Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:40

Vəhhabilərin saqqallarının qırxıldığı rayon


Siyəzəndə son illər 4 məscid tikilib
Siyəzəndə son illər 4 məscid tikilib

Siyəzən rayonu ərazisində «Xıdır-Zində» ziyarətgahı var. Görünür Siyəzənə gedəndə bu ziyarətgahın yaxınlığında düşüb, yol kənarında tikilən məscidin, divarına vurulan nəzir qutusuna pul atmaq bir növ adətə çevrilib. «Xıdır-Zində» ziyarətgahı ilə Bakı-Siyəzən yolunun kəsişdiyi yer az qala şəhərciyə çevrilib. Orada məscid, restoran, mağaza və hətta yarmarka da var. Ziyarətgaha gələnlərin və yoldan keçərkən düşüb nəzir verənlərin çoxluğundan bu yarmarkada da böyük tünlükdür. Məktəbli uşaqlar isə yol boyu səyyar qaydada tum, qarğıdalı və evdə hazırlanan müxtəlif şirniyyatlar satırlar:


-Nə satırsan?


-«Peraşqi». Birin 250 manata…


-Neçənci sinifdə oxuyursan?


-7-ci…


-Ailənizdə səndən başqa işləyən yoxdur? Bəs atan işləmir?


-Yox tək mən işləyirəm. Atam ruhi xəstədir. Burada günə 7 min, 10 min manat qazanıram. Onu da polislər qoymur…
«Bizdə saqqallılar qalmayıb»


Siyəzən rayonunda Sovetlər dönəmində məscid olmayıb. İndi isə bu rayonda 4 məscid fəaliyyət göstərir. Axund Məmmədağa Sultanov deyir ki, ildən-ilə məscidlərə gələnlərin sayı da artmaqadır. Siyəzən rayonunda son illər İslam dininə aid bir sıra təriqətlərin fəallığı da özünü göstərməkdədir. Rayonda danışırlar ki, hətta ötən il Vəhhabi təriqətindən hesab edilən bir çox dindar müxtəlif təzyiqlər üzündən saqqallarını qırxmaq məcburiyyətində qalıblar.


2003-cü ildən sonra Siyəzəndə Xalq Cəbhəsi Partiyası yerli təşkilatının sədri Rusiyaya tikinti şirkətlərinin birində fəhlə işləməyə gedib, AMİP-in rayon təşkilatının sədri isə YAP-a keçib

Axund Məmmədağa Sultanov deyir ki, indi Siyəzəndə heç kim Vəhhabi olduğunu etiraf etmir: «Bizdə saqqallılar qalmayıb. Onların saqqalını qırxıblar. Ancaq bu təzyiqlər deyəsən onların sayının bir qədər də artmasına səbəb olub. Çünki əvvəllər hər şey açıq aparılırdı, biz bilirdik ki, nə qədərdirlər. İndi deyə bilmirik».


«Müsavat»ın rayon təşkilatı MTN-nin şöbəsində yerləşir


Ancaq Siyəzən rayonunda Vəhhabilərin sayının artmasını başqa səbəblərlə izah edənlər də var. Müsavat partiyası Siyəzən Rayon Şöbəsinin sədri Mərdan Mehdili deyir ki, 2003-cü il prezident seçkilərindən sonra əhalinin həm Qərbə, həm də demokratik seçkilərə inamı xeyli azalıb. Üstəlik, siyasi partiyalar zəiflədiyindən əhalinin müxalif fikrə olan tələbatı ödənmir: «Bizim axundlar çəkinirlər. Onlar isə açıqca əhalinin problemlərini qaldırırlar. İnamı da, demokratiyanı da İslamda görürlər. Bir sözlə haqsızlıq, demokratiyanın boğulması Vəhhabiləri doğurur…»
Rayonda müxalifət partiyalarından yalnız Müsavatın qərargahı var. «Müsavat»a da, Siyəzən şəhərinin mərkəzindən kənarda, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin və başqa bir neçə dövlət idarəsinin yerləşdiyi binanın, bir otağını veriblər. Müxalifətçilərin əksəriyyəti işsiz olsa da, heç qərargaha gəlməyə də meylli deyillər. Mərdan Mehdili deyir ki, bu həm ümumi ruh düşkünlüyündən, həm də onların artıq daha çox öz ailələrinin problemləri ilə məşğul olmalarından irəli gəlir. Müsavatın qərargahında artıq domino, nərd və şahmat taxtalarını da toz basıb. Hiss olunur ki, aylardı onlara da əl vurulmayıb. Mərdan Mehdilinin sözlərinə görə, 2003-cü ildən sonra yüzlərlə müxalifətçi çörək pulu ardınca Rusiyaya gedib. Onlardan biri də Azərbaycan Xalq Cəbhəsi Partiyası yerli təşkilatının sədri Sədiyar Osmanovhazırda Rusiyada tikinti şirkətlərinin birində fəhlə işləyir, AMİP-in rayon təşkilatının sədri isə YAP-a keçib. Mərdan Mehdili deyir ki, indi Siyəzəndə müxalifətçiliklə bəzi təriqətlər məşğuldur…


Eynibulaq kəndinin 80 faizi borcludur


Siyəzən rayonunda adamlar tək siyasətdən yox elə torpaqdan da soyublar. Bir çox kəndlərdə əhali kütləvi sürətdə pay torpaqlarını bəzi iş adamlarına satırlar. Zarat kəndində danışırlar ki, həm yanacağın qiymətinin baha olması, həm də texnika qıtlığı onlara öz pay torpaqlarından gəlir götürməyə imkan vermir. Aqrar islahatın ilk illərində bu rayonun kəndlərində əsasən taxılçılıq geniş yayılıb. Zarat kəndində çoxları hesab edir ki, torpağı boş saxlamaqdansa satmaq daha sərfəlidir. Bu kənddə 1 hektar torpaq təqribən 700-100 ABŞ dollarına satılır.
Əkin-biçin işləri dayandıqdan sonra Zarat kəndində artıq dən üyüdən, un çəkdirən yoxdur. Dəyirmançı Dilcan Abdullayev deyir ki, indi özü də oğlu da işsiz qalıb. Üstəlik, kəndin məktəbi də uçulub-dağılıb. Düzdür uşaqlar hələ də məktəbə gedirlər. Ancaq əksər pəncərəsində şüşə olmayan və damı tamamilə sıradan çıxan bu məktəbdə qışda necə dərslər keçiriləcək bunu bilən yoxdur: «Əsas məktəbin damıdır. Qır indi su buraxır. Pəncərə şüşəsi nədir ki, onları dəyişmək də olar…»


Eynibulaq kəndinin mərkəzindəki mağazada qalın bir dəftər qoyulub. O dəftərdə bu mağazadan nisyə mal alan adamların uzun bir siyahısı qeyd edilib. Satıcı deyir ki, kəndin 80 faizi mağazaya borcludur

Kəndin mərkəzindəki mağazada isə qalın bir dəftər var. O dəftərdə bu mağazadan nisyə mal alan adamların uzun bir siyahısı qeyd edilib. Mağazanın satıcısı deyir ki, kəndin 80 faizi mağazaya borcludur.


Eynibulaq kəndinin mindən çox sakini var. Son 15-20 ildə bu kəndən bir nəfərdə olsun belə ali məktəbə daxil olmayıb. Eynibulaq kəndində heç də hamı dolanışığından şikayət etmir. Bu kəndən təqribən 30-40 nəfər Siyəzən Neft-Qaz Çıxarma İdarəsində işləyir. Eynibulaqdan Siyəzən şəhərinə qayıdanda mən onlardan biri ilə tanış oldum. Kəndlə təqribən 5 kilometr arası olan Neft-Qaz Çıxarma İdarəsinə piyada gedən bu adamın da deməsinə görə mağazaya borcu var. Ancaq tezliklə maaş alacağından borc ona ağır yük kimi gəlmir:
Regionların İnkişafına Dair Dövlət Proqrammı çərçivəsində Siyəzən rayon icra hakimiyyətinə həm taxılçılığın, həm heyvandarlığın, həm də balıqçılığın inkişafına aid bir sıra vəzifələr tapşırılıb. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər yzrə müavini Zəfər Əliyev etiraf edir ki, rayonda 10 min hektar əkinə yararlı torpaq olsa da, onun yalnız yarısından istifadə edilir. Zəfər Əliyev deyir ki, rayonun bəzi kəndlərində məktəb binalarının yararsız hala düşməsi də onlara məlumdur: «Dövlət proqrammı çərçivəsində Siyəzən şəhərində 640 yerlik məktəb tikilir. Sonra Gilgilçay qəsəbəsində 260 yerlik məktəbin tikintisi nəzərdə tutulur».


«Mərhum Heydər Əliyev mənə Minə bacı deyərdi»


Zəfər Əliyev deyir ki, ətraf bölgələrlə müqayisədə Siyəzəndə işsizlik problemi həll edilib. Kim tənbəl deyilsə, ona işləyib ailəsini dolandırmağa imkan yaradılıb.


Rayonda ünvanlı sosial yardımın verilməsində də problemlərin olduğu deyilir. Siyəzən Rayon Sosial Təminat İdarəsinin müdiri Kamilə Yusifova deyir ki, onlara ünvanlı yardım üçün 685 ailə ərizə daxil olub və bundan yalnız 126 ailənin sənədini qəbul ediblər: «74 ailəyə ünvanlı sosial yardım təyin edilib. Ailə üzvlərinin sayı 312 nəfərdir. Ümumi məbləğ isə 4 min yeni Azərbaycan manatı qədərdir».
Siyəzən şəhər bazarı, da bu rayonun özü kimi balacadır. Bazardakı alıcılar deyirdilər ki, istədiklərinə yox imkanlarını uyğun bazarlıq edirlər. Siyəzən şəhər bazarında əncir satan bir yaşlı qadınla da tanış oluram. O, hələ də sovetlər dövrünü unuda bilmir. Söhbət əsnasında öyrənirəm ki, 35 il sağıcı işləyən bu qadın keçmiş SSRİ Ali Sovetinin deputatı olmuş Minəxanım Aydəmirovadır: «Əliyevlə, Birejnevlə şəkillərim var. Mərhum Heydər Əliyev mənə Minə bacı deyərdi. Mənə mahnılar qoşmuşdu. İndi təkəm dolana bilmirəm…» Minəxanım Aydəmirova deyir ki, əgər ənciri sata bilsə, onun puluna soğan alacaq. Tək yaşasa da aldığı təqaüd bütün ehtiyaclarını ödəmir. Ona görə də bəzən həyətinin mer-meyvəsini bazara gətirib, kartofa-soğana, qəndə-çaya dəyişməli olur…


«Seçkidən əvvəl düzəltməyə başladılar, seçkidən sonra isə …»


Siyəzən rayonunda Ermənistandan qaçqın düşən 30-a yaxın ailə üçün Orta Həmyə kəndi salınıb. Bu kəndə qaçqınlar betondan tikilən müvəqqəti sığınacaqlarda məskunlaşıblar. İki il əvvəl isə Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsi hər bir ailə üçün bu beton sığınacaqların qarşısında bir neçə otaqlı evlər tikib. Siyəzən rayonunda tək qaçqınların yox elə yerli əhalinin də öz çətinlikləri var. «Gənclik» qəsəbəsində 6 aya yaxındır qaz yoxdur. Qəsəbədə 10-a yaxın çoxmərtəbəli yaşayış binası var və onlarda 400-dən çox insan yaşayır. Əslində bu rayonun əksər kəndlərində mavi yanacaq yoxdur. Ancaq «Gənclik» qəsəbəsinin sakinləri çoxmərtəbəli yaşayış evlərində yaşadıqlarından demələrinə görə qaza daha çox ehtiyac hiss edirlər: «Qaz yoxdur. Elektrikdən istifadə edirik. Hamı da qızdırıcılardan istifadə etdiyindən tez-tez sayğaclar sıradan çıxır…»


Siyəzən rayonunda tək balıqçılıq müəssisəsinin yox bir sıra benzin doldurma məntəqələrinin üzərində «AB» həriflərinə rast gəlmək mümkündür. Əhali danışır ki, «AB» Bakıda nazir işləyən bir şəxsin atasının ad və soyadının birinci hərifləridir

Şəhərcikdə danışırlar ki, problem heç də bəzilərinin qaz pulunu verməməsində deyil. Kərpic zavodu və Quşçuluq fabriki fəaliyyətə başlayandan sonra rayonda qaza tələbat bir qədər də artıb. Bunun ziyanını isə daha çox əhali çəkir. Bu qəsəbənin yolu da narahatdır. Əslində Siyəzən şəhərindən «Gənclik» qəsəbəsinə qədər yolun bir hissəsi təmir edilib. Sürücü yolun bir hissəsinin təmir edilməsini bəzi namizədlərin parlament seçkiləri ərəfəsində qəsəbə sakinlərinin rəğbətini qazanmaq istəməsi ilə izah edir: «Seçkidən əvvəl düzəltməyə başladılar. Seçkidən sonra isə təmir yarımçıq qaldı…»


Siyəzəndə «dənizi bağlayıblar»


Siyəzəndə olub, balıqdan söhbət açmamaq bəlkə də düzgün olmazdı. Ancaq rayonunun balıqçıları deyirlər ki, burada «dənizi bağlayıblar». Yəni yuxarılara bağlı olmadan balıqçılıqla məşğul olmaq mümkün deyil. Hərçənd ki, indi Siyəzəndə «əl altından» nərə balığının 1 kiloqramını 40 min manata almaq mümkündür. Ancaq, həmin balıq alverçiləri polisdən və vergidən yayındıqlarından açıq danışmağı sevmirlər. Onlar iddia edirlər ki, yeni tikilməkdə olan «AB Siyəzən-Fiş» Müəssisəsi istifadəyə verildikdən sonra bütün balıq biznesi bir əldə cəmləşəcək. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyevin sözlərinə görə isə bu müəssisə yaxın vaxtlarda istifadəyə verilməlidir: «Əslində, «AB Siyəzən-Fiş» tikilib başa çatıb. Müəyyən mənada da balıq ovuna başlanılıb. Hətta müəssisədə indi balıqların hisə verilmə prosesi da başlayıb».


Siyəzən rayonunda tək balıqçılıq müəssisəsinin yox bir sıra benzin doldurma məntəqələrinin üzərində «AB» həriflərinə rast gəlmək mümkündür. Əhali arasında danışırlar ki, «AB» Bakıda nazir işləyən bir şəxsin atasının ad və soyadının birinci hərifləridir. Mən bunun nə qədər düz olduğunu dəqiqləşdirə bilmədim. Hər halda Siyəzən rayonunda bir çox müəssisə adına rast gələ bilərsən ki, bu sənə hər hansı bir tapmacanın mətini kimi görünəcək…

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG