Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:12

Amerikanı sarsıdan, İranın fəxri olan 444 gün


Tehran. 1979-cu ilin noyabrı. İslamçı tələbələr ABŞ səfirliyində girov götürdükləri amerikalıları nümayiş etdirirlər

Tehran. 1979-cu ilin noyabrı. İslamçı tələbələr ABŞ səfirliyində girov götürdükləri amerikalıları nümayiş etdirirlər

Beynəlxalq münasibətlər tarixində nadir hadisə baş vermişdi. Sivil dünyada əsrlərlə hamının müqəddəs saydığı diplomatların toxunulmazılığı qaydası kobudcasına pozulmuşdu.

-

35 il əvvəl Tehranda ABŞ səfirliyinə hücum edən radikal islamçı tələbələr 66 nəfəri girov götürdülər. Hadisə ABŞ ilə İran arasında diplomatik böhrana səbəb oldu. 444 gün çəkən girov draması ABŞ-ın uğursuz xüsusi əməliyyatından (“Qartal caynağı”), Iran şahı Rza Pahlavinin vəfatından və nəhayət İraq-İran müharibəsinin qızışması ilə sona yetdi. İranda saxlanan 53 (onlardan 13 nəfəri əvvəl buraxılmışdı) ABŞ diplomatı və digər şəxslərin azad edilməsi 1981-ci il yanvarın 20-nə, ABŞ-ın yeni seçilən prezidenti Ronald Reagan-ın (Reyqan) andiiçmə mərasimi ilə eyni vaxta təsadüf edirdi.

AzadliqRadiosu ABŞ-İran böhranının bəzi məqamlarına nəzər salmaq üçün Amerika ekspertlərinə müraciət edir.

Tehrandakı girov böhranı başlayanda ABŞ prezidenti hələ Jimmy Carter (Cimmi Karter) idi. Bu yaxınlarda mətbuata müsahibəsində həmin günləri xatırlayan Carter deyir:

- Mənim ixtiyarımdakı silahlarla İranı yer üzündən silmək olardı. Lakin çoxlu günahsız adam, o cümlədən bizim diplomatlar da çox güman həlak olacaqdılar. O zaman çoxları mənə güc tətbiq etməyi məsləhət bilsələr də, mən zor işlətməkdən imtina etdim. Nəticədə tanrı dualarımı eşitdi və girovlar sağ-salamat evlərinə döndülər.

Diplomatların Tehranda girov saxlanmasının son mərhələsi Amerikada prezident seçkiləri kampaniyası ilə az qala paralel baş verirdi. Carter əmindir ki, əgər həmin günlərdə İrana qarşı güc işlətsəydi, seçkilərdə Reagana uduzmazdı:

- Mən siyasi karyeramı qurban verdim ki, Amerika yüksək mənəvi-etik prinsipləri təcəssüm etdirən güclü dövlət kimi tanınsın. – deyə Amerikanın 39-cu prezidenti bildirir.

1979-cu il noyabrın 1-də İslam inqilabının çılğın tərəfdarları olan tələbələr ABŞ səfirliyi qarşısında etiraz nümayişlərinə başlayırlar. 3 gün davam edən etirazlardan sonra onlar səfirlik binasına hücum çəkib buradakı diplomatları və digər şəxsləri girov götürəcəklər. Buna rəvac verən İran rejimi indiyədək diplomatların toxunulmazılığı beynəlxalq razılaşmasını ayaq altına atacaq

1979-cu il noyabrın 1-də İslam inqilabının çılğın tərəfdarları olan tələbələr ABŞ səfirliyi qarşısında etiraz nümayişlərinə başlayırlar. 3 gün davam edən etirazlardan sonra onlar səfirlik binasına hücum çəkib buradakı diplomatları və digər şəxsləri girov götürəcəklər. Buna rəvac verən İran rejimi indiyədək diplomatların toxunulmazılığı beynəlxalq razılaşmasını ayaq altına atacaq

Beynəlxalq Strateji araşdırmalar mərkəzinin eksperti Edward Luttwak hesab edir ki, Tehran böhranı Vyetnam məğlubiyyətindən sonra Amerikanın hərbi-siyasi və diplomatik nüfuzunun zəifləməsinə dəlalət edirdi. Onun fikinrcə, baş verənlər qarşısında Amerika misli görünməyən siyasi iradəsizlik nümayiş etdirdi. Çünki Tehran hadisələrinin bənzəri yox idi.

- Hətta Hun tayfalarının məşhur sərkərdəsi Atilla vaxtilə ona qəsd etmək istəyən Bizans diplomatlarını bağışlamışdı. Diplomatlarin toxunulmazlığı kimi qədim prinsipə barbarların rəhbəri belə riayət etdiyi halda, Tehrandakı inqilabı hakimiyyət onu pozmuşdu.

`
"Eagle Claw" (Qartal caynağı) əməliyyatı

Plana əsasən, 1980-ci il aprelin 24-də ABŞ xüsusi təyinatlı dəstəsi vertolyotlarda və hərbi təyyarələrin müşayəti ilə İranın mərkəzində səhrada yerə enməli. Eyni zamana başqa bir qrup Tehran yaxınlığındakı istifadəsiz aerodromu ələ keçirməli. Ertəsi gün səhradakı dəstə avtomobillərlə Tehrana yürüş edərək ABŞ səfirliyinin mühafizəsini zərərsizləşdirməli, buradakı 52 girovu vertolyotlarla 2-ci qrupun nəzarətində olan aerodroma aparmalı, oradan isə əməliyytaın bütün iştirakçıları Misir ərazisindəki hərbi bazaya uçmalı idilər.

Təyin edilmiş vaxtda 8 vertolyot və yanacaq təyyarələri İrana istiqamət aldı. Lakin əməliyyatın artıq ilk saatlarından qum tufanı və texniki prblemlər səbəbindən uğursuzluqlar silsiləsi başladı. Vertolyotlardan birinin pəri sındığından onu tərk etdilər, başqa bir vertolyot isə tufanda istiqaməti itirəndən sonra geri qayıtmalı oldu. Əməliyyatı davam etdirən 6 vertolyot nəzərdə tutduğu nöqtədə yerə enərkən məlum oldu ki, ərazidən avtomobil şossesi keçir, ona görə də dəstə özünü büruzə verdi. Şosse ilə hərəkət edən sərnişin avtobusu saxlanıldı, 1 yanacaq maşını isə atəşlə məhv edildi, onun sərnişini həlak oldu, sürücüsü isə aradan çıxa bildi. Vetolyotlardan daha birində texniki problem yarananda əməliyyatın dayandırılması və İran ərazisinin tərk edilməsi qərarı verildi. Lakin vertolyotları yanacaqla dolduranda vertolyotla təyyarə toqquşdu, baş verən yanğında 8 amerika hərbçisi həlak oldu. Xüsusi dəstənin yerdə qalan üzvləri vertolyotları və həlak olanların meyidlərini İran səhrasında atıb, təcili şəkildə İranı tərk etməli oldular. Qartal caynağı əməliyyatı fiasko ilə nəticələndi

Edward Luttwak əlavə edir ki, Jimmy Carter idealist idi, hesab edirdi ki, guya Amerikanın həddən artıq istinad etdiyi güc siyasəti müasir dünyada artıq öz səmərəsini itirib.

Edward Luttwak:

- Bundan başqa, Carterin Sovet ittifaqı qarşısında böyük xofu var idi, kommunist ideologiyasından çox qorxurdu. Lakin bunlar dərdin yarısı idi. Onun milli təhlükəsizlik məsələləri üzrə özünə seçdiyi müşavirin məsələlərə baxışı Carterin öz baxışları ilə birlikdə götürüləndə girov-diplomatlar böhranını doğuran səbəblərdən biri idi, hər halda böhranın biabırcasına uzun çəkməsində bu faktın əsas rolu var idi.

Edward Luttwak Zbigniew Brzezinskini (Bjejinski) nəzərdə tutur. Deyir:

- Brzezinski idealist olmasa da, Carterdən fərqli olaraq inanırdı ki, SSRİ-nin 3-cü dünya ölkələrinə ekspansiyasının qarşısını almaqda islam rejimlərinin faydası var, ona görə də Tehrandakı əyatullaları çox sakit qəbul edirdi. Nəticədə, İran teokratları həqiqətən də şahı devirməkdə müttəfiqləri olmuş İran solçularını məhv etdilər. Lakin Əfqanıstanda sovet qoşunlarına qarşı döyüşən mücahidlərə kömək etmək işinə qoşulmadılar.

Edward Luttwak qeyd edir ki, özünün sülhpərvər imicinə baxmayaraq Carter 1980-ci ilin aprelində girovların azad olunması üçün xüsusi əməliyyata (Qartal caynağı) əmr verməsi faktı haqda susur. Xatılradır ki, əmrə imza atsa da, prezident ora çoxlu məhdudiyyətlər əlavə etmişdi. Onun fikrincə, əmrdəki "iranlıların öldürülməsinə qadağa" maddəsi elə bəri başdan əməliyyatın uğurunu şübhə altına qoyurdu.

Luttwak Tehran girovlarının İranlılar üçün əhəmiyyətindən də danışır, deyir ki, bu hadisələri hələ də xatirələrində yaşadan iranlılar baş verənlərə İranın Amerika üzərində qələbəsi kimi baxır və o vaxtdan əmindirlər ki, onların qətiyyəti qarşısında Amerika mütləq geri çəkiləcək.

Luttwak İranla-Qərb arasındakı nüvə danışıqlarını misal gətitir:

- Onların (iranlıların - red.) uğurdan başı gicəllənib və hələ də eyforiyadadırlar. Ölkənin bütün problemlərinin günahlarını xarici dövlətdə görmək çox asandır. Xüsusilə bu dövlət qarşısında heç bir qorxun yoxdursa.

Tehran hadisələri haqda Tayms jurnalı yazır ki, böhran, bir tərəfdən iranlıların tarixi revanş arzusundan, digər tərəfdən isə qarşılıqlı anlaşılmazlıqdan doğurdu.

Diplomatları girov götürənlər tələb edirdilər ki, ABŞ ölkədən qaçan şah Pahlavini İrana təhvil versinlər

Diplomatları girov götürənlər tələb edirdilər ki, ABŞ ölkədən qaçan şah Pahlavini İrana təhvil versinlər

Lakin “İrs” fondunun analitiki Jim Phillips bu fikirlə razılaşmır və hesab edir ki, ABŞ İrana antiamerika hisslərinin alovlandırılması hesabına öz daxili problemləri həll etmək imkanı verdi. Deyir:

- Qarşılıqlı anlaşılmazlıq? Yox, mən belə deməzdim. İranlılar lap əvvəldən nə etdiklərini və ABŞ-ın buna necə reaksiya verəcəyini çox gözəl bilirdilər. Bizdə bu məsələlər haqda təsəvvürlər iranlılardan qat-qat qeyri-müəyyən idi.

İslamçılar ABŞ səfirliyinə hücum edəndə 6 ABŞ vətəndaşı Kanada səfirliyində gizləndi. Kanadalılar risk edərək onlara saxta Kanada pasportu verdilər. Həmin şəxslərin İrandan çxıarılması üzrə "Arqo" adlı xüsusi əməliyyat keçirlidi, Qartal caynağından fərqli olaraq "Arqo" uğurla nəticələndi. Bu əməliyyatın əsasəlnda 2012-ci ildə çəkilən "Arqo" filmi 3 nominasiyada Oscar mükafatını qazandı

İslamçılar ABŞ səfirliyinə hücum edəndə 6 ABŞ vətəndaşı Kanada səfirliyində gizləndi. Kanadalılar risk edərək onlara saxta Kanada pasportu verdilər. Həmin şəxslərin İrandan çxıarılması üzrə "Arqo" adlı xüsusi əməliyyat keçirlidi, Qartal caynağından fərqli olaraq "Arqo" uğurla nəticələndi. Bu əməliyyatın əsasəlnda 2012-ci ildə çəkilən "Arqo" filmi 3 nominasiyada Oscar mükafatını qazandı

Phillips-in fikrincə girov böhranı Ameikaya 2 vacib dərs verdi. Birinci: kompomislər və mövqe yumşaqlığı ancaq mövcud status-kvo vəziyyəti ilə ümumilikdə razılaşan rejimlərlə səmərə verir, qüvvələr balansını dəyişməyə can atan ölkələrlə yox. Ekspertin fikrincə, İran inqilabın ilk günündən məhz bu sonuncu dövlətrlərə aid idi.

Phillips:

- Məsələn, indi çox az adam xatırlayır ki, ilk dəfə Tehranda bizim səfirliyin ələ keçirilməsi hələ xeyli əvvəl, 1979-cu ilin fevralında baş vermişdi. O zaman səfirlik mühafizəsinin 1 əməkdaşı oğurlananda münaqişə bir neçə saat ərzində yoluna qoyuldu. Lakin Vaşinqton hadisə ilə bağlı heç bir etiraz bildirmədi, sadəcə öz səfirini geri çağırmaqla kifayətləndi. İkinci dəfə səfirliyə hücum olanda isə, Carter rəsmi şəkildə vəd etdi ki, diplomatların azad olunması üçün güc işlətməyəcək.

Philipsin fikrincə bu 2 amilin böhranının aylarla uzanmasında həlledici rolu oldu. Deyir iranlılar başa düşürdülər ki, amerika prezidenti səmimidir, onların sayıqlığını zəiflətmək üçün ikili oyun aparmır.

Noyabrın 4-də girob götürülən 13 nəfəri, əsasən afr-amerikalı və qadınlar tezliklə buraxıldılar. Onlardan bəzilərini mətbuatla görüşmək üçün Khomeyninin portretləri ilə bəzədilmiş səhnəyə çıxardılar. Yerdə qalan girovların sərbəst buraxılmasına hələ 1 ildən artıq vaxt lazım gələcək

Noyabrın 4-də girob götürülən 13 nəfəri, əsasən afr-amerikalı və qadınlar tezliklə buraxıldılar. Onlardan bəzilərini mətbuatla görüşmək üçün Khomeyninin portretləri ilə bəzədilmiş səhnəyə çıxardılar. Yerdə qalan girovların sərbəst buraxılmasına hələ 1 ildən artıq vaxt lazım gələcək

Amerikanın aldığı ikinci dərsə gəldikdə, Philips öz fikirlərini belə izah edir:

- Biz islam inqilabına antiamerika hisslərinin qızışdırılması hesabına özünün daxili siyasi problemlərini həll etməyə şərait yaratdıq. Dindarlar səfirliyi ələ keçirməklə belə bir məqsəd güdürdülər ki, daxildəki tənqidlərə son qoyub mütləq hakimiyyətiə sahib olsunlar. Cəmyyəti vətənpərvərlərə və qeyri-vətənpərvərlərə bölməklə onlar şahın devriılmsəində iştirak edən, lakin Qərblə münasibətlərin pozulmasına qarşı çıxan müxalifəti gözdən salmaq istəyirdilər. Söhbət istər baş nazir Mehdi Bazargan, istərsə də prezident Abolhassan Banisad tərəfdarlarından gedirdi. Bu prosesə münasibətini gizlətməyən Ayatullah Khomeyni onu “ikinci inqilab” adlandırırdı. O, tez-tez deyirdi ki, ABŞ dəniz piyada qoşunlarından çox amerika universitetlərindən ehtiyyat edir. Qərbdən uzaqlaşmaq istəyən Khomeyni bunun üçün çox təhlükəli strategiya seçmişdi və bütün gözləntilərin ziddinə uğur qazandı. Beynəlxalq təcrid və İraqla 8 illik qanlı müharibə hesabına olsa da, hər halda sonda klerikallar öz məqsədlərinə çatdılar. İslam inqilabının Vaşinqton qarşısında qaldırdığı tələblər – banklarda iran aktivlərinin bərpa olunması, İranın daxili işlərinə qarışmağa görə üzr istəmək və ölkədən qaçan şahın geri qaytarılması – bütün bunlar ancaq gözdən pərdə asmaq üçün idi və böhranın uzanmağına xidmət edirdi.

Phillips misal gətirir ki, ABŞ-dan fərqli olaraq, Misir İran şahına daimi sığıncaq vermişdi. Lakin Tehrandakı Misir səfriliyini ələ keçirmək heç kimin ağlına gəlmirdi

İslamçıların azad etdikləri ilk girovlar Fransanın Oirli aeroportuna gəlirlər

İslamçıların azad etdikləri ilk girovlar Fransanın Oirli aeroportuna gəlirlər

“Yaxın Şərq forumu” təhqiqat mərkəzinin direktoru Daniel Pipes hadisələrə ümumilikdə Amerikadakı reaksiyadan danışır:

- Həmin hadisədən əvvəl də, sonra da dünyada elə proseslər baş verirdi ki, obyektiv olaraq diplomatların girovluğundan daha böyük əhəmiyyə kəsb edirdi. Lakin girov dramasının baş verdiyi təqribən 1 il yarım ərzində amerika mediasında ancaq Tehran mövzusu diqqət mərkəzində idi. Amedikanın məşhur ABC kanalının Nightlight proqramında 444 gün ancaq bir mövzudan söhbət getdi – girov böhranından.

Carter və Reagan arasındakı seçki kampaniyasının əsas mövzusu da Tehran idi. Hələ prezident olan Carter seçki kampaniyası ilə bağlı səfərlərdən imtina edib, Ağ evdə oturmağa üstünlük verirdi. Başa düşürdü ki, onun mənəvi yüksəklik fonunda hərəkət passivliyi seçicilərin ürəyincə olmaya bilər.

Pipes 1980-ci ilin aprelində, girovların azad olunması üzrə xüsusi əməliyyatın uğursuzluğu haqda xəbəri necə qarşıladığını xatırlayır:

- Əməliyyat elə biabırcasına fiaskoya uğrayanda mən və dostlarım çox məyus olduq. Heç vaxt ölkəmizə görə belə dərin təhqir hissləri keçirməmişdik.

Bu isə nəhayət azadlığa buraxılan sonuncu Tehran girovlarıdır. Yuxarıdakı foro ilə bunun tarixində 400 gün fərq var

Bu isə nəhayət azadlığa buraxılan sonuncu Tehran girovlarıdır. Yuxarıdakı foro ilə bunun tarixində 400 gün fərq var

Səfirliyin zəbt edilməsi indiyə qədər amerikalıların İrana münasibətində öz təsirini göstərir. Bir neçə il əvvəl 100 senatorun 100-ü də yekdilliklə İran mərkəzi bankına qarşı sanskiyaların lehinə səs verdi. Baxmayaraq ki, Obama administrasiyası buna şiddətli müqavimət göstərirdi, qərar lehinə 100, elyhinə isə 0 səs topladı. Mən Senatın belə yekdil qərarını xatırlamıram. Praqmatik olan Dövlət departamenti son illər İrana potensial mütəffiq kimi baxırsa, daha çox əhalinin ovqatını əks etdirən Konqres İranla nüvə danışıqları ideyasına bədbin, mən deyərdim düşmən münasibət bəsləyir. – Daniel Pipes belə deyir.

AzadlıqRadiosunun söhbət etdiyi ekspertlərin belə bir yekdil fikri oldu ki, Jimmy Carter sadəlöhvcəsinə çoxtərəfli diplomatiyaya, beynəlxalq münasibətlərin gücünə inanırdı. Lakin beynəlxalq aləmin hadisələrə reaksiyası prezidenti dərin təəssüfünü doğurmuşdu. 6 amerika diplomatını gizlədən Kanada səfirliyindən və böhranda vasitəçi kimi çıxış edən Əlcəzairdən başqa dünya ölkələri hadisəyə simvolik reaksiyaya verərək Tehranin beynəlxalq normaları kobudcasına pozması faktına çox formal münasibət nümayiş etdirmişdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG