Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:14

Naxçıvanda həbs olunan cəbhəçi: «Ana, polislər maşınıma qara torbada nə isə atdılar...»


Hicran Qasımov
Hicran Qasımov

-

Naxçıvanda AXCP fəalı Hicran Qasımov 2 aylıq həbs olunub. Lakin onun hansı səbəbdən həbs olunması ilə bağlı ailəsinə dəqiq məlumat verilmir. 52 yaşlı Hicran Qasımov Culfa rayonunun Bənəniyar kənd sakinidir. Həyat yoldaşı Səadət Qasımova onun taleyi ilə maraqlanmaq üçün noyabrın 8-də Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyində olub. AzadlıqRadiosu Səadət Qasımova ilə müsahibəni təqdim edir:

- Nazirlikdə nə dedilər sizə?

- Heç nə. Məni heç içəri də buraxmadılar. Elə bayırda Cinayət Axtarış Şöbəsinin rəisi Fikrət müəllimlə danışdım. O da mənə heç nə demək istəmədi. Elə deyirdi ki, adam döyüb, ona görə saxlamışıq. Soruşdum kimi döyüb, dedi ki, 25 il bundan öncə qonşusu ilə su üstündə dalaşıb, bu yaxınlarda da iki nəfəri döyüb, maşınından da nə isə tapılıb. Soruşdum ki, nə isə deyəndə nəyi nəzərdə tutur? Cavab vermədi. Dedi ki, sakit oturun yerinizdə, heç nə ilə işiniz yoxdur. Bildirdi ki, iş verilib, təcridxanaya göndərilib, guya bizə 15 gün sonra geniş məlumat verəcəklər. Yəqin 15 günə işgəncə ilə hər şeyi Hicranın boynuna qoymaq istəyirlər. Mənə dedi ki, onun köhnə işləri var, hamısı açılacaq. Qoy, açsınlar. Mən də bilirəm nələri açacağam. Hələlik vaxtı deyil.

- Bir neçə gün öncə belə məlumat yayılmışdı ki, Hicran bəy yoxa çıxıb...

- Noyabrın 3-də evə gəlmədi. Gündüz saatlarına eşitdik ki, Hicranı polislər aparıb. Öz avtomobilində aparıblar, ancaq sükanın arxasında polislər olub. Qaynanam dərhal başqa avtomobil tutub, bunların arxasınca gedib. Təxminən bilib ki, Daxili İşlər Nazirliyinə aparırlar. Nazirliyə çatanda görüb ki, Hicranın avtomobilində axtarış aparırlar. Hicran anasını görən kimi qışqırıb ki, «ana, maşınıma qara torbada nə isə atdılar, məni ilişdirəcəklər». Sonra onun ağzını bağlayıb aparıblar ki, qışqırmasın. Bundan sonra bir neçə gün nazirliyə gedib-gəlsək də, bizə deyirdilər ki, Hicran adlı adam tanımırlar və ondan xəbərləri yoxdur. Biz də belə qənaətə gəldik ki, Hicran oğurlanıb, yoxa çıxıb. 5 gün müddətində öldüsündən, qaldısından xəbərimiz olmadı.

- Bəs sonra necə oldu ki, həyat yoldaşınızın harada olmasından xəbər tutdunuz?

- Noyabrın 7-də axşam evə zəng vurmuşdular. Dedi ki, Hicranın vəkilidir, səhər Daxili İşlər Nazirliyinə gəlməyimizi istəyirdi. Guya, orada mənə görüş üçün icazə vərəqi verəcəklərmiş. Mən də getdim, nəinki vərəqə verdilər, heç qəbul da etmədilər. Fikrət müəllim dedi ki, biz onu vəkillə təmin etmişik, nə lazımdır o edəcək. Dedim ki, vəkil də sizin adamdır, qorxusundan siz deyəni deyəcək. Vəkil qorxusundan heç telefon nömrəsini də bizə verməmişdi. O necə müdafiə edəcək Hicranı? Fikrət müəllim dedi, hara istəsəniz şikayət edə bilərsiniz, heç kimdən qorxmuram. Mən də buradan prezident İlham Əliyevə müraciət edirəm ki, həyat yoldaşımı şərləyib tutublar, bizə kömək etsin.

- Deyirsiniz həyat yoldaşınızın heç bir günahı yoxdur. Bəs, sizcə, nəyə görə həbs ediblər onu?

- Yalnız siyasi fəaliyyətinə görə ola bilər. Bu işlərə görə tez-tez incidirdilər. Özü deyirdi ki, məni ilişdirmək istəyirdilər. Başqa nə ola bilər? Bir də söz-söhbət gəzir ki, Aşura günü ayində iştirak etdiyinə görə ilişdiriblər. Əgər bu qadağandırsa, məscidlərin qapısına möhür vursunlar, işimizi bilək. İndi hansı vaxtdır ki, vətəndaşı yolun ortasında oğurlayıb aparırlar? Hicran 2 ay yox, illərlə içəridə otursa da, etmədiyi günahı boynuna almaz. Mənim də bildiyim çox şeylər var. Bir həftə də gözləyirəm, tutarlı cavab ala bilməsəm, hər şeyi açıqlayacağam.

XS
SM
MD
LG