Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:42

«Başçının adamları öz hesabımıza düzəltdiyimiz şəraiti alt-üst edirlər»


Arxiv fotosu
Arxiv fotosu

-

“Axı mənə nə gərək idi ki, evimə xərc çəkib kanalizasiya xətti çəkdirəm? Bunların hamısını məcburiyytədən etmişdik. Ayaqyoluya gedəndə su tapmırıq. İcra başçısı adam yolladı, gəlib kanalizasiya xəttini dağıtdılar, öz hesabıma tikdirdiyim su hovuzunu və evə çəkdirdiyim su xətlərini qırıb töküb getdilər. Adamlar öz hesablarına şərait qururlar, başçı adamlarını yollayır, gəlib dağıdıb gedirlər”.

"BORC-XƏRCLƏ DÜZƏLTDİYİMİZİ BİR SAATDA DAĞITDILAR"

Salyanın 20 yanvar küçəsindəki 114 saylı mənzilində yaşayan Rafiq Əliyev AzadlıqRadiosunun “Qaynar xətt”inə rayon məmurlarından şikayət edir.

Deməsinə görə,yaşadığı binada kommunal şərait olmadığından qonşularla yığışıb həyətdə hovuz tikiblər. Binaya kanalizasiya xətti və hovuzdan su çəkiblər. Binanı necə deyərlər, yenicə ağ günə çıxarıblar ki, bu il sentyabrın 29-da icra başçısı işçilərini yollayaraq hovuzu sokdürüb, xətləri ləğv etdirib:

"Borca-xərcə düşdüm ki, ailəmin rahatlığını təmin edim. Məmurların görməli olduqları işi özümüz gördük. Binada nə qaz, nə su, nə kanalizasiya... heç nə yoxdur. Həyatımızı təhlükəyə atıb qaz balonu işlədirik. Gördük ki, hökumət düzəltməyəcək, məcbur qalıb özümüz qollarımızı çırmaladıq".

Qonşular da eyni vəziyyətlə üz-üzə qalıblar. evlərinə çəkdirdikləri kanalizasiya və su xətləri bir saatın içərisində icra hakimiyyətinin işçiləri tərəfindən kəsilib.

Şikayətçi:

"Nə pis iş görmüşdük ki? Kanalizasiya yoxdur, natəmizlik, antigigiyena baş alıb gedir binada. qarşısını almaq istəyirdik. İndi ayaqyoluya gedəndə bir ovuc su tapmırıq. Bir tərəfdən susuzluq, bir tərəfdən kanalizasiyanın olmaması... Vəziyyətimizi bir anlıq təsəvvür edin və halımıza acıyın. Görün insanları necə sındırırlar".

"PAPAQLARINI GÖYƏ ATSINLAR Kİ, VƏTƏNDAŞ BOĞAZLARINDAN SALLANMAYIB"

Salyan rayon icra hakimiyyətindən isə bildirdilər ki, qeyd olunan binanın sakinləri binanın qarşısındakı ərazini hissə-hissə zəbt edərək özləri üçün çəpərləyib həyətyanı sahəyə çeviriblər. İcra hakimiyyətinin işçiləri də çəpərləri söküblər. Həyətdəki hovuzun tikintisi və binaya çəkilən su, kanalizasiya xətləri təhlükəli olduğuna görə gələcəkdə baş verə biləcək qəzaların qarşısını almaq üçün ləğv ediblər.

Rafiq Əliyev isə deyir:

"Təkcə mənim götürdüyüm sahənin çəpərini söküblər. Başqa qonşuların çəpərləri yerindədir. Məni aldatdılar ki, Qurban Bayramından sonra gəlib onları da sökəcəklər. Gəlmədilər. Qanun hamı üçündürsə nəyə görə ayrıseçkilik edirlər? O ki qaldı çəkdiyimiz xətlərə, biz icra hakimiyyətinin görməli olduğu işi görmüşük. Hökumət papağını göyə atmalıdır ki, vətəndaş öz hesabına şəraitini düzəldir, gəlib onun boğazından sallanmır. Bunlarsa vətəndaşın düzəltdiyi şəraiti də dağıdırlar".

İcra hakimiyyətindən bildiriblər ki, yaxın vaxtlarda binanın kommunal vəziyyətinə baxış keçiriləcək və tədbir görüləcək.

XS
SM
MD
LG