Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:09

Rusiyanın Baş Hərbi Prokurorluğu 12 Pskov desantçısının daimi xidmət yerindən kənarda həlak olması faktını təsdiq edib.

-

Rusiyanın Baş Hərbi Prokurorluğu 12 Pskov desantçısının daimi xidmət yerindən kənarda həlak olması faktını təsdiq edib.

Qeyri-rəsmi məlumatlarda onların Ukraynanın şərqində gedən döyüşlərdə həlak olduqları bildirilir.

Prokurorluq desantçılar barədə sözü gedən məlumatı Pskov deputatı, “Yabloko” Partiyasının üzvü Lev Şlosberqin sorğusuna cavab olaraq açıqlayıb.

Hərbi prokurorluq faktın “dövlət sirri” olması ilə əlaqədar müfəssəl məlumat verilməyəcəyini də bildirib.

Rusiyada çıxan populyar “Vedomosti” qəzeti yazır ki, desantçıların ölüm təfərrüatları barədə məlumat heç vaxt açıqlanmaya bilər.

Şlosberq deyib ki, cavabda sadəcə olaraq “daimi dislokasiya yerindən kənarda” yazılıb və dəqiq yer bilərkdən göstərilməyib.

Cavabda həmçinin desantçıların hansı şəraitdə həlak olduqları da açıqlanmır.

Desantçılar Ukraynaya məzuniyyətə gediblər?

Dövlət Dumasının deputatı Dmitri Qudkov bildirib ki, hakimiyyət bu informasiyanın geniş açılmaması üçün əlindən gələni edir.

Bundan əvvəl eyni sorğu ilə priokurorluğa müraciət etmiş Qudkov deyib ki, məktubda bütün hərbçi yerdəyişmələrinin əmrlərə uyğun olaraq həyata keçirildiyi qeyd olunur.

“Əgər desantçıların Ukraynada həlak olduqlarını ehtimal etsək, deməli onlara belə bir qanunsuz əmri veriblər”. Bunları isə insan haqları üzrə prezident şurasının üzvü, “Vətəndaş və ordu” hərəkatının koordinatoru Sergey Krivenko deyib.

Vəkil Ruslan Koblev isə deyir ki, ən önəmlisi hərbçilərin yerdəyişməsinin “məxfi əmrlərə” uyğun baş verməsinin cavab məktubundakı etirafıdır.

Koblevin ehtimalına görə Ukrayna ərazisinə gedən hərbçilərlə kontraktlar ləğv edilib və ya onlar məzuniyyət götürüblər.

Dövlət sirri

“Vedomosti” qəzeti yazır ki, Rusiyada dövlətin və məmurların maraqları insan həyatından və cəmiyyətin öz vətəndaşlarının ölüm səbəblərini bilmək hüququndan üstün tutulur.

Məqalənin şərh hissəsində deyilir ki, “hərbi sirləri müxtəlif vasitələrlə qoruyurlar”.

Məsələn, “Pskovskaya quberniya” qəzetində 76-cı diviziyanın desantçılarının müəmmalı dəfnləri barədə yazmış Şlosberqi döyüblər.

Rusiyada namünasib suallar verən insan haqları fəallarını düşmən təbliğatında ittiham edir və onlara qarşı cinayət işi açırlar.

Namünasib sual verəni döyürlər

Rusiya mətbuatında o vaxt verilən xəbərlərə görə, Şlosberq naməlum şəxslər tərəfindən döyülərək xəstəxanaya düşmüşdü.

Rusiya desantçılarının dəfnləri barədə də ilk dəfə Şlosberqin direktoru olduğu “Pskovskaya quberniya” qəzeti yazmışdı.

Xəbər verilirdi ki, desantçıların dəfn olunduqları qəbirstanlığın yaxınlığında habelə “Dojd” telekanalının müxbiri Vladimir Romenski və “Ruskaya planeta” xəbər portalının nümayəndəsi İlya Vasyunin hücuma məruz qalıblar.

Elə həmin gün naməlum şəxslər Peterburqun “Teleqraf” xəbər agentliyinin baş redaktoru Sergey Kovalçuka basqın ediblər.

Merkel Rusiyaya qarşı sanksiya istəmir

Bu arada Kiyev ölkənin şərqindəki separatçıları bölgəyə “Rusiyadan muzdlular” gətirilməsində ittiham edib.

Berlində Avropa İttifaqının xarici işlər komissarı deyib ki, ittifaqın xarici işlər nazirləri Rusiyaya qarşı yeni cəzalandırıcı sanksiyaları gələn həftə müzakirə edəcəklər.

Lakin Almaniya kansleri Angela Merkel hazırkı mərhələdə Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların qəbulunu istisna edib.

Kansler bunu “Ukraynada qış problemlərinə hazırlıqla və orada atəşkəsin bərqərar edilməsi zərurəti” ilə əlaqələndirib.

Təhlilçilər Merkelin bu sözlərini, onun qış aylarında Avropanın əsas qaz təchizatçısı olan Rusiyanı qıcıqlandırmamaq niyyəti kimi yozublar.

Ukraynanın şərqində qiyamçı qüvvələrin cəmləşməsindən NATO birləşmiş komandanlığının rəhbəri general Philip Breedlove da narahatlıq ifadə edib.

Rusiya Ukraynaya silah-sursat və əsgəri qüvvə göndərməsini inkar etsə də, NATO bunun əksini sübut edən çox sayda dəlillərin olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG