracaq
yanımda
gözü kölgəli olanları.
Gizlənə bilməyəcəklər
kirpik hasarlarının
arxasında.
Mən-torpaq altındakı günəşəm!
Əridəcəyəm
soyuq insanların buz dünyasını.
Mən-torpaq altındakı günəşəm!
İşıqlandıracağam
içi zülmət olanların dünyasını.
Mən-torpaq altındakı günəşəm!
Qaranlıqları yarmaqdır peşəm...

Qoca palıd


...sən kötük doğulmamışdın.
Əvvəllər
uzun-uzun budaqların,
yaşıl-yaşıl yarpaqların
vardı.
Geniş dünya sənə dardı.
Sənin sevdiklərin vardı,
sənə sevənlərin yardı,
qoca palıd.
Hər baharda
sevinərdin, şadlanardın,
əl-qol açıb oynayardın,
buludlardan su istərdin.
Su verərdi göylər sənə.
Yuyunardın şeh içində.
Qızmar yayda
qanad açıb
qoruyardın insanları
günəşin qəzəbli baxışlarından.
Həsrət ətirli payızda
kövrələrdin ayrılıqlara.
...aylar keçdi, illər ötdü.
Ömrünə dəli qış gəldi.
Dondu ayaqların,
buz bağladı əllərin.
Baxıb donan bədəninə
köks ötürdün dərin-dərin,
qoca palıd.
İllər çox yormuşdu səni.
Ayrılıqlar vurmuşdu səni.
Sarı yarpaqların
qırmızı xəyanəti
yandırmışdı ürəyini.
Yerindəcə quruyub qalmışdın,
qoca palıd.
O zaman kötüyə çevrilmişdin.
Ayrılıqlara alışanda,
hər payız taleyinlə barışanda.
Sən kötük doğulmamışdın.
Mən bilirəm,
qoca palıd.

Günün bütün mövzuları

XS
SM
MD
LG