Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:03

Mars Proyekti: Yeni Tanrılar (Hekayə)


-

... Dördümüz də atəş açırıq. Pələng kül olur.

Sevinməyə macal tapmamış bütün bədənimin işıqlandığını görürəm.

Getdikcə gurlaşan işığa heyrətlə baxıb “Nə baş verir? Bizə nə olur?” - deyirəm, lakin cavab yoxdu.

Novruz Novruzov

MARS PROYEKTİ: YENİ TANRILAR

(Fantastika janrında hekayə)

Gəmimiz gurultuyla yerə enir.

Hamımız təəccüblə sevinc arasındayıq, çünki gəmini bu qədər asan endirə biləcəyimizdən heç kim əmin deyildi. Elə hamının sağ qalacağından da.

Gəmi tısıldayır,ardıycan yaranan ölüm səssizliyini gəminin zədələndiyini bildirən bib-bib-bib siqnalı pozmağa başlayır. Gözüm sağ tərəfdəki yarığa və ordan içəri sızan tüstüyə qaçır.

Dördümüz də tərəddüd edirik əvvəlcə, amma sonra ilk olaraq mən açıram oksigen maskamı.

Bəlkə bura Yer kürəsi deyil, onda necə? Sonra Kayla, ardıycansa Simon və Lena açır maskalarını. Yavaş- yavaş nəfəs almağa başlayıb, bir- birimizə baxıb gülürük. Lena hələ də qorxaraq nəfəs alır və oksigen maskasını saatın vurmağını gözləyən kavboy kimi tətikdə saxlayaraq zəhərli hava axınını gözləyir.

“Bacardıq. Evdəyik” deyirəm, amma sözlərimə heç özüm də inana bilmirəm.

“Əminsən? Bu, gəminin içində qalan oksigen də ola bilər, bayırdan tüstü çıxır, amma, deyəsən, qəzaya görədi” - deyir Simon tərəddüdlə.

“Hə, bu gözəlçə çox əziyyət çəkdi və ölməyinin vaxtı çoxdan çatıb” deyirəm, yenə hamı gülür. Bir yandan da nifrətlə gəmiyə baxıb təhlükəsizlik kəmərimdən xilas oluram. “Oh”

Gəminin qapısı tısıltıynan açılır. Ard-arda, yam-yaşıl otların üstünə tullanırıq. Hər tərəf yaşıllıqdı. Düz qarşımızda enligövdəli və uzun ağaclardan ibarət sıx meşə var. Otlar dizlərimizə qədər gəlir və zəif külək bu ot dənizini dalğalandırır. Burda nəsə düz deyilmiş kimi bir düşüncə keçir beynimdən.

“Koordinantları düz yığmışdın? Biz hara gəlib çıxmışıq, Afrikaya?” - dedim Kaylaya.

“Hə, düz yığdığıma əminəm. Bura yer kürəsidi. Günəş orbitində belə planet olmadığını hamımız bilirik” - deyir Kayla. Sonra əmin olmaqçün holoqrafik planşetini çıxarıb yenə yoxlayır.

“Narahat olmayın, bir azdan bura kameralarla dolu olacaq, əminəm ki, NASA gəmiləri yoldadı” - deyib üst-başına baxır Simon. Elə bil kostyumlarımız ləkə tuta bilərdi. “Dünya bizdən danışacaq, uşaqlar, şənlənin bir az”

Hamı Kaylaya, Kayla isə planşetə baxır. “Uşaqlar, bir problem var” deyir. “Biz düz koordinantları yığdığım yerə düşmüşük. Fikrimcə, ora bizim raketin qalxdığı yer idi” əliylə yaşıl yamaclı dağları göstərir.

“Nə? Ağlın çaşıb? Bizim stansiya səhranın ortasındaydı, burasa az qala cəngəllikdi” - deyir Lena həyəcanla.

Heç kim heç nə demir, çünki bu, doğru idi.

Düz 1 il 3 ay əvvəl Mars Proyektinə əsasən Yer kürəsindən 4 nəfər Marsa uçduq. Mən, Kayla, Simon və Lena. Başlanğıcda elə həyəcanlı, elə maraqlıydı ki. Seçimlərə qatılanda özüm haqda ümidsiz bir CV hazırlamışdım. Seçiləndə inana bilməmişdim və 2020- ci ildə bizi NASA-ya gətirib 3 il praktika keçdikləri müddətdə də inanmadım. Ta ki 01.05.2023-cü ildə xüsusi hazırlanmış kosmik geyimimi geyinib gəmiyə minənə kimi.

Altı ay dayanmadan uçandan sonra qırmızı planetə ayaq basmaq elə həyəcanlıydı ki. Bizim üçün hazırlanan xüsusi kupelərdə bunu şampanla qeyd etmişdik. Bir növ yorğunluğumuzu aldıqdan sonra bizə verilən ərazi çərçivəsində kameralı robotların müşayiətiylə gəzintiyə çıxdıq. Hər gün ayrı- ayrı yerlərə gedirdik. Belə səfərlərin birində insan kəllələri tapdıq. Robotlar şəkillərini çəkməyə başladı. Kəllələri ehtiyatla qazıb çıxardıq. Xüsusi qablara yerləşdirib stansiyaya apardıq, amma o gündən bu yana dünya ilə əlaqəmiz itdi. Bir ay əlaqənin bərpasını gözlədik. Heç nə olmayanda “Bizi də tapdığımız dörd nəfərin aqibəti gözləyir” deyib ümidsizliyə qapıldıq.

Sonra bir gün qayıtmaq gəldi ağlımıza. Düzdü, gəmimizin qayıtmama ehtimalı olduğunu razılaşma protokolunun qırmızı qələmlə yazılmış 2.1 bəndində hamımız imzalamışdıq, amma bu, sadəcə uğursuz eniş zamanı ola bilərdi, bizim gəmimizsə uğurlu eniş etmişdi.

Təxminən bir aydan da az bir müddətə gəmini yenə yararlı vəziyyətə gətirdik. Kayla koordinantları yığdıqdan sonra yenə altı aylıq uçuşa başladıq.

Və indi burdayıq, amma sanki nəsə düzgün deyil. Bu meşə, hündür ağaclar, qəribə formalı göbələklər, hətta az əvvəl gördüyümüz əl boyda uçan arılar.

“Bəlkə zamanda itib-batmışıq. Nə bilim, dünya biz olmayan vaxt məhv olub, təzədən yaranıb?” - dedi Simon.

Elə bu an qarşımıza iki uşaq çıxır. Üst-başları toz-torpaq, özləriysə tamamilə lüt. Hardasa 6-7 yaşları olar. Hər ikisinin uzun, çirkli saçları, zəif bədənləri, yaşıl gözləri var. Bir az onlar bizə, biz də onlara baxdıqdan sonra qabağa yeriyirəm. Oğlan və arxasındakı qız məni diqqətlə süzür və ikisinin də gözü sinəmdə yazılan adıma dikilib:

E. Lusius

Mənimsə gözlərim onların qabırğalarına yapışmış dərilərində qalıb. Elə bu an oğlanın qarnı quruldayır və ac olduqlarını anlayıram. Belimdəki kiçik çantadan “kub vita-mineral” deyilən yeməkdən çıxarıb onlara uzadıram. Çəkinərək alıb iylədikdən sonra acgözlüklə hərəsi birini atır ağzına.

“Onları sovurmaq daha məsləhətlidi” - deyir Simon arxamdan.

Onlara “Bu sizə 1 həftə bəs edər” deyirəm, amma heç nə anlamayıb çantama baxırlar.

“Onlarla nə edək? Bəlkə başa salsaq bizi burdan çıxara bilərlər?” - deyir Lena.

“Onların özünün köməyə ehtiyacı var, görmürsən.”

Elə bu an sıx ağaclar arasından bir pələng çıxır. Sadəcə, üstündəki zolaqlardan pələngə oxşayır, qalan yerləri yunludu və köpək dişləri xeyli uzundu. Bizi görüb xırıldamağa başlayır və gözü uşaqları tutur.

“Silahlarınız yanınızdadı?” - soruşuram. Əl quruluşumuza görə hazırlanmış bu silahlar yadplanetlilərə görə qoyulmuşdu yanımıza. Düzü, praktikadan sonra heç işlətməmişdim və pələngin gəlməyi yerinə düşmüşdü. Pələng xırıltıyla üstümüzə qaçanda dördümüz də atəş açırıq. Pələng kül olur.

Sevinməyə macal tapmamış bütün bədənimin işıqlandığını görürəm. Getdikcə gurlaşan işığa heyrətlə baxıb “Nə baş verir? Bizə nə olur?” - deyirəm, lakin cavab yoxdu. Yoldaşlarıma baxıram, gözlərim qamaşır. Sonra öz əllərimə baxıram və getdikcə artan gur işığın içində itib-batdığımı görürəm.

***

“Bu nədir?” - deyir Başçı. Böyük ekranda Yer kürəsinə yaxınlaşan gəmini göstərirlər.

“Cənab, bu, axırıncı sivilizasiyanın Marsa göndərdiyi gəmidi. Belə görünür ki gəmini təmir edə biliblər” - deyir nizamlayıcı.

“Niyə əlaqələrini kəsəndən sonra nə elədiklərinə baxmadız?” - deyə hirslənir Başçı.

“Bağışlayın, amma bu ilkdir. Keçən dəfələrdə qayıda bilməmişdilər. Başımız yeni qurulan dünyaya qarışıb, elə bildik ki keçən dəfəki kimi qayıda bilməyəcəklər.”

Başçı təmkinlə nəfəs alıb əllərini belində birləşdirib ekrana baxır. “Hmmm. Deməli, onlar getdikcə inkşaf edirlər.”

“Başçı istəsə, onları indicə məhv edərəm.” - deyir nizamlayıcı.

“Yox. Qoy bu dəfə belə olsun”

Ekranda 4 kosmonavtın enməyi və bir-biriylə danışmağı görünür. Az sonra onlar yeni sivilizasiyanın ilk uşaqlarıyla qarşılaşılar.

“Cənab, buna icazə verirsiz?” - deyir nizamlayıcılardan biri.

Bir anlıq fikrə gedən prezident “Qoy görüşsünlər” - deyib maraqla ekrana baxır.

Lusius uşaqlara yemək vermək istəyəndə nizamlayıcı bir də başçıya baxır, başçı icazə verir.

“Cənab, uşaqlar oların adlarını gördü. Onlar bu işarələri unutmayacaqlar, xüsusilə də Lusius adını. Belə də qalsın?”

“Qalsın. Hətta bu dəfə bütün dünya eyni dildə danışsın, görək onda nə olacaq. Bəlkə bir-birini başa düşdülər.”

“Cənab, təhlükə var. Yırtıcı K11 onlara yaxınlaşır. Nə edək?” soruşur nizmlayıcı. Başçı əlini qaldırıb hər şey yaxşıdı işarəsini verir.

Az sonra pələng hücuma keçir və 4 tərəfdən ona vurulan lazerlə külə dönür.

“Hmmm, axırıncı nəsil daha çox inkişaf edib, hə? Hətta bizim holoqram texnikamıza yaxın bir şey icad ediblər”

“Həmşə belə olur, cənab. Bəlkə bir gün onlarla oynadığımızı da anlayacaqlar”

Prezidentin üzündəki gülüş silinir. Gözləri qorxuyla bərəlir, fikrə gedir. Sonra “Məhv elə dördünü də” deyir quru bir səslə. “Qalan hər şey olduğu kimi qalsın. Gələn dəfə də geri qayıtmayacaqlarından tam əmin olun” - deyə əlavə edir.

“Bu saniyə” deyib düyməyə basır nizamlayıcı.

Ekranda bir anlıq gur bir ağartı göründükdən sonra, bir-birinə baxan iki uşaqdan başqa heç kim qalmır. Başçı rahat nəfəs alır.

***

Yeni bəşəriyyətin 2015-ci ili.

Rahib Axin qarşısında bardaş qurub oturmuş 200 gəncə yaradılışı danışır.

“Övladlarım... Bu gün burda oturmağımızın bir səbəbkarı var. Tanrı Lusius və onun mələkləri Simon, Kayla və Lena. Ulu atamız Kay və anamız Laya acından öldüyü bir vaxt onlar yerə endi və bizə öz bağçalarından gətirdikləri kubu (müqəddəs qida) verdi. Bununla o bizə yeni bir ümid, yeni bir həyat bəxş elədi. Bizi lənətlənmiş heyvandan qorudu və öz xeyir-dualarını verib göylərə çəkildi. Hamınıza onların yanına getməyi arzulayıram. Tanrı Lusius sizi günahlardan təmizləyib cənnətində yer versin”

Bir neçə anlıq hamı yaradılışın təsiri altında qalır və trans vəziyyətində Tanrı Lusiusa dualar oxuyurlar.

“İndisə min illərin ənənəsinə sadiq qalaraq hamını alov mərasiminə, həyətə dəvət edirəm.” - deyir rahib və hamı ibadətgahın həyətinə doluşur. Rahib ortaya keçib hamının maraqla izlədiyi qırmızı mələfəni çəkir. Nərilti qopur və hamı qəfəsdəki qəzəbli pələngin vurnuxmasına baxır.

“Hamınız müqəddəs kublarınızı ağzınıza atın və mərasimə davam edək” - deyir rahib ucadan. Hamı cibindən kubunu çıxarıb ağzına atır və tanrı Lusiusun onlara bəxş etdiyi şirinliyi hiss edərək bir həftəlik orucuna başlayır. “Qoy bir gün dinimizi parçalayan, lənətlənmiş heyvana sitayiş edən, tanrı Lusiusu tanımayan hər kəs bu tonqalda yansın və tüstü olub onun yanına getsin. Lusius onları necə cəzlandıracağını özü bilir” - deyib odunlara od vurur. Pələng yanmağa başlayır, hər yanı daha güclü nərilti və yanıq ət iyi bürüyür.

100 km uzaqda yeni bir raket havaya qalxıb Mars istiqamətində yola çıxır.

XS
SM
MD
LG