Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:35

Günel Mövlud. Yaxşı oğlan


Günel Mövlud
Günel Mövlud

-

Yaxşı oğlan başqasını narahat etməkdən həzz alır. Yaxşı oğlan özünü apara bilmir. Yaxşı oğlanın corabından iy gəlir...

Günel Mövlud

YAXŞI OĞLAN

1-ci yazı

Bu yazı üç hissədən ibarət olacaq. Ən azı üç hissədən.

Hesablamalarıma görə, bir neçə günlük müşahidələrimi ancaq üç yazıya sığdıra bilərəm.

Bundan az yazmaq mümkün deyil. Doğrudur, mən qısaca, məzmunlu yazmaqdan, fikri qısa və tez ifadə etməkdən yanayam. Amma bu mövzuda bacara bilmədim.

Bir neçə gün dalbadal azərbaycanlıların sıx oturduğu, gəzişdiyi, əyləndiyi yerlərdə oldum. Özüm də istəmədən onların söhbətlərinə qulaq asmalı, davranışlarını müşahidə etməli oldum, söhbətlərinin, mövzularının, narahat olduqları şeylərin nədən ibarət olduğunu gördüm.

Gənc konfliktoloq Həmidə Qiyasbəyli ilə azərbaycanlıların kafesində oturmuşduq. Qapı açıldı, üç nəfər azərbaycanlı, bir də milliyyəti bəlli olmayan oğlan içəri girdi. Kafeni işlədən tanış adamdır. Müasir, tərəqqipərvər, kitabın, yazının vacibliyinin fərqində olan, mətbuatı izləyən gənclərdəndir. Ona qısacası, oxucumuz deyək. Oğlanlar oxucumuzun salamını almadan keçib oturdular. Hırıldaşa-hırıldaşa, bir-biriləri ilə ucuz zarafatlar edə-edə çay və qəlyan sifariş elədilər. Oxucumuzla olduqca tərbiyəsiz davranırdılar. Ona «sən» deyir, «qaqa», «bratım», «canuvu yeyərəm» kimi düşük, səviyyəsiz müraciətlər edirdilər. Onlar bu düşük, səviyyəsiz müraciətlərlə oxucumuza sifariş verirdilər.

Bu arada bir haşiyə çıxım. Belə tərbiyəsiz davranan, şit zarafatlar edən, bayağı, düşük, ucuz şeylərdən danışan oğlanların hamısı bir nəfər kimi «yaxşı oğlan», «panyatka» söhbəti eləyir. Bunun dəfələrlə şahidi olmuşam. Buna görə də, gəlin şərti olaraq, kafeyə gələn bu oğlanları bundan sonra «yaxşı oğlan»lar deyə təqdim edək.

Yaxşı oğlanlar sifariş verəndən sonra bir-biri ilə şit zarafatlar eləməyə başladılar. Biri ayaqqabısını çıxarıb, divanda uzandı. O, ayağını çıxaran kimi o biri yaxşı oğlanlar hırıldaya-hırıldaya ona «ala, ala, corabından iy gəlir», «ala, qardaşımsan, sən heç çimirsən?» «ala, bu nədi ala, öldük ki, burda» kimi bayağı iradlar tutdular. Yaxşı oğlanlar olduqca hündürdən danışır, sanki varlıqlarını, mövcud olduqlarını bütün kafeyə göstərmək, sübut etmək istəyirdilər. Aradabir başqa masalara söz atırdılar.

Kafedə bir-iki dolabda kitab qoyulmuşdu. Bir neçə dildə kitablar vardı. yaxşı oğlanlardan biri əlini atıb, kitab götürdü. O biri iki yaxşı oğlan ona ikrahla qışqırdı:

- Ala, qardaşımsan, sən allah, at o yana! Kitab oxuyan olub mənnən ötrü! Ətimizi tökmə sən allah.

Kitab götürən yaxşı oğlan əlindəki kitabın üz qabığına baxdı. Kitab, müəllif, əsərin adı barədə bir-iki şit, bayağı zarafat edəndən sonra saymazyana kitabı masanın üstünə tulladı.

Bu vaxt başqa millətdən olan oğlan qalxıb, kitab dolabına yaxınlaşdı. Yaxşı oğlanlar sınıq-salxaq ingilis dilində ona başa saldılar ki, cəhənnəm olub, yerində otursun. Amma başqa millətdən olan oğlan fars dilindəki kitablara yaxınlaşıb, bir-bir müəlliflərin adını oxudu:

- Sədi, Firdovsi…xeyli xub, xeyli xub…

Sonra kitablardan birini götürüb, yerinə keçdi.

Yaxşı oğlanlar əməlli-başlı narazılıq elədilər:

- Ala, düşükdü ki, bu, ala! Kitab oxuyacaq indi. Ayblet, niyə gətirdik ala bunu? Təmmiz kayfımızı öldürəcək dəə indi!

Farsca kitab oxuyan oğlan münasibəti görüb, kitabı masanın üstünə qoyaraq, ingiliscə dedi ki, işi var və çayı, qəlyanı gözləmədən çıxıb getdi. O gedən kimi, yaxşı oğlanlar oxucumuzu çağırıb, dedilər:

- Brat, qadan alaram, götür bu kitabı burdan. O, düşük götürdü, yerinə də qoymadı. Sən allah, uzaq elə bizdən…

Oxucumuz kitabı götürüb, yerinə qoydu. Sonra bizə baxdı. Kitablar barədə bir az danışdıq. Dolaba düzülmüş kitabların müəllifləri barədə bir az danışdıq. Yaxşı oğlanlar oxucumuzun bizimlə kitab barədə danışdığını görüb, çox pərt oldular. Öz aralarında nəsə xosunlaşdılar. Sonra özlərinin düşük, səviyyəsiz söhbətlərinə başladılar.

Mən bu yaxşı oğlanların söhbətləri barədə bir az məlumat vermək istəyirəm. Əlbəttə, başqalarının söhbətlərinə qulaq asmaq tərbiyəsizlikdi. Amma onlar elə hündürdən, elə bağıra-bağıra danışırdılar ki, eşitməmək mümkün deyildi. Yaxşı oğlanlar hansısa başqa yaxşı oğlanlardan danışırdılar. Onların barəsində danışdıqları, özü də hörmətlə, heyranlıqla danışdıqları başqa yaxşı oğlanlar hansısa kərpicə, kubikə oxşayan, «kaçok», idmançı, bir yumruğu ilə kubik sındıran oğlanlar idi. Bu təsvirlər də elə həmin yaxşı oğlanlara məxsusdur. Onlar üçün yaxşı oğlanlığın göstəriciləri bunlardır. Qolu zorlu, başı boş, kərpic sındıra bilən adamlar bunların qəhrəmanlarıdır. Bunlar yumruqla kərpic sındıra bilən oğlanlara heyranlıqla baxırlar. Onlar kimi olmaq istəyirlər. İlahi, insan necə avara, necə mənasız, necə düşük olmalıdır ki, kubik sındıran şəxs onun qəhrəmanı, kumiri, oxşamaq istədiyi adam olsun?

Sonra yaxşı oğlanlar söz verib, yerinə yetrməyən kimdənsə danışdılar və qəti qərar verdilər ki, o, yaxşı oğlan deyil, çünki:

- Bratımsan, yaxşı oğlanın sözü «vozdux» çıxmaz!

Sonra yaxşı oğlanlar gəzdikləri qızlardan danışdılar. Biri restoranda yemək yeyib, hesabı qıza ödətdirdiyini fəxrlə, qəhrəmanlıq etmiş kimi danışmağa başladı. O biri yaxşı oğlanlar qəti qərar verdilər ki, o qız əxlaqsızdı, onu "fırratmaq" lazımdı. Sonra yaxşı oğlanlar başqa fırratmalı qızlardan danışdılar. Bu qərara gəldilər ki, o qızların yiyəsi yoxdu. Üçü də bir ağızdan dedi ki, elə bacıları olsa, o dəqiqə başlarını kəsərlər.

Yaxşı oğlanlar bu söhbətləri hündürdən edir, başqalarını narahat etdiklərinin qəti fərqinə varmır, elə bilirdilər ki, bütün kafe bu söhbətlərə qulaq asmalı və hələ onlara da minnətdar olmalıdır. Onlar başqalarını narahat etdiklərinin fərqində belə deyildilər. Fərqində idilərsə də, bundan həzz alırdılar. Yaxşı oğlanlar adətən belə olur. Həmin üç oğlan tipik yaxşı oğlanlar idilər. Yaxşı oğlanın portreti budur.

Yaxşı oğlan şit zarafatlar edir. Yaxşı oğlan qarşısındakı adama «siz» deyə bilmir. Yaxşı oğlan başqasını narahat etməkdən həzz alır. Yaxşı oğlan özünü apara bilmir. Yaxşı oğlanın corabından iy gəlir. Yaxşı oğlan kitaba ikrahla baxır. Yaxşı oğlan kitab oxuyanlara ikrahla baxır. Yaxşı oğlan şit, tərbiyəsiz, bayağı, düşük, ucuz söhbətlər edir. Yaxşı oğlan gəzdiyi qızlardan danışır. Yaxşı oğlan kubik sındırmaq istəyir...

Ardı var. Həm də çox var.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG