Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:13

800 neftçiyə «qara kağız» gəldi


Neftçi
Neftçi

-

Dövlət Neft Şirkətinin idarə və zavodlarında ixtisarlarla bağlı işçilərə bildirişlər paylanıb. Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının hüquqşünası Azər Quliyev məlumat verib.

A.Quliyevin sözlərinə görə, son vaxtlar təmsil olunduğu təşkilata müraciətlər artıb:

"Yeni ildən kütləvi ixtisarlar olacaq. Artıq Neft Emalı Zavodunda, “Neftqaztikintitresti”də işçilərə xəbərdarlıq bildirişləri paylanıb. İlkin olaraq zavod və digər müəssisələrdən 800 işçi ixtisara salınacaq. İxtisarlar gələn ildən aparılacaq”.

Hüquqşünas dedi ki, xərclərin azadılması üçün ixtisarların aparılması vacibdir. Lakin ixtisarlar aparılarkən peşəkarlıq səviyyəsinin nəzərə alınmaması narazılıq yaradır:

“İxtisarlar aparılarkən peşəkarlıq, ixtisas amili nəzərə alınmalıdır. Bundan əlavə, Əmək Məcəlləsinin tələblərinə görə, hamilə qadınlar, 3 yaşınadək uşaqları olan qadınlar, müharibə əlilləri və digər güzəştləri olanlar ixtisara salına bilməz. Amma müharibə əlilləri işdən çıxarılır, ixtisas sahiblərinin əvəzinə qeyri-ixtisas sahibləri işləyir. Bizi narahat edən digər məsələ isə ixtisarlar aparıldığı halda işçilərin sayı ilə bağlı statistikanın azalmamasıdır. Belə çıxır ki, işdən çıxarılan işçilərin əvəzinə yeniləri işə götürülür”.

QIRMIZI XAÇ KOMİTƏSİNİN RƏSMİSİNDƏN GİROVLAR AÇIQLAMASI

Kəlbəcərdə girov götürülmüş, hazırda Xankəndində mühakimə edilən Dilqəm ƏsgərovŞahbaz Quliyevlə bağlı qondarma “məhkəmə prosesi” davam etdirilir. İndiyə qədər bir çox beynəlxalq təşkilatlara girovların qanunsuz mühakimə edilməsi, beş aya yaxındır cinayətkar rejim tərəfindən işgəncələrə məruz qoyulması barədə müraciətlər olsa da, hələlik heç bir nəticəsi yoxdur. “Yeni Müsavat” qəzeti Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova ilə müsahibə dərc edib:

- Girovlara işgəncə verildiyi, normal qidalana bilmədikləri barədə məlumatlar və zahiri əlamətləri də işgəncələrin, ciddi psixoloji təhdidlərin olduğuna şübhə yeri qoymur. Siz bu barədə nə deyə biləsiniz?

- BQXK saxlanılan şəxslərə baş çəkir. Başçəkmə zamanı məqsəd saxlanma şəraitinin monitorinqidir və onlarla ailələrinin əlaqəsini təmin etməkdir. Qızıl Xaç Komitəsi başçəkmə zamanı gördüklərini ictimaiyyətə açıqlamır. Amma orasını da deyim ki, komitə üzvləri saxlanılan şəxslərlə təkbətək görüşür və gördüklərini lazımi orqanlarla müzakirə edir.

- Kəlbəcər sakinlərinin yaxın günlərdə sərbəst buraxılması nə dərəcədə realdır?

- Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatına görə komitə saxlanılan şəxsi saxlayan tərəf razılıq verdikdə, digər tərəf qəbul etməyə razılaşdıqda neytral vasitəçi olaraq bu əməliyyatda iştirak edir.

XƏSTƏ MƏHBUSLAR HARADA SAXLANILMALIDIR?

“Azadlıq” qəzeti səhhətlərindəki problemlərə görə məhbuslar və ya təqsirləndirilən şəxslər barəsində hansı yüngülləşdirici tədbirlərin görülməsinin mümkünlüyünü araşdırıb. Hüquqşünas Müzəffər Baxışov bildirib ki, əgər bu şəxslərin səhhəti ilə əlaqədar olaraq həbsdə saxlanılmasının mümkünsüz olduğu müəyyən edilsə, bu barədə tibbi rəy olsa, həbs cəzası dəyişdirilə bilər.

Hüquq müdafiəçiləri İntiqam Əliyev və Leyla Yunus
Hüquq müdafiəçiləri İntiqam Əliyev və Leyla Yunus

M.Baxışovun sözlərinə görə, Cinayət Prosesual Məcəllənin 157.8-ci maddəsinə görə, müstəntiq və ya prosesə rəhbərlik etmiş prokuror məhkəmənin seçdiyi həbs tədbirinin tətbiqi ilə bağlı xitam verə bilərlər:

"Siyasi məhbusların ağır xəstəliyi ilə bağlı tibbi rəy olsa, belə halda onların barəsində həbs qətimkan tədbirinə xitam verilməsi barədə qərar qəbul olunmalıdır. Amma hamı bilir ki, Leyla Yunus və İntiqam Əliyev siyasi hakimiyyətin sifarişi ilə həbs olunub. Azərbaycanda elə bir müstəntiq, prokuror tapmaq mümkün deyil ki, onlar siyasi məhbusların səhhəti ilə bağlı həbs qərarına xitam versinlər. Çünki prokurorlar, müstəntiqlər yaxşı bilirlər ki, istər Leyla Yunus, istər İntiqam Əliyev və ya istər digər siyasi məhbuslar olsun onlar siyasi hakimiyyətin göstərişi ilə qeyri-qanuni həbs ediliblər. Ona görə də onlar barəsində belə bir tədbir görülməyəcək".

BAKIDA MAŞINLARIN ÖLÜXANASI

ANS PRESS "maşın qəbiristanlığı"ndan reportaj dərc edib.

“Ölkədə istismar olunan avtomobillərin istehsal ili də vaxt keçdikcə köhnəlir. Bununla da köhnəlmiş avtomobillər sıradan çıxır və iş o həddə gəlib çatır ki, maşın sahibi dörd çarxlı dostunu su qiymətinə satmağa məcbur olur. Bazarı araşdıran ekspertlər vəziyyətdən çıxış yolu üçün bir neçə təkliflə çıxış edirlər. ANS PRESS-ə açıqlama verən mütəxəssis Ramin Osmanlı hazırda ili köhnə avtomobillərin sürətlə artdığını deyir. Mütəxəssis təklif edir ki, avtomobillər utilizasiya olunmalıdır və yaxud maşın sahibinə kompensasiya verilməlidir. Bu vasitə ilə həmin avtomobillər geri alına bilər və onların sonrakı taleyinə hökumət qərar verər:

"Hesab edirəm ki, Azərbaycanda avtomobil istehsalı o qədər böyük deyil ki, avtomobil istehsalçıları bu qədər maşını qəbul edə bilsin. Ona görə də ola bilər ki, maşın "metallom"a göndərilsin və ya utilizasiya olunsun. Yəni həmin avtomobilləri istismardan çıxarılaraq alternativ sənaye sahələrində istifadəsini həyata keçirmək olar".

XS
SM
MD
LG