Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:55

-
Noyabrın 5-də Naxçıvan şəhər Məhkəməsində Fərid Əsgərovun jurnalist İlqar Nəsibova qarşı iddiası ilə bağlı proses keçirilib.

Bu haqda AzadlıqRadiosuna İlqar Nəsibovun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova məlumat verib.

Onun bildirdiyinə görə, Fərid Əsgərov iddiasını geri götürdüyündən məhkəmə cinayət işinə xitam verib:

«Fərid Əsgərov çıxış edərək, əməlindən peşman olduğunu bildirdi. Hakimdən xahiş etdi ki, iddiasını geri götürdüyündən işə xitam versin. Hakim də xahişi nəzərə alıb, cinayət işinə xitam verdi. Məhkəmənin qərarı ilə istintaq orqanının İlqar Nəsibova tətbiq etdiyi polis nəzarətinin götürülməsi ilə bağlı da qərar çıxardı. Lakin bu qərar 20 gün sonra - apellyasiya şikayətinin vaxtı bitəndən sonra qüvvəyə minəcək. Səhhəti ilə bağlı İlqarı Bakıya aparmalıyıq. Ancaq daha 20 gün gözləməli olacağıq».

Prosesdə Almaniya və Avropa İttifaqı səfirliklərinin nümayəndələri də iştirak ediblər.

Noyabrın 4-də İlqar Nəsibovun Fərid Əsgərova qarşı iddiasına baxılmışdı. İlqar Nəsibov şikayətçi olduğu şəxsin peşman olduğunu nəzərə alaraq, onu bağışlamışdı.

İlqar Nəsibov avqustun 21-də Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin ofisində bir neçə şəxs tərəfindən döyülüb. Onun qabırğaları, burnu, almacıq sümükləri qırılıb, çoxsaylı xəsarətlər yetirilib. Həkimlər jurnalistin üzünə 10-a yaxın tikiş qoyub və güclü beyin silkələnməsi olduğunu qeydə alıb. Hadisədə əli olanlardan biri - Fərid Əsgərova Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi açılmışdı. Daha sonra Fərid Əsgərov eyni ittihamla İlqar Nəsibovdan şikayətçi olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG