Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:40

Mübariz Qurbanlı Nardaranda İran bayrağının qaldırılmasından danışır


Nardaranda Aşura mərasimi.2014--cü il, 4 noyabr

Nardaranda Aşura mərasimi.2014--cü il, 4 noyabr

-

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü Bakı kəndlərində, o cümlədən Nardaranda bəzi məclislərin İran bayrağı və bu ölkənin siyasi liderlərinin portretləri altında keçirilməsinə münasibət bildirib. M. Qurbanlı APA-ya eksklüziv açıqlamasında belə halların qəti şəkildə pislənildiyini deyib. Komitə sədri qeyd edib ki, Azərbaycanın İranla münasibətləri çox normaldır:

“O portretlərdəki insanlar İranın ali dövlət adamları kimi tanınırlar və onların şəkillərinin nümayiş etdirilməsi dini mərasimlərə aid olmayan haldır. Ona görə də bu hal bizim tərəfdən qətiyyətlə pislənilir”.

M. Qurbanlı deyib ki, Dövlət Komitəsinin nümayəndələri məsələni yerindəcə araşdırıblar:

“Həmin ərazidə fəaliyyət göstərən dini icmalara müvafiq qaydada ciddi xəbərdarlıq olundu, belə hallara gələcəkdə qəti şəkildə yol verilməməsi bildirildi”.

QAN BANKINDA «QANA-QAN» ALIRLAR

“Bizim Yol” qəzeti 1 saylı Xəstəxanaya və Elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankından reportaj dərc edib.

Qan donoru

Qan donoru

“Hələ də Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında qanvermə aksiyası davam edir. Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva bildirdi ki, Aşura günündə Azərbaycan üzrə 4676 nəfər donor qan verib. KİV-də yer alan məlumatlara əsasən toplanan qan 1060 litr təşkil edib. "Bir saatdan bir növbə ilə Təcili Tibbi Yardım maşınları toplanan qanları Mərkəzi Qan Bankına gətirirdi və burada xüsusi soyuduculara yerləşdirilirdi" - deyən baş həkim toplanan qanların +2-5 dərəcə temperaturda saxlanıldığını bildirdi. P.Hacıyevanın sözlərinə görə, hal-hazırda toplanan qanların 40-50%-i artıq işlənilib: "Bu həftə ərzində artıq bütün qanlar işlənilib, onların neçə faizinin yararlı və yararsız olduğu barədə məlumat veriləcək" - deyən baş həkim normalda hər insandan 350-400 qram qan götürüldüyünü bildirdi.

DƏRS İLİNİN UZADILMASI NƏYİ DƏYİŞƏCƏK?

“Yeni Müsavat”: Təhsil Nazirliyi dərs ilinin uzadılması məsələsi ilə bağlı qərarı açıqlayıb. Ümumtəhsil məktəblərində dərslər mayın 31-də yox, iyunun 14-də başa çatacaq.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yeni qaydaların zərurətindən danışır və bunu vacib hadisə adlandırır:

“Bu, təhsilin inkişafı üzrə dövlət strategiyasına uyğun olaraq görülən tədbirlərdən biridir. Dünyada tədris ilinin uzun olması bütün ölkələrdə həm də onların inkişaf göstəricisi sayılır. Bu həm də kurrikulumun məzmun keyfiyyətinin artırılması, tədris yükünün azaldılması ilə bağlı görülən tədbirlərdən biridir. Avropa Birliyinə aid olan və dünyanın müasir, inkişaf etmiş ölkələrində tədris ili bizim tədris ilindən ən azı 4-6 həftə uzundur. Onlarda ümumtəhsil məktəblərində orta təhsilin müddəti də 12-13 il, hətta 14 il hesablanır. Tədrisin daha uzunmüddətli olması və daha çox təhsil inkişafa yönəlmiş addımlardan biridir. Burada ancaq müsbət cəhətləri görmək mümkündür”.

NOYABRIN 11-DƏ SEYMUR HƏZİNİN MƏHKƏMƏSİ BAŞLAYIR

“Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri, eyni zamanda, “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin işi üzrə yaxın günlərdə məhkəmə prosesi başlayacaq. Seymur Həzinin vəkili Adil İsmayılov deyir ki, Seymur Həzinin barəsindəki cinayət işi üzrə istintaq başa çatıb və iş oktyabrın 27-də məhkəməyə göndərilib. Bu iş üzrə noyabrın 11-də Abşeron Rayon Məhkəməsində hazırlıq iclası keçiriləcək. Seymur Həzi ilə birlikdə mühakimə olunacaq Məhərrəm Həsənova Cinayət Məcəlləsinin 221.1 maddəsilə ittiham verilib.

Jurnalist Seymur Həzi

Jurnalist Seymur Həzi

- Məhərrəm Həsənovun əvvəlcədən Seymur Həzi ilə hər hansı tanışlığı, söhbəti olubmu?

- Məhərrəmin Seymurla heç bir real tanışlığı olmayıb. Həsənovun dediyinə görə, guya, Seymurla “facebook”da tanış olublar. O, Seymura nəsə yazıb, amma Seymur ona cavab verməyib. Təsadüfən Ceyranbatanda olarkən Seymuru görüb uzaqdan, tanıyıb, yaxınlaşıb ona, soruşub ki, Seymur Həzisiz? Seymur da deyib ki, mənəm. Bundan sonra deyib ki, nəyə görə “facebook”da yazdığım mesajlara cavab vermirsiz? Seymurun dediyinə görə, birinci Məhərrəm Həsənov onu vurub, köynəyini dartıb cırıb. Seymur da özünü müdafiə etmək üçün onu vurub. Əks tərəf də deyir ki, mənim sözüm Seymura xoş gəlmədi, ona görə məni vurdu, sonra mən də onu vurdum. Ancaq istənilən halda, təşəbbüskar əks tərəf olub.

Bizim təkidlərdən sonra onların arasında üzləşmə oldu. Üzləşmədə aydın oldu ki, bu adamın ümumiyyətlə, sosial şəbəkədən anlayışı yoxdur, hətta mən zarafatla müstəntiqə təklif etdim ki, adama müəllim tutsunlar, ona “facebook”dan (o, “feysbuk” sözünü yazıldığı kimi tələffüz edirdi) təlim keçsin. Güman edirəm ki, bu adamın “facebook”da heç səhifəsi də yoxdur. Sonra biz araşdırma apardıq, Məhərrəm Həsənovun adına “facebook” səhifəsi tapdıq. O səhifədən gəldiyimiz qənaət bu oldu ki, müəllif özünü qəsdən müxalifətçi kimi göstərmək istəyir. Profil fotosu Elçibəyin şəklidir, ondan sitatlar gətirib, statuslarında müxalifyönlü fikirlər var. Üzləşdirmə zamanı Məhərrəm Həsənova müəyyən suallar verdik ki, “facebook”dan nə vaxtdan istifadə edir, necə istifadə edir, Seymura yazdığı mesajın məzmunu nədir? Bu suallara cavab vermədi. Bu da onu göstərdi ki, bu adam səhifəni açmayıb, kimsə onun üçün açıb. Məhkəmədə bu məsələlər araşdırma mövzusu olacaq.

HƏSƏN RUHANİNİN BAKI SƏFƏRİ: BƏZİ DETALLAR AÇIQLANIB

İran prezidenti Həsən Ruhaninin Azərbaycana nə vaxt, kimlərin müşayiəti ilə gələcəyi, Bakıda hansı məsələləri müzakirə edəcəyi və bu səfər çərçivəsində neçə sənəd imzalanacağı bəlli olub. “Media forum” saytının məlumatına görə, İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan müştərək iqtisadi komissiyasının həmsədri Mahmud Vaizi noyabrın 5-də Tehranda jurnalistlərə deyib ki, Həsən Ruhani Azərbaycan Respublikasına gələn həftənin sonlarında gələcək. Bu, İran prezidentinin rəsmi səfəridir. Səfərdə Həsən Ruhanini bəzi hökumət üzvləri, İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Gilan vilayətlərinin rəsmi şəxsləri, özəl sektor təmsilçiləri müşayiət edəcək.

Mahmud Vaizinin sözlərinə görə, Bakıda aparılacaq danışıqlarda Azərbaycan Respublikasından elektrik enerjisinin alınması və nəql edilməsi, İran-Azərbaycan sərhədində çaylardan istifadə qaydaları, gömrük və nəqliyyatla bağlı bəzi məsələlərin həlli yolları, qaz və enerji, turizm və ticarət sahələrində birgə əməkdaşlıq müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG