Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:00

-

Noyabrın 12-si Azərbaycanda Konstitusiya Günüdür. Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002 və 2008-ci illərdə keçirilən referendumlarla konstitusiyaya dəyişiklər olunub. Ana qanunda dəyişikliyə yenə ehtiyac varmı? Hansı dəyişikliklər zəruridir? “Media forum” saytı bir neçə politoloqa bu sualları ünvanlayıb.

Hüquqşünas, siyasətçi İlyas İsmayılov deyib ki, Konstitusiyaya yenə dəyişiklik edilməsinə ehtiyac görür.

“Hesab edirəm ki, ali qanuna seçki sistemi ilə bağlı dəyişiklik edilməlidir. Proporsional seçki tətbiq edilməli, partiyaların seçkidə iştirakına imkan yaradılmalıdır. Günün tələbi bundan ibarətdir. Əgər ölkədə siyasi partiyaların inkişaf etməsini istəyiriksə, onda proporsional seçki sistemini bərpa etməliyik”.

Politoloq Zərdüşt Əlizadə:

“İndiki konstitusiya şahlar üçün ali qanundur. Prezidentin super səlahiyyətləri var. Dövlətin parlament, məhkəmə qolları nökər vəziyyətindədir. Xalqın həm de-fakto, həm de-yure öz hüququ yoxdur. Azərbaycan vətəndaşının addımbaşı konstitusion hüquqları pozulur.

Konstitusiya hakim zümrə üçün çox rahatdır. Problem yaşananda da konstitusiyaya saxta referendumla hansısa sərtləşdirici maddələr əlavə edilir. Bu konstitusiyanın ömrü indiki hakimiyyətlə eynidir, nə uzun, nə də qısa olacaq.

“ENERJİDƏN HEÇ VAXT OLMADIĞI KİMİ AZ ASILIYIQ”

Prezident İlham Əliyev Macarıstana səfəri çərçivəsində bu ölkənin Milli Televiziyasına müsahibə verib. Prezident deyib ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olan ölkədir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionunun iqtisadiyyatında 75 faizdən artıq paya malikdir.

Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionunun iqtisadiyyatında 75 faizdən artıq paya malikdir

Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionunun iqtisadiyyatında 75 faizdən artıq paya malikdir

"Biz çoxsaylı iqtisadi islahatlar həyata keçirmişik və həmçinin dünyanın aparıcı energetika şirkətləri tərəfindən neft və qaz sektoruna investisiyaların yatırılmasına nail olmuşuq. Buna görə də enerji amili, üstəgəl islahatlar və enerji ehtiyatlarının satışından əldə etdiyimiz aktivlərin insan kapitalına investisiya qismində yatırılması bizə iqtisadiyyatımızı şaxələndirmək imkanını verdi. Bu gün biz enerjidən heç vaxt olmadığı kimi az asılıyıq və ümumi daxili məhsulun 50 faizdən çoxu qeyri-neft sektorunda istehsal edilir. Həmçinin beynəlxalq təşkilatlar bizim nailiyyətlərimizi tanıyır. Bu yaxınlarda Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatı qlobal rəqabət qabiliyyətliliyinə görə 38-ci yeri tutmuşdur. Beləliklə, bu, iqtisadi islahatların göstəricisidir”.

PREZİDENTƏ MƏKTUBU NECƏ YAZMALI...

“Yeni Müsavat”: Elə gün olmur ki, qəzet redaksiyalarının qapısını şikayətçilər döyməsin. Hamısı da bənzər müraciətlə: “Prezidentə şikayətim var, onu işıqlandırın...” Dünyanın hansısa ölkəsində belə hal varmı-yoxmu, bilmirik, amma absurd mənzərədir. Ölkədə bəs deyincə dövlət qurumu, vətəndaşın şikayətinə baxmalı olan səlahiyyətli şəxslər olsa da, insanlar son ümid yeri kimi qəzetlərə gəlirlər. Çox nadir hallarda şikayətçilərin yolu televiziyalara düşür. Buna səbəb sözügedən ünvanda onlara hər hansı yardım edilməməsi, səslərinə qulaq asılmamasıdır.

Qəzet www.prezident.az saytındakı “məktub yaz” bölməsi vasitəsilə elektron məktubun göndərilməsi qaydalarından yazır.

“Amma təcrübə göstərir ki, insanları məktub yazmaqdan çəkindirən məqam bir çox hallarda məlumatsızlıq, internetdən istifadə qaydalarını bilməməkdirsə, bəzən da ehtiyatlılıqdır. Daha öncə təcrübədə prezidentə məktub yazdığı üçün yerlərdəki məmurlar tərəfindən təzyiqə məruz qalan vətəndaşların olması məsələni daha da dramatikləşdirir. Belə ki, insanları o formanı doldurandan, barələrindəki bütün məlumatları açıqlayandan sonra yaşaya biləcəkləri problemlər qorxudur. Amma qəzetə müraciət halında vətəndaşa çatımlılıq, dolayısı ilə “cəzalandırılma ehtimalı” daha da güclənir”.

HÖKUMƏT İKİLİ MÜHASIBATLIĞA QARŞI MÜBARİZƏYƏ BAŞLAYIR

“Bizim Yol” yazır ki, 2015-ci ildə dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) transfertlərin həcmi azalıb. Belə ki, gələn il pensiya fonduna büdcə köçürmələrin həcmi 1,1 milyard manat proqnozlaşdırılır. Cari il üçün isə DSMF-yə dövlət büdcəsindən ayırmaların məbləği 1.142 milyard manat olub. Təqribən 42 milyon manat azalma gözlənilir. DSMF-nin ümumi büdcəsində gələn il üçün artım proqnozlaşdırılır. 2015-ci ildə Fondun büdcəsi 3,056 milyard manat təşkil edəcək ki, bu da cari ilin büdcəsi ilə müqayisədə təqribən 130 milyon manat çoxdur.

Burada əsas diqqət çəkən məqamlardan biri DSMF-yə transfertlər azalırsa, o zaman büdcə artımını necə həyata keçirəcəyidir. Ekspertlər bunun necə baş verə biləcəyini söyləyirlər. Birincisi, gələn il dövlət müəssisələrində çalışanların əməkhaqları artırıla bilər. İkincisi, hökumət kölgə iqtisadiyyatının faizini aşağı salaraq, iqtisadiyyatda leqallaşdırmaya, ikili mühasibatlığın aradan qaldırılmasına gedə bilər.

ETİBAR PİRVERDİYEVDƏN 180 MİLYONLUQ İTKİ

“Azadlıq”: Bu ilin yanvar-sentyabr aylarında 17113,6 milyon kilovatsaat (kVt saat) elektrik enerjisi istehsal olunub. Bunun 94,1 milyon kVt saatı idxal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlak 14473,1, itkilər 2322,6 milyon, ixrac 412,0 kVt saat olub. Ötən ildə isə ümumilikdə 21,5 milyard kilovatsatt elektrik enerjisi istehsal olunub. Bunun təqribən 2,5-3 milyarda yaxını nəqletmədə və paylayıcı şəbəkədə itib, yəni texniki itkiyə gedib.

Ekspert İlham Şaban bildirdi ki, 2005-ci ildən indiyədək Azərbaycanda elektrik enerjisi təsərrüfatına 4 milyard manata yaxın vəsait qoyulub, yeni stansiyalar tikilib. Hesabat verilib ki, tikilən stansiyalar beynəlxalq standartlara cavab verir. Ancaq çox maraqlıdır ki, Avropada SES-lər 180-200 qram şərti yanacaq işlədir, amma Azərbaycanda 280-300 qram işlənilir. Bu isə elektrik enerjisinin maya dəyərinin 1,5 dəfə artmasına gətirib çıxarır. İndi Azərbaycanda elektrik enerjisinin qiyməti Ukraynadan da baha olduğunu deyən ekspert vurğulayıb ki, ümumiyyətlə, MDB dövlətlərində elektrik enerjisinin maya dəyərinə baxsaq görərik ki, idxal ölkəsi olan Belarusla da müqayisə olunmuruq.

Günün bütün mövzuları

XS
SM
MD
LG