Keçid linkləri

Təcili xəbərlər

Gündəmi silkələyən istefalar...


«Gürcüstan arzusu» koalisiyasından prezidentliyə namizəd Giorgi Margvelashvili-nin seçki plakatı – 28 oktyabr 2013
«Gürcüstan arzusu» koalisiyasından prezidentliyə namizəd Giorgi Margvelashvili-nin seçki plakatı – 28 oktyabr 2013

-

Gözlə

No media source currently available

0:00 0:04:30 0:00
Direct-ə keçid

«GÜRCÜ ARZUSU» ÇİN OLMADIMI?

Qonşu Gürcüstanda ard-arda istefalar, təbii ki, maraq doğurmaya bilməzdi. Dörd nazir və üç nazir müavini istefa verib. Üstəlik, 14 səfirin də eyni addımı atması gözlənilir.

Gürcüstan maraqlı ölkədir. Təkcə ona görə yox ki, bu ölkə də Azərbaycan kimi etnik münaqişələr yaşayır. Həm də ona görə ki, müəyyən mənada Azərbaycan Gürcüstandan, Gürcüstan da Azərbaycandan asılıdır. Bu, ritorik asılılıq deyil. Azərbaycanın Qərblə bağlı bütün layihələri Gürcüstanla tamamlanır. Gürcüstan sözün əsl mənasında Azərbaycanın Qərbə yönəlik dəhlizidir. Bu dəhliz qapansa bölgənin bütün geosiyasi arxitekturası dəyişər....

Amma istefa verənlər nələrisə deməkdənsə nələrəsə işarə etdilər. Bu işarə də, təəssüf ki, hələ problemin məğzini tam tutmağa yardımçı ola bilmir, qaranlıq və düşünüləsi məqamlar hələ çoxdur... İndi deyilənlər daha çox korrupsiya və bir də orduda kütləvi zəhərlənmələrlə bağlıdır. Amma bunlar birdən-birə dörd nazirin istefası üçün zəruri və kafi görünmür...

Əslində «Gürcü arzusu» siyasi koalisiyasının qürubu irəlicədən proqnozlaşdırılırdı, çünki bu siyasi blok siyasi spekulyasiya ilə hakimiyyətə gəlmişdi. O vaxt biz bu koalisiyanın rəhbərinin və təmsilçilərinin dedikləri bütün detallara diqqət yetirirdik... Onlar gürcü elektoratını şirnikləndirmək üçün çox şey dedilər. Bütün deyilənlər havada qaldı. Başa düşmək olmadı ki, bu gürcü arzusu axı nədir və nədən ibarətdir?

Mikheil Saakashvili - 2013
Mikheil Saakashvili - 2013

Ötən müddət ərzində ölkənin iqtisadi və siyasi həyatında elə bir dəyişiklik baş verməyib - Rusiya ilə münasibətlər yenə də «axsayır», vəd olunanlara rəğmən nə yeni zavodlar açılır, nə də ki, yeni fabriklər qurulur...

PROBLEM TƏK SAAKASHVILI OLSAYDI...

Hətta adamda elə təəssürat yaranır ki, indiki hakimiyyət Gürcüstanın bütün problemlərinin bircə nəfərdən-keçmiş prezidentdən ibarət olduğunu düşünürmüş. Elə bil Mikheil Saakashvili getdi və bütün problemlər yoluna qoyuldu. Amma çox təəssüf ki, belə deyil, keçmiş prezident bütün problemləri özü ilə aparmadı, onlar qalır və insanları incidir...

Əslində Saakashvili mümkün olan hər şeyi edirdi. Bəlkə də onun qərbyönümlü siyasətini axıra qədər düşünülməmiş, ölçülüb-biçilməmiş siyasi kurs adlandırmaq olardı. Amma o, başqa nə edə bilərdi? Ondan əvvəlki prezident- Eduard Shevardnadze Rusiyadan nəsə «qopara» bildimi? Və yaxud da indiki prezident bunu edə bildimi? Yox, edə bilmədilər.

Ona görə yox ki, siyasətləri və bacarıqları çatmadı. Ona görə edə bilmədilər ki, Rusiya özü ondan-bundan nəsə qoparmaq haqda düşünür...

Gürcüstan Rusiya ilə müharibənin ildönümünü qeyd edir - 8 avqust 2012
Gürcüstan Rusiya ilə müharibənin ildönümünü qeyd edir - 8 avqust 2012

GÜRCÜSTAN KURSU DƏYİŞİRMİ?

İndi maraq kəsb edən odur ki, istefa verən nazirlər hökumətdə daha çox xarici siyasət kursu ilə, daha dəqiq desək, Avroatlantika istiqaməti ilə bağlı idilər...

Elə o səbəbdən sual yaranır: bəlkə Gürcüstan öz daxili siyasətində ciddi dəyişiklik etmək istəyir? Bunu nə təsdiq, nə də təkzib etmək iqtidarındayıq. O şeylər ki, baş verir, onların durulması, aydınlaşması üçün vaxt lazımdır...

Bircə onu deyə bilərik ki, çox vaxt da tələb olunmayacaq. Hər şey çox tez bir zamanda öz çözümünü tapacaq...

Əslində, Gürcüstan MDB-nin qapısını çırpıb getmişdi. Düşünmürük ki, bu ölkə nə vaxtsa həmin qapını bir daha açmaq fikrinə düşə, halbuki təcrübədə belə presedentlər də var- Özbəkistan Kollektiv Təhlükəsizlik Təşkilatına bir neçə dəfə üzv olub, gah ordan çıxıb, gah da yenidən qayıdıb...

Əsas məsələ bəlkə də başqa sualdadır. Gürcüstanın yenidən Rusiyanın geosiyasi maraq sferasına qayıtması ona hansısa divident qazandıra bilərmi? Düşünmürük. Moskva göz yaşlarına inanmır və aldıqlarını da geri qaytarmır...

Prezident Dmitry Medvedev kombaynın kabinəsində - 25 oktyabr 2011
Prezident Dmitry Medvedev kombaynın kabinəsində - 25 oktyabr 2011

RUSİYANIN ÖZ TORPAQLARI AZLIQ EDİRMİ?

Amma region indi çox, olduqca qarışıqdır, hətta Azərbaycan tərəfdə də müəmmalı küləklər əsir-bir də görürsən ki, kimsə ölkə torpaqlarını Rusiyaya icarəyə verməyi təklif edir. Dərhal da suallar yaranır. Əcəba, Rusiyanın özünün əkinə yararlı torpağı yoxdurmu? Bəlkə Azərbaycanın belə torpaqları lazım olandan artıqdır? Rusiya kiminsə kənd təsərrüfatını qaldırmaq iqtidarındadırsa, niyə bunu öz ölkəsində etmir? Axı Rusiyanın kəndləri biri-birinin ardınca çökür!..

Həqiqətən də düşünüləsi məqamdır. Maraqlıdır ki, bir vaxt Ermənistanda yerli müəssisələri Rusiyaya icarəyə verəndə Azərbaycanda buna lağ edirdilər.

İndi nə olub? Nə baş verib? Təəssüf ki, bəzi hallarda bizim Azərbaycanın özəl siyasətilə bağlı bilgilərimiz heç Gürcüstan siyasətindən artıq olmur-ona görə ki, ölkə yarımqapalı siyasi həyat yaşayır...

Burada insanları məlumatlandırmağı vacib hesab etmirlər. Ən maraqlısı odur ki, elə insanlar özləri də buna alışıblar, düşünürlər ki, bütün digər sərvətlər kimi informasiya da hakimiyyətin özəl mülkiyyətidir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG