Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:38

«Küdrü qartalları»nın keçmiş komandiri 3 dövlət orqanını məhkəməyə verib...


II qrup Qarabağ əlili Tariel Şirinli
II qrup Qarabağ əlili Tariel Şirinli

-

İmişli şəhərində yaşayan II qrup Qarabağ əlili Tariel Şirinli 3 dövlət qurumunu məhkəməyə verib: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, İmişli rayon İcra Hakimiyyətini və İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzini. Bu barədə AzadlıqRadiosuna vətəndaş özü məlumat verib. Onun bildirdiyinə görə, iddiaya səbəb «müraciətlərinə qanunla müəyyən olunmuş qaydada və müddətdə cavab verilməməsi», «yazılı formada sorğu edilmiş məlumatların təqdim edilməməsi» olub.

«MÜRACİƏTİMƏ CAVAB VERMƏDİLƏR»

Tariel Şirinli bildirir ki, «Küdrü qartalları» könüllülər dəstəsi yaradaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Bu yolda sağlamlığını itirib. Keçmiş döyüşçünü narazı salan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet səhifəsində açıqlanan, İmişli Rayon İcra Hakimiyyətinin təqdim etdiyi «mənzil növbəsinə dayanan şəhid ailələri, Qarabağ müharibəsi və hərbi xidmət əlilləri barədə məlumat» olub.

AzadlıqRadiosuna ötən müraciətində Tariel Şirinli İmişli RİH-in mənzil növbəsində dayananlarla bağlı təqdim etdiyi siyahıya düşmədiyini, əvəzində bu kateqoriyadan olmayan şəxslərin adlarının daxil edildiyini bildirmişdi. Bundan sonra o, İmişli RİH-ə, ƏƏSMN-ə davamlı olaraq müraciətlər edib, ayrı-ayrı vəzifəli şəxslərin qəbulunda olub, ona cavab verilməməsindən İnsan Hüquqları üzrə Müvəkkilə şikayət ünvanlayıb:

«Bütün bu səylərimin nəticə vermədiyini görüb məhkəməyə üz tutdum. Hazırda 1 saylı Bakı və Şirvan inzibati-iqtisad məhkəmələrində adları çəkilən bu orqanlara qarşı iddia qaldırmışam. Məhkəmədən xahişim budur ki, onları cavab verməyə məcbur edən qətnamə qəbul etsin».

[Yazının davamı videodan sonra]

«ƏGƏR BU MƏLUMATLAR «ŞƏXSİ HƏYAT SİRRİ»NƏ AİDDİRSƏ, NAZİRLİK NİYƏ ONLARI SAYTA QOYUB?»

Şirvan İnzibati-İqtisad Məhkəməsi Tariel Şirinlinin daha bir ərizəsini icraata götürüb. Bu dəfə vətəndaş İmişli rayonu üzrə ƏSMM-ə qarşı «yazılı formada sorğu edilmiş məlumatların verilməsi» tələbi irəli sürdüyünü deyir:

«ƏƏSMN-in rəsmi internet səhifəsində yerləşdirilən, indiyədək dövlət hesabına müavinətlə, təqaüdlə, mənzillə, maşınla təmin olunmuş imtiyazlı şəxslər barədə məlumatları nəzərdən keçirəndə, burada da xeyli şübhəli məqamlara rast gəldim. Siyahıda adları qeyd olunan bəzi şəxslərin «şəhid ailəsi üzvü» kimi təqdim olunmağı məni təəccübləndirdi.

Məlum olduğu kimi, «şəhid» adı «Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən...» şəxslərə verilir. Hərbi əməliyyatlar zamanı həlak olmayanların adına qanunsuz yolla bu statusu almış şəxslər, onlar üçün nəzərdə tutulan imtiyazlardan gen-bol istifadə edirlər.

Anar Əliyev
Anar Əliyev

İctimai vəsaitə sərəncam verən İmişli ƏSMM bu faktları araşdırmaqda, sui-istifadə hallarına yol verilib-verilməməsini öyrənməkdə maraqlı olmalı idi. Lakin ƏSMM mənə cavabında bu məlumatları «şəxsi həyat sirri»nə aid edib. Mən o şəxslər barədə soruşmuşam ki, adları ƏƏSMN-in internet səhifəsində «Sosial müavinətlər və təqaüdlər təyin olunmuş ailələrin siyahısı»na düşüb. Əgər şəxsi həyat sirridirsə, nazirlik onların adlarını niyə açıqlayıb?»

«BİZ İNFORMASİYANIN SAHİBİ, QANUNSUZ İMTİYAZ ƏLDƏ ETMƏ İLƏ BAĞLI İDDİANI ARAŞDIRAN ORQAN DEYİLİK»

AzadlıqRadiosunun sorğusunu cavablandıran İmişli ƏSMM-in direktoru Anar Əliyev Tariel Şirinlinin onlara qarşı iddiasını əsassız hesab edir:

«Mərkəz təqdim olunan sənədlər əsasında imtiyazlı şəxslərə və onların ailə üzvlərinə qanunvericilikdə nəzərdə tutulan qaydada müavinət və təqaüd ödəyir. Bəzi şəxslərə «şəhid» adı ölümündən sonra məhkəmə qərarı ilə verilib. Tariel Şirinli bizdən ayrı-ayrı şəxslərlə bağlı məhkəmə qərarlarını istəyir. Biz yalnız ƏSMM tərəfindən qəbul edilən qərarları kiməsə verə, onların qanuniliyini mübahisələndirilərkən tərəf ola bilərik. Başqa orqanların qəbul etdiyi, ayrı-ayrı vətəndaşlar tərəfindən təqdim olunan məlumatlar digər şəxslərə ötürülə bilməz. Əgər Tariel Şirinli qanunsuz olaraq imtiyaz əldə etmə ilə bağlı faktlara malikdirsə, bunu digər orqanlar qarşısında qaldıra və onun araşdırılmasına nail ola bilər».

XS
SM
MD
LG