Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Məhkəmə «Hollivud Maykı» və «Kapone» ləqəbləri ilə tanınan Mger Darbinyanı ittihamnamənin 57 bəndi üzrə təqsirli bilib.

-

ABŞ-ın Los-Anceles şəhərində “Erməni qüvvəsi” kimi tanınan kriminal qruplaşmanın başçısı, 39 yaşlı Mger Darbinyan məhkəmənin hökmü ilə 32 il müddətinə azadlıqdan məhrum edilib.

2011-ci ildə bu iş üzrə 90 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdi.

Onlardan 87-si hazırda məhkum edilib, ikisi qaçaq düşüb, biri barədə isə işə xitam verilib.

937 il əvəzinə “cəmi” 32 il

Bir ay davam edən məhkəmə prosesi zamanı “Hollivud Maykı” və “Kapone” ləğəbləri ilə tanınan Darbinyanı ittihamnamənin 57 bəndi üzrə təqsirli bilib.

ABŞ federal prokurorluğunun yaydığı press-relizdə deyilirdi ki, Darbinyan nəzəri baxımdan 973 il müddətinə azadlıqdan məhrum edilməli idi.

Bununla belə iki uşaq atası və “nümunəvi” ailə başçısı Darbinyanın vəkili ona 10 ildən artıq iş verilməməsini istəmişdi.

Meksika mafiyası

BBC-nin ABŞ müxbiri yazır ki, “Erməni qüvvəsi” Amerikanın bir çox etnik kriminal qruplaşmaları kimi mühacirləri yerli xuliqanlardan qorumaq üçün yaradılıb, lakin çox tezliklə 250 nəfərdən ibarət üzvlüyü olan mütəşəkkil cinayətkar qrupa çevrilib.

Bu üzvlərin əksəriyyətinin Rusiyadakı “qanuni oğrularla” sıx bağlı olduqları bildirilir və onlar pul qoparmaq və fırıldaqçılıqdan tutmuş qətllərədək ən müxtəlif cinayətlərin törədilməsində təqsirli biliniblər.

Prokurorlardan biri qeyd edib ki, Darbinyan həbsxanada Meksika mafiyası ilə yaxınlaşıb və hətta onun həbsxana “paxan”larından birinə çevrilib.

Darbinyan və onun şəriki Aram Şaropetrosyan biznesmen Minas Matosyandan 120 min dollar qoparmaqda ittiham ediliblər.

Prokruror bunu da etiraf edib ki, əslində biznesmen Matosyan Şaropetrosyanın bacısına xeyli məbləğdə pul borclu olub, lakin hətta borcun da güclə geri alınması ABŞ qanunlarına görə pul qopardılması hesab edilir.

Cani, yoxsa xeyirxah?

Vəkil Darbinyanı xilas etmək üçün xeyli cidd-cəhd göstərib. O deyib ki, Matosyan borcunu 2009-cu ildən qaytarmasa da, Darbinyan bu işə yalnız bir həftə imiş ki, qoşulubmuş və hətta Şaropetrosyanın borcunu qaytarmaq üçün Matosyana min dollar da pul verib.

Lakin belə görünür ki, canını min dollarla qurtara bilməyəcəyini görən Matosyan 2009-cu ilin sentyabrında Federal Təhqiqatlar Bürosuna (FTB) şikayət edib. Vəkil Severo bildirib ki, onun şikayət ərizəsində Darbinyanın adı çəkilmir.

Bununla belə, münsiflər məhkəməsi Darbinyanı Bank of America, Citibank və başqa bankların müştərilərinin bank rekvizitlərini oğurlamaqda təqsirli bilib.

Vəkil bu dəfə də söz tapıb və deyib kİ, sözügedən banklar müştərilərin pullarını qaytarıblar və bu işdə texniki baxımdan zərərçəkən yoxdur.

Darbinyan həmçinin qanunsuz silah gəzdirməkdə ittiham olunub. Əvvəlki məhkumluqlarına görə onun belə bir hüququ yox imiş.

O, 1998-ci ildə Los Ancelesdə qarət, 2005-ci ildə oğurlanmış kredit kartlarından istifadəyə görə məhkun edilib.

Darbinyanın silahlarını onun başqa bir soydaşı Suren Serobyan gizlədibmiş.

Misilsiz maxinasiya

Lakin Darbinyan və onun cinayətkar qruplaşmasının ən böyük işi bank kartlarından pul oğurlanması üçün terminalların – çekvuran maşınların əldə edilməsi olub.

Onlar sonradan bu terminalları mağazaların həqiqi terminalları ilə əvəz ediblər.

Darbinyanın əlaltıları hesablayıcı cihazları supermarketlərin terminallarında yerləşdirməklə amerikalıların bank hesablarına giriş əldə edirmişlər.

Bundan sonra qrup üzvləri öz terminallarını götürür və həqiqi terminalları yerinə qoyurmuşlar. Bu müddət ərzində bank kartlarının bütün məlumatları hesablama qurğularına köçürülmüş olurdu. Bundan sonra fırıldaqçılar əsl kartların surətlərini əldə edir və bankomatlardan özgələrinin pullarını çıxarırımışlar.

Baxçayan da Darbinyan kimi...

Mətbuat yazır ki, rusiyalı Viktor But kimi Darbinyan da “yenicə aşkar olunmuş dəlillərlə əlaqədar” yeni məhkəmə prosesi tələb edirdi.

“Yeni dəlillər” isə ondan ibarət imiş ki, Darbinyanın dostlarından Andranik Baxçayan həbsxanada and içərək imzaladığı ifadədə Mgerin bütün bu terminal işlərindən əsla xəbəri olmadığını yazıb.

Lakin prokurorlar bildiriblər ki, Baxçayan da Darbinyan kimi peşəkar fırıldaqçıdır və onun andlı sözü yeni bir məhkəmə üçün əsas sayıla bilməz.

Hakim prokurorlarla razılaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG