Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:34

Bin Laden-i kim öldürüb? - Mətbuat icmalı


ABŞ-ın "Dəniz Suitiləri" dəstəsinin snayperi

ABŞ-ın "Dəniz Suitiləri" dəstəsinin snayperi

-

Bin Ladeni kimin öldürməyi üstə dəniz piyadaları arasında mübahisə düşüb. 2 müxtəlif adam 2 müxtəlif əhvalat danışır.

Obama Khameneiyə məxfi məktub göndərib. ABŞ-ın regiondakı müttəfiqləri bunu eşidəndə reaksiyaları necə olacaq?

Rusiya iqtisadiyyatının tənəzzülünün Putinin reytinqinə təsiri.

“Ayı dönür”. Rusiya üzünü Qərbdən Şərqə çevirir.

Bu, 21-ci əsrdə ən böyük strateji dönüş ola bilər.

Dünya mediası bu gün nədən yazır?

ABŞ-da dəniz piyadaları arasında mübahisə düşüb ki, Osama Bin Ladeni kim öldürüb?

“Dəniz suitiləri” xüsusi təyinatlı dəstəsinin veteranı 38 yaşlı O’Neill “Washington Post” qəzetinə müsahibəsində deyir ki, 3 il qabaq Bin Ladenə ölümcül gülləni məhz o vurub.

Onun dediyi həmin dəstənin keçmiş üzvü Matt Bissonnette-nin 2012-ci ildə çıxan kitabında yazdıqlarına ziddir. Qəzet xatırladır ki, Bin Ladeni 2011-ci ildə Pakistanın Abbotabad şəhərində, onun evinə hücum zamanı öldürüblər.

O’Neill deyir ki, o və adı çəkilməyən başqa bir döyüşçü Bin Ladenin villasının 4-cü mərtəbəsinə qalxıblar və birdən görüblər ki, bin Laden otaqlardan birindən başını çıxarıb, boylanır. O’Neillin yanındakı döyüşçü güllə atıb, ancaq güllə dəyməyib. Bundan sonra O’Neill otağa girib və Bin Ladenin başından vurub və öldürüb.

O’Neillin versiyası Bissonnettenin “Çətin gün” kitabında yazdığı ilə düz gəlmir. O yazırdı ki, döyüşçülərin arasından Bin Ladenə güllə atıb, vuran odur.

Bissonnette O’Neillin versiyasını şərh etmək istəməyib. Noyabrın 6-da o, NBC televiziyasına müsahibəsində deyib ki, “2 müxtəlif adam 2 müxtəlif səbəbə görə 2 müxtəlif əhvalat danışır. O nə deyibsə, deyib. Mən bunu şərh etmək istəmirəm”.

Pentaqon O’Neillin dediklərini nə təsdiq , nə də təkzib edir. Ancaq komandanlıq dəstənin bütün üzvlərinə məktub göndərib ki, sirri saxlamaq zəruridir və əməliyyatın detallarını açmaq olmaz.

Bəs başqaları nə deyir? “Dəniz suitiləri” dəstəsinin bəzi digər üzvləri deyirlər ki,hava qaranlıq idi, onlar üzbəüz dayanıb, atəş açırdılar. Ona görə Bin Ladeni kimin gülləsinin öldürdüyünü demək çətindir.

Bin Ladeni öldürəndən sonra və əmin olanda ki, o doğrudan da ölüb, onun meyitini helikopterə qoyub, dənizə apardılar və burda suya atdılar.

OBAMA KHAMENEİYƏ GİZLİ MƏKTUB YAZIR

Wall Street Journal qəzeti yazır ki, ABŞ prezidenti Obama İran lideri Khameneiyə məxfi məktub göndərib. Məktubda İslam Dövləti yaraqlıları ilə mübarizədə ABŞ və İranın ortaq maraqlarının olması vurğulanır və nüvə danışıqlarında tərəqqiyə çağırılır. Məktub oktyabrın ortalarında göndırilib.

Qəzet yazır ki, 2009-cu ildən bəri bu, Obamanın Khameneiyə 4-cü məxfi məktubudur.

Obamanın məktubları onun İrana verdiyi əhəmiyyəti göstərir. Özü də bu, İranın müsbət və ya mənfi rol oynamasından asılı deyil.

Senatorlar Kirk və Menendez isə İrana qarşı sanksiyaların gücləndirilməsi haqda qanun layihəsi təklif ediblər.

Kirk deyib ki, İranı atom bombası düzəltməkdən döndərməyin ən yaxşı yolu bu Kirk-Menendez qanununu qəbul etməkdir, İrana vaxt vermək olmaz ki, bomba düzəltsin.

Nümayəndələr palatasının sədri Boehner qəzetə deyib ki, “mən iranlılara inamıram. Mən düşünmürəm ki, onları öz tərəfimizə çəkmək bizə lazımdır”.

Obamanın məktubu haqda BBC-nin müxbiri Kim Ghattas isə yazır ki, Obamanın məktubu xəbəri ABŞ-ın müttəfiqlıərini dəhşətə gətirəcək. 2012-ci ildə Obama İranla məxfi danışıqlara başlayanda nə İsraili, nə də Səudiyyə Ərəbistanını xəbərdar etməmişdi. Onlar bunu biləndə əsəbiləşdilər.

İQTİSADİYYAT VƏ PUTİNİN REYTİNQİ

Forbes jurnalı soruşur ki, Rusiyada iqtisadi vəziyyət pisləşsə, Putinin reytinqi necə olacaq?

Rusiya Krımı tutandan Putinin reytinqi 53 faizdən 80 faizə qalxdı. Ancaq sanksiyalardan sonra Rusiya iqtisadiyyatı zəifləyir. Neftin qiyməti düşür.

Forbes yazır ki, Putin Rusiyanı iqtisadi tənəzzül yoluna qoyub. Sovet liderliyi iqtisadi çətinliklərlə, vaxtilə xalqın dəstəyini itirdiyi kimi, Putin də iqtisadi tənəzzüldən sonra xalqın dayağını itiurəcək.

“AYI DÖNÜR”

New York Times qəzeti yazır ki, “ayı dönür”. Rusiya son 23 ildə dayana-dayana, könülsüz, əyri-üyrü yollarla, ancaq həmişə Qərbə doğru gedib.

Ancaq indi Rusiya üzünü çevirir. Putin başqa yolu tutur.

O düşünür ki, Qərblə qarşıdurma Rusiyanın inkişafının əsasıdır. Ola bilsin ki, Putinin bu qərarına səbəb 2011-ci ildə Moskvada küçə nümayişləridir, ola bilsin ki, həmin il Qərbin Liviyada Qəddafini necə yıxmağıdır, ola bilsin ki, Qərbin zəifləməsidir.

Ancaq səbəblər reallıqla müqayisədə ikinci dərəcəlidir. Reallıq isə odur ki, Putin istiqaməti dəyişir. Ola bilsin ki, bu, 21-ci əsrdə ən böyük strateji dönüşdür. Bunun nəhəng nəticələri olacaq.

Qəzet yazır ki, Çinlə 400 milyard dollarlıq qaz sazişi bağlayan Putin Rusiyanın inkişaf mənbəyi kimi Qərbə marağını itirir. O, Qərbi yırtıcı sivilizasiya kimi təqdim edir və onun fikrincə, Rusiya bundan qorunmalıdır.

Qəzet yazır ki, bu, Ikinci Soyuq Müharibə deyil. Bu, Qərbin Rusiya ilə bağlı illüziyalarının sonudur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG