Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:26

79 yaşlı amerikalıdan Azərbaycan təqaüdçülərinə 8 öyüd


Pauline Anunciacion
Pauline Anunciacion

-

ABŞ-da təhsil aldığım dövrdə təqaüd proqramının tələblərindən biri – ixtisasıma uyğun, 40 saatlıq icma xidməti göstərmək idi. Bu məqsədlə yaxınlıqdakı bir kilsədə yaşlılara sosial media təlimi keçməyə qərar verdim. Təqaüdçü 79 yaşlı ibtidai sinif müəlliməsi və rəqqasə Pauline Anunciacion həmin təlimə gələnlərin ən yaşlı və ən ünsiyyətcili idi. Onun və təqaüddə olan dostlarının şən və maraqlı yaşam tərzi məni elə təəccübləndirdi ki, günlərin birində ABŞ təqaüdçülərinin həyatı haqqında yazı hazırlamaq istədim...

«TƏQAÜDƏ ÇIXACAĞIM GÜNÜ SƏBİRSİZLİKLƏ GÖZLƏYİRDİM»

Paytaxt Vaşinqton DC ilə qonşu olan Merilend ştatında yaşayan Pauline deyir ki, 68 yaşında 31 il iş stajı ilə təqaüdə çıxarkən sevinib:

«Təqaüdə çıxacağım günü səbirsizliklə gözləyirdim: nəhayət, çoxdan planlaşdığım işləri görməyə vaxtım olacaqdı... İş yerimlə vidalaşandan sonra ingilis dili və Amerika mədəniyyətini tədris etmək üçün Çinə doqquz aylıq səfərə yollandım. Xərclərimin əsas hissəsini üzvü olduğum kilsə ödədi».

Pauline kilsədə daha çox rəqqasə kimi məşhurdur. Bazar günü ibadətində onu tez-tez başqa xalqlara aid milli rəqs geyimlərində gələn görmək olar.

Pauline-nin ikinci əri, 89 yaşlı Bill Huffman da kilsə üzvüdür və rəqs məşqlərinə gəlir.

Hər bazar axşamı beynəlxalq rəqs dərslərinə gedirlər.
Hər bazar axşamı beynəlxalq rəqs dərslərinə gedirlər.

«DOSTLARIMIN ÇOXU XƏRÇƏNG XƏSTƏSİDİR»

Pauline deyir ki, onlar hər bazar axşamı beynəlxalq rəqs dərslərinə gedirlər. Hər ikisi kilsə xorunda oxuduqlarından musiqi proqramları onların gündəmində başlıca yer tutur:

«Mən kilsə xorunda dirijorluq edirəm. Bundan başqa qədim melodiyalara yeni sözlər yazıb, onlara yenidən həyata qaytarıram. Həvəskar fotoqrafiya ilə də məşğulam. Daha çox təbiət fotoları çəkir və onları doğum günü, Krismas bayramı və təbriklər üçün hazırladığım təqvimlərin üzərində çap etdirirəm. Uşaqlıq dostlarıma ayda iki dəfə belə şəkilli təqvim və məktublar göndərirəm. Dostlarımın çoxu xərçəng xəstəsidir. Kilsə həyətində becərdiyim güllərdən də dəstə bağlayıb onlara yollayıram».

Paytaxt Vaşinqton DC ərazisində çoxlu pulsuz əyləncə imkanı olduğundan onlar darıxmağa macal tapmırlar. Ən çox da Yaponiya və Meksika mədəniyyət mərkəzlərinə baş çəkirlər.

Pauline-nin əri Bill rəqs və həftədə dörd saat kilsə xidmətindən başqa, sulu boya ilə rəsm çəkməyə də vaxt ayırır. Pauline-nin sözlərinə görə, Bill-in 66 yaşında təqaüdə çıxması ona fürsət verib. Fürsət verib ki, rəssamlıq istedadını gəlişdirsin:

Pauline Anunciacion Azərbaycanın milli rəqs geyimində
Pauline Anunciacion Azərbaycanın milli rəqs geyimində

«Bill çoxlu mütaliə edir, dram əsərləri yazır, uşaq kitablarına şəkillər çəkir».

«İLDƏ 16 MİN DOLLAR TƏQAÜD ALIR, AMMA 40-50 MİN XƏRCLƏYİRƏM»

Vaşinqtonda qiymətlər bahadır. Pauline-nin həyat tərzi orta sinifdən aşağı təbəqəyə uyğun gəlir. Onun hökumətdən aldığı təqaüd ildə 16 min dollardır. Müqayisə üçün deyim ki, mən tələbə ikən ildə 14 min 400 dollar təqaüd alırdım və bu təqaüdlə bir həftə Florida ştatında, «Disney World»da, 10 gün də Nyu-Yorkda qış tətili keçirə bilmişdim.

Pauline deyir ki, ildə 40-50 min dollar pul xərcləyir. Axı təqaüdündən başqa gəlir mənbəyi də var: müəllim işlədiyi zaman yığdığı vəsaiti investisiya kimi yatırıb və o hesaba da dolanır:

«Əvvəlki ərimdən iki uşağım, beş nəvəm var. Onlar Nyu-Yorkda, Kaliforniyada, Puerto-Rikoda yaşayırlar. O üzdən səyahətə də çox pul xərcləməli oluram».

Pauline Anunciacion
Pauline Anunciacion

«RESTORANA... HƏFTƏDƏ BİR-İKİ DƏFƏ GEDİRDİK»

Pauline bu ilin avqustunda rəfiqəsi ilə Almaniyada 10 gün tətil keçirib. Deyir, son illər əri özünü səyahət üçün çox qoca sayır. Bu üzdən Pauline indi rəfiqələri ilə gəzir. O, gələn ilin martında İspaniyaya gedəcək:

«2012-ci ildə Bill-lə birgə Türkiyə və Yunanıstanda olduq. Qənaət üçün yeməyi çox vaxt evdə yeyirdik, restorana isə həftədə bir-iki dəfə gedirdik».

Pauline-yə suallar da göndərmişdim. Hətta onu da soruşmuşdum ki, «Azərbaycandakı yaşıdlarına sözün nədir?». O, cavabında belə yazıb: «Allaha hər gün şükür edin, ailə üzvlərinizə və dostlarınıza hər gün onları sevdiyinizi söyləyin, sağlam qidalanın, yaxşı yatın, idman edin, beyninizə çətin tapşırıqlar verin, yenilikləri həyatınıza tətbiq etməkdən çəkinməyin. Var-dövlətinizi yoxsullarla bölüşün».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG