Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:58

Britaniya Avropa ədliyyə sistemində iştirakına yenidən baxır


Avropa Birliyi/AB

Avropa Birliyi/AB

-

Bazar ertəsi axşam Britaniya parlamenti ölkənin Avropa İttifaqı ədliyyə sisteminin cinayət axtarışına və polisə aid 35 direktivinə yenidən qoşulmaq qərarına səs verib.

Britaniya hələ 2013-cü ildə Aİ ədliyyə sisteminin 133 direktivindən çıxmaq qərarı vermişdi.

Bu qərar dekabrın 1-dən qüvvəyə minəcək.

Məhz buna görə də parlament dekabrın 1-dək ölkənin sözügedən direktivlərdən 35-nə yenidən qoşulması barədə qərarı səsə qoymalı idi.

Beləliklə, Britaniya Avropa ədliyyəsinin 98 direktivini tərk edib.

Vahid həbs məkanı

Avropa İttifaqı ərazisində vahid həbs orderi barədə sərəncamın ayrıca səsə qoyulmaması millət vəkilləri arasında çaşqınlığa səbəb olub.

Vahid həbs orderi direktivi Aİ ölkələri arasında cinayət şübhəlilərinin ekstradisiyasını tənzimləyir.

Britaniyanın daxili işlər naziri Theresa May bildirib ki, Aİ-nin ədliyyəyə aid yalnız 11 direktivinin Britaniya qanunlarına daxil edilməsinə ehtiyac var, lakin 35 direktiv paket halında səsə qoyulur.

Mühafizəkarlar Partiyasından olan bir çox millət vəkilləri Aİ vahid həbs orderi direktivinin ayrıca səsə qoyulmasına çalışrıdlar.

Assange-ın bəxti açılmadı

Hökumət ölkənin bu sistemdən çıxması, habelə Britaniya prokurorlarının Brüsseldən asılılığının ləğv edilməsi təşəbbüsündə bulunmuşdu.

Britaniya polisi hökuməti Avropa İttifaqının həbs orderi məkanından çıxmamağa çağırmışdı.

Ölkə polisinin rəhbəri Tony Lloyd bildirmişdi ki, Avropa İttifaqının başqa ölkələrindən təkçə Mançester şəhərində zorlama, silahlı quldurluq və insan qaçaqmalçılığı kimi ittihamlarla axtarışda olan 30 şübhəli var. Başqa sözlərlə, Britaniya order məkanından çıxsa, çox sayda şübhəli ölkənin boynunda qala bilərdi.

Britaniyanın vahid həbs orderi məkanından çıxması Wikileaks saytının banisi Julian Assange-a da rahatlıq gətirəcəkdi.

Hazırda o, Londondakı Ekvador səfirliyinə sığınıb və oranı tərk edərsə, İsveçə ekstradisiya olunacaq.

London Brüsseldən qırılmaq niyyətindədir

Beləliklə, Britaniya Avropa İttifaqı ilə bağlarını boşaltmaq xəttini davam etdirir.

Elə bazar ertəsi etdiyi çıxışında baş nazir David Cameron bəyan edib ki, sadəcə üzvlük naminə, nə baş verirsə versin, Britaniya heç bir vəchlə Avropa İttifaqının tərkibində qala bilməz.

Ana müxalifət partiyası olan leyboristlər bu bəyanatla bağlı narahatlıq ifadə ediblər.

Onlar deyirlər ki, Britaniyanın Avropa İttifaqında qalıb-qalmaması məsələsinin gündəmə gətirilməsi və bu istiqamətdə ümumxalq referendumu təklifi bizneslər üçün qeyri-müəyyənlik yaradacaq.

Avropaya üzvlük referendumu 2017-də olacaq

Bir sıra şərhçilər bildirirlər ki, baş nazirin belə radikal bəyanatları son vaxtlar hakim mühafizəkarlar partiyasından bir sıra siyasətçilərin ifrat millətçi Müstəqillik Partiyasının (UKİP – United Kingdom İndependence Party) düşərgəsinə keçməsi ilə bağlıdır.

Analitiklərin fikrincə, cənab Cameron bu bəyanatı ilə UKİP-in başlıca silahını – Britaniyanın Avropa İttifaqından asılılığını ləğv etmək çağırışını onun əlindən almaq məqsədi güdür.

Bununla belə, baş nazir vəd edib ki, 2017-ci ildə Britaniyanın Avropa İttifaqına üzvlüyü barədə referendumundan əvvəl London Brüssellə münasibətlərini bir daha saf-çürük edəcək.

Cameron: Avropa Britaniyaya sərf eləmir

Müxalif Leyborist Partiyasının lideri Ed Miliband biznes liderləri ilə görüşündə bildirib ki, Britaniyanın Avropa İttifaqından çıxması milyonlarla iş yerinin gələcəyini sual altında qoya bilər.

Lakin elə həmin tədbirdə çıxış edən Cameron deyib ki, Avropanın gələcəyi barədə debatın olduğunu inkar etmək ən pis çıxış yoludur.

Baş nazir deyib ki, hazırda Britaniya ilə Aİ arasında münasibətlər Birləşmiş Krallığın maraqlarını lazımınca təmin etmir.

David Cameron deyib ki, mühafizəkarların hakimiyyətinin iki ili ərzində ölkəyə investisiya axınının artması Londonun Brüsselsiz də keçinə biləcəyini isbat edir.

Öz növbəsində müxalifət biznes rəhbərlərini ölkənin Aİ-dən ayrılacağı təqdirdə 500 milyon əhalisi olan ümumi bazarın əldən çıxacağı ilə ehtiyatlandırmağa çalışır.

Leyborist Partiyasının lideri bildirib ki, o baş nazir olarsa, heç vaxt Britaniya biznesini, Britaniyada iş yerlərini və Britaniya firavanlığını Avropadan ayrılmaqla riskə qoymayacaq.

Britaniyada mühafizəkarlar hakimiyyətə gələndən bəri Londonun Brüssellə münasibətləri xeyli gərginləşib.

Avropa İttifaqının təməlini təşkil edən elə bir sahə yoxdur ki, London onu sual altına almasın.

Mühacir axınına qarşı

Məsələn, ölkəyə mühacir axınına son qoyulması cəhdləri Avropanın başqa paytaxtlarında narazalıq yaradır.

Cameron hökuməti bir neçə məqamda bildirib ki, ölkəyə mühacirlərin gəlişinə ciddi kvota qoyulacaq.

Təhlilçilər bildirilər ki, Avropa İttifaqının şərqdən olan yeni üzvlərindən mühacir axını əsasən Britaniyaya gəlir, çünki burada sosial təminat işi yüksək səviyyədə qurulub.

Britaniyada səhiyyə və orta təhsilin də pulsuz olması ölkəni mühacirlər üçün cazibədar edir.

Almaniya zirək tərpənmişdi

2004-cü ildə Avropa İttifaqı Şərqi Avropadan olan üzvlərin hesabına genişlənərkən Almaniya cəld tərpənərək mühacir qəbuluna beş illik moratorium qoymuşdu.

Almaniyadan fərqli olaraq Britaniyanın o vaxtkı leyborist hökuməti ölkənin qapılarını taybatay açıq buraxdı.

Nəticədə Şərqi Avropadan olan mühacirlərin əksəriyyəti Britaniyaya axdı.

Bir sıra radikal təhlilçilər iddia edirdilər ki, mühacirət axını leyboristlərə sərf edirdi, çünki ölkədə məskunlaşan mühacirlər bir neçə ildən sonra vətəndaşlıq əldə edir və leyboristlərin elektoratına çevrilirdilər.

Hazırda bütün Qərbi Avropada mühacirətə münasibət mənfiyə doğru meyllənib.

Britaniya rəy sorğularında leyboristlərin geriləməsi bununla da bağlı ola bilər.

Britaniya hökuməti həmçinin ölkənin Avropa İnsan Haqları Konvensiyasından çıxa biləcəyi barədə dəfələrlə xəbərdarlıq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG