Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:23

Türk fəalların ölümünə görə İsrailə qarşı ittiham olmayacaq


"Mavi Marmara" gəmisi

"Mavi Marmara" gəmisi

-

Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) baş ittihamçısı deyib ki, 2010-cu ildə Qəzzaya üzən humanitar gəmiyə hərbi reyd keçirmiş İsrailə qarşı heç bir rəsmi ittiham irəli sürülməyəcək.

“Mavi Marmara” gəmisinə İsrail komandosunun reydi zamanı 9 türk fəal həlak olmuşdu.

Baş ittihamçı Fatou Bensouda deyib ki, hərbi cinayətlərin törədilməsini göstərən “ağlabatan əsasların” olmasına baxmayaraq, BCM diqqətini daha böyük miqyaslı hadisələrə yönəltməlidir.

İsrail bildirib ki, BCM öz vaxtını əbəs yerə “siyasi motivli” şikayətə həsr edib.

Şikayət ərizəsini təqdim etmiş vəkillər qərardan appelyasiya şikayəti verəcəklərini bəyan ediblər.

“Roma müddəası”

İnsident zamanı Türkiyəyə aid “Mavi Marmara” gəmisində 10 İsrail əsgəri yaralanmışdı. Gəmi Həməs təşkilatının nəzarəti altında olan ərazinin blokadasını yarmağa cəhd göstərmişdi.

Bu hadisə keçmişdə yaxın müttəfiq olan Türkiyə və İsrail arasındakı münasibətləri ciddi şəkildə pozmuşdu və qarşılıqlı inciklik indiyədək davam edir.

Xanım Bensouda deyib ki, o, “iddia olunan cinayətlərin qurbanlar və onların ailələri üçün nəticəsini kiçiltmək” istəmir, lakin BCM-in təməl daşlarından olan “Roma müddəası”na əsasən hərəkət etməlidir.

İttihamçı izah edib ki, bu təhqiqatın nəticəsində üzə çıxacaq işlərin miqyası BCM-in bu istiqamətdə hərəkəti davam etdirməsi üçün kifayət qədər əsas vermir.

Xanım Bensouda deyib ki, o, qərarını qəbul etməzdən əvvəl bu insident barəsində aparılmış başqa təhqiqatlarla da tanış olub.

“Mavi Marmara” insidenti

2010-cu il, mayın 31-də İsrail sahillərindən 130 kilometr aralıda olan beynəlxalq sularda dayandırılmış kiçik donanmaya 6 gəmi daxil idi.

Əksəriyyəti Türkiyənin fələstinpərəst İHH qrupundan olan fəallar iddia edirdilər ki, İsrailin dəniz blokadasını Fələstin anklavına humanitar yardım çatdırmaq məqsədilə yarmağa çalışıblar.

İsrail dəniz blokadasına, terrorçu qrup hesab etdiyi Həməs 2006-cı ildə İsrail əsgəri Gilad Shalit-i əsir götürdükdən sonra başlamışdı.

İsrail İHH-nin Həməs təşkilatına bağlı olduğunu iddia edir.

O vaxt komandos donanmada ən iri gəmi olan “Mavi Marmara”ya helikopterlərdən endirilmişdi.

Bundan dərhal sonra gəminin göyərtəsində toqquşma baş vermiş və komandos atəş açmışdı.

BMT-nin bu işə dair təhqiqatında komandosun hansı məqamda odlu silahlardan istifadəyə qərar verdiyi aydınlaşdırılmayıb.

BCM-in “qiymətli vaxtı”

İsrail Xarici İşlər Nazirlyinin bəyanatında deyilir ki, bu insident barədə ilkin təhqiqata başlanmasına belə lüzum olmayıb.

Nazirliyin bəyanatında bildirilir ki, İsrail “dünyanın ən pis qətliamlarını araşdırmaq üçün yaradılmış bir qurumun öz qiymətli vaxtını əsassız və siyasi motivli hüquqi şikayətin araşdırılmasına sərf etdiyinə təəssüflənir”.

İsrailin insidentə dair öz təhqiqatı belə bir nəticəyə gəlmişdi ki, hərbi əməliyyatın planlaşdırılmasındakı nöqsanlara baxmayaraq, onun hərbçiləri beynəlxalq qanunlar çərçivəsində hərəkət ediblər.

Aşırı, lakin qanuni

2011-ci ilin sentyabrında BMT palatasının gəldiyi nərticədə deyilirdi ki, dəniz blokadası qanuni olsa da, İsrail qoşunlarının işlətdiyi güc “aşırı və lüzumsuz” olub.

Palatanın hesabatında bu da qeyd olunur ki, komandos ona qarşı “əhəmiyyətli, mütəşəkkil və zorakı müqavimət”lə üzləşdiyindən “özünümüdafiə üçün zora əl atmalı olub”.

İsrail bəyan edir ki, onun dəniz blokadası Qəzzaya silah-sursat gətirilməsinin qarşısını alsa da, humanitar yüklərin keçidinə maneçilik törətmir.

“Ədalət, insanlıq, ləyaqət”

İsrail və Türkiyə BCM-ə üzv olmadıqlarından onun yurisdiksiyasına daxil deyillər və bu iş məhkəməyə BMT Təhlükəsizlik Şurası tərəfindən göndərilib.

Xanım Bensouda donanma ilə bağlı təhqiqat işinə ötən il BCM-in üzvü olan Komor adalarının rəsmi şikayəti ilə bağlı başlamışdı.

“Mavi Marmara” Türkiyəyə aid olsa da, Komorun bayrağı altında üzürdü.

Komor adalarını təmsil edən vəkillər bildiriblər ki, BCM-in qərarından şikayət edəcəklər, çünki burada söhbət “ədalət, insanlıq və ləyaqət” uğrunda mübarizədən gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG