Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:16

Yadigar Sadıqov «əməyə meylli» olmadığından həbsdə qalacaq


Yadigar Sadıqov

Yadigar Sadıqov

-

Qaradağ rayon Məhkəməsi Müsavat Partiyasının həbsdə olan başqan müavini Yadigar Sadıqovun cəza rejiminin dəyişdirilməsi ilə bağlı müraciətini təmin etməyib.

Bu haqda AzadlıqRadiosuna partiyanın digər başqan müavini Elman Fəttah məlumat verib.

Onun dediyinə görə, noyabrın 7-də keçirilən məhkəmə barədə Yadigar Sadıqovun vəkilləri məlumatlandırılmayıb:

«Yadigar bəy aldığı cəzanın 1/3-i çəkdiyindən geri qalan cəzanın daha yüngülü ilə əvəzlənməsi ilə bağlı məhkəməyə müraciət etmişdi. Məhkəmə müraciəti təmin etməməsini saxlandığı 14 saylı Cəza Çəkmə Müəssisəsinin Yadigar Sadıqovla bağlı xarakteristika ilə əsaslandırıb. Xarakteristikada yazılıb ki, Yadigar Sadıqov peşmançılıq hissi keçirmir, əməyə meylli deyil, səhərdən axşama kimi kitab oxuyur».

Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsi məhkəmənin qərarına etiraz olaraq bəyanat yayıb. Bəyanatda çıxarılan qərar Yadigar Sadıqov haqda verilmiş siyasi qərarın inadla davam etdirilməsi kimi dəyərləndirilir:

«Ölkə başçısı İlham Əliyevin Cənab Jagland-la razılaşması əsasında guya siyasi məhbusların azadlığa buraxılması üçün yaradılmış «işçi qrup» bərpa olunub. Bu qrup fəaliyyətə başladığı yeni dövrdə vicdan məhbusu kimi tanınan Yadigar Sadıqov haqda əvvəlki sifarişli məhkəmə qərarlarının eyni qaydada davam etdirilməsi, «işçi qrup»a olan ictimai etimadsızlığı daha da möhkəmləndirir».

Yadigar Sadıqov ötən il iyunun 27-də saxlanılıb. Müsavat başqanının müavini xuliqanlıqda ittiham olunur.

O, Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. İyulun 22-də apellyasiya məhkəməsi onun həbsini 4 ilə endirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG