Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:53

Yeni «Sultan»a yeni saray Türkiyəyə 620 milyon dollara başa gəlib - Mətbuat icmalı


-

Yeni sultana yeni də saray lazımdır. Erdoganın prezident sarayı.

Gürcüstanda qərbpərəst nazirlərin birdən getməyi Avropa Birliyi liderlərini narahat edir. Onlar Gürcüstanın Avropa yolundan dönüb, üzünü Rusiyaya tutacağını düşünürlər.

Microsoft, Google,Facebook rəhbərləri dünyanın ən güclü liderləri sırasındadır və böyük dövlətlərin prezidentlərindən öndədirlər.

13 yaşlı yeniyetmə İD yaraqlılarına niyə qoşulmaq istəyir?

Dünya mediası bu gün nədən yazır?

İndependent qəzeti yazır ki, yeni sultana yeni saray lazımdır. Yeni sultan deyəndə Türkiyə prezidenti Erdogan nəzərdə utulur. Qəzet yazır ki, yeni sultanın yeni sarayı 385 milyon funt sterlinqə başa gəlib. Bu da təxminən 620 milyon dollardır. Bu pulu da Türkiyə vergi ödəyənləri verir.

Erdogan özünü sultan kimi aparmağına görə tənqid olunurdu. Ancaq indi məlum olanda ki, onun bu yeni prezident sarayı Ağ Evdən və Britaniya kraliçasının Bukingem sarayından böyükdür, bu, Türkiyədə yeni narazılıq dalğası doğurub.

Sarayın 1000 otağı var. Bu saray hətta Fransanın Versal sarayından da böyükdür.

Müxalifətdəki Cumhuriyyət Xalq Partiyasından Kemal Kilicdaroglu deyib: “ 3 milyon adamın işsiz olduğu ölkədə bu, necə deyərlər, sultan özünə saray tikdirir”. “Siz yüzlərlə ağacı kəsməlisiniz ki, özünüzə belə saray tikdirəsiniz”.

Qəzetin yazdığına görə, prezident sarayının qiymətini açıqlayan maliyyə naziri Simsek onu da deyib ki, Erdogana yeni prezident təyyarəsinin alınmağına da büdcədən təxminən 170 milyon dollar da ayrılır. Bu, Airbus 330 təyyarəsidir.

AVROPA GÜRCÜSTANDAN NARAHATDIR

Wall Street Journal qəzeti yazır ki, Gürcüstanda siyasi böhran Avropa Birliyi üçün həyəcan təbilidir. Avropa rəsmiləri Gürcüstanda avropərəst nazirlərin getməsini Gürcüstanın üzünü Rusiyaya tərəf çevirməsinin əlaməti hesab edirlər.

Gürcüstanda qəflətən müdafiə naziri Alasania, xarici işlər naziri Panjikidze, onun 4 müavini istefa verdilər. Vəzifədən gedən nazirlər bildirirlər ki, Garibashvili hökuməti Avropa yolundan dönüb, Rusiyaya üz tutur. Garibashvilinin özü bu ittihamları rədd edir. Ancaq Avropa Birliyi rəsmiləri narahatdırlar ki, Gürcüstanın Avropaya doğru hərəkəti zəifləyə, hətta geri dönə bilər.

Litva xarici işlər naziri Linkevicius deyib ki, Avropa işlərinə məsul olan nazirlərin getməsi həqiqətən həyəcan doğurur.

İsveçin keçmiş xarici işlər naziri, Şərq qonşuluğu proqramının memarı Carl Bildt deyir ki, “Qərb yönümlü siyasətlə bağlı olan komanda üzvləri işdən çıxarıldı ya da özlərinin getdi. Onların yerini Kremlə əl çalanların tutacağı şübhəsizdir.”

Garibashvili təkrar edir ki, Gürcüstan Qərb yolundan dönməyəcək. Ancaq keçmiş prezident Saakashvili bildirib ki, Gürcüstan hökuməti indi Rusiya oliqarxlarının nəzarətindədir. Onun sözlərinə görə, Gürcüstanda vəziyyətin belə olacağını o deyirdi, ancaq bəziləri buna göz yumdu.

MİCROSOFT, GOOGLE RƏHBƏRLƏRİ BRİTANİYA, FRANSA RƏHBƏRLƏRİNDƏN DAHA NÜFUZLUDUR

Forbes jurnalının ilin ən güclü siyasi liderləri siyahısında birinci 3 yerdə Rusiya, ABŞ və Çin liderləridir.

Super dövlətlərin liderlərinin bu siyahıda öndə olması təbiidir. Siyahıda başqa kimlər var?

Microsoft şirkətinin başçısı Bill Gates dünyanın ən güclü liderləri sırasında 7-cidir. O, Avropa Mərkəzi Bankının sədri Dragidən qabaqdadır.

Google şirkətinin yaradıcıları və rəhbərləri olan Sergey Brin və Larry Page siyahıda 9-cu və 10-cudurlar. Onlar Britaniyanın baş naziri Camerondan və Səudiyyə kralı Abdullah bin Abdul Aziz al Sauddan öndədir.

Amazon şirkətinin başçısı Jeff Bezos 16-cıdır, O, Fransa prezidenti Hollandedən qabaqdadır. Facebookun yaradıcısı Mark Zuckerberg 22-cidir. FİFA prezidenti Joseph Blatter 70-cidir.

Forbes siyahı ilə bağlı yazır ki, ilk dəfə olaraq birinci onluğa 2 qadın düşüb- Almaniya kansleri Merkel 5-cidir, ABŞ Mərkəzi bankının sədri Janet Yellen 6-cıdır.

İslam dövləti təşkilatının lideri 43 yaşlı Abu Bakr al-Bagdadi siyahıda 54-cüdür.

13 YAŞLI CİHADÇI

BBC News-un müxbiri Mark Lowen Türkiyənin cənubunda 13 yaşlı bir yeniyetmə ilə tanış olub. O, təlim keçir ki, İslam Dövləti yaraqlılarına qoşulsun. Suriyada anadan olan bu oğlan adının “Abu Hattab” olmasını istəyir. O, keçən il radikal Şam əl-İslam təşkilatına qoşulub.

Onun təlimi nədən ibarətdir? O, hər gün Şəriəti, silahlardan istifadə etməyi öyrənirdi. İndi isə bütün gününü İnternetdə keçirir, cihadçı videoları izləyir. Facebookda cihadçılarla təmasdadır.

Müxbir soruşur ki, o, niyə cihadçılara qoşulmaq istəyir? Abu Hattab deyib ki, “Mən İslam Dövləti təşkilatını xoşlayıram, çünki onlar Şəriət qaydaları tətbiq edirlər və kafirləri, sünni olmayanları və islamdan dönənləri öldürürlər”.

O deyir: “İslam Döbləti təşkilatının öldürdükləri Amerika agentləridir. Biz onların başını kəsməliyik”.

Müxbir soruşub ki, o, uşaqlıq illərini başqa əyləncələrə sərf etmək istəyirmi?

Abu Hattab deyir: “Mən dostlarımla əylənməyə getmək istəmirəm. Allah bizə işləməyi və gələcək həyat – cənnət üçün vuruşmağı buyurub. Əvvəllər mən parka və ya dəniz kənarına gedirdim”.

Müxbir Abu Hattabın anası Fatima ilə də danışıb. Fatimanın vaxtının çoxu Quran oxumaqla keçir. O deyir ki, oğlunun İslam Dövləti təşkilatına qoşulmasında heç vaxt təkid etməyib. Ancaq düşünür ki, “İslam Dövləti təşkilatı Suriya xalqına köməyə gəlib”.

Müxbir soruşub ki, oğlunun müharibəyə getməsinə necə baxır?

Fatima deyir ki, “əgər Abu Hattabın özü vuruşmaq istəyirsə, o, bunun qarşısını necə ala bilər?”.

Fatima deyir: “Müharibə dövründə uşaqlar tez böyüyür. Mən istəyirəm ki, o, gələcək lider olsun, əmir olsun”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG