Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:53

«Fərqli bir oyun...»


Rizvan Qənbərli ilə söhbət, 07 oktyabr 2006
Rizvan Qənbərli ilə söhbət, 07 oktyabr 2006
«Panorama» adlı həftəlik radio-icmalda bu dəfə Azərbaycan mətbuatında baş verən son proseslərdən bəhs olunur. Həmsöhbətimiz «Marketinq» jurnalının baş redaktoru Rizvan Qənbərlidir.

Sual: - Bu həftə ölkə mətbuatı ilə bağlı bir sıra çox ciddi hadisələr baş verdi. Həm «Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin çapının dayandırılmasını, həm də satirik şerlər yazan «Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakitin 3 il azadlıqdan məhrum edilməsini nəzərdə tuturuq. «Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərini təsisçi özü dayandırdı, ancaq bunun səbəbləri ilə bağlı ictimaiyyətə dolğun məlumat verilmədi. Bircə onu dedi ki, ona təzyiqlər var. Mirzə Sakit isə narkotik maddələrin satışında ittiham edildi, hərçənd o, bunu böhtan sayır və əslində əsas səbəb kimi «Azadlıq» qəzetində yazdığı satirik şerlərini göstərir. Əvvəlcə Sizdən bunu soruşmaq istərdim: bütün bunlar mətbuata təzyiqlərdir, yoxsa bunun daha dəqiq adı var?


Cavab: - Mən əvvəla «Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin bağlanmasına təəssüfləndiyimi bildirmək istəyirəm. Amma məncə, bu iki qəzetin bağlanması ilə Mirzə Sakitin həbsini bir-birindən ayırmaq lazımdır. Bunlar fərqli hadisələrdir.


Adı çəkilən qəzetlər hər hansı bir maliyyə problemi ilə qarşılaşmamışdı, indiyə qədər hər hansı konkret təzyiqlə üzləşməmişdi, hansısa bir əməkdaşı Mirzə Sakitin yaşadığı taleyi yaşamamışdı. Dolayısıyla, qəzetin bir ilə yaxın fəaliyyət müddətində qarşılaşdığı konkret bir təzyiq yox idi ki, indi onun bağlanması da həmin təzyiqlərin davamı kimi qiymətləndirək...


Dediyiniz kimi, qəzet rəhbərliyi tərəfindən konkret hər hansı bir izahat yoxdur ki, bu qəzetlər niyə bağlanıb və ya səbəb olaraq göstərdikləri təzyiqlər nələrdir. Bu sualın cavabı qəzetlərin rəhbərləri tərəfindən ifadə olunmayıb. Dolayısıyla, bizə burada ehtimallar üzərində fikir yürütmək düşür və bu cür fikirləri yürüdərkən də hər birimiz nəzəriyyəçi mövqeyinə düşürük. Ona görə də dolğun bir izahat vermək mümkün deyil. Amma mənim özümün daha çox yaxın hiss etdiyim ehtimallardan biri budur ki, qəzet onun jurnalistləri və ya rəhbərliyinə təzyiq nəticəsində bağlanmayıb. Məncə, bu, hazırda Azərbaycan mətbuatının, yaxud da Azərbaycan jurnalistikasının problemlərini ehtiva etməyən tamamən fərqli bir oyunun, fərqli bir çəkişmənin nəticəsi də ola bilər. Dünya təcrübəsindən də yaxşı bilirik ki, qəzetlərin arxasında bəzən yazılan isimlər dayanmır.


Sual: - Mirzə Sakitlə bağlı da fikrinizi qısaca ifadə edərdiniz.


Cavab: - Yenə də dediyim kimi, Mirzə Sakitin həbsi də çox üzücüdür. Üstəlik, sivil bir cəmiyyətə yaraşmayan bir formada aparılmış bir həbsdir. Amma mən Mirzə Sakiti həbs olunmuş bir jurnalist kimi dəyərləndirmirəm. Çünki Mirzə Sakit hansısa bir dövlət əhəmiyyətli sirrin üstünü açarkən, hansısa bir jurnalist təhqiqatı apararkən həbs olunmayıb. Burada Mirzə Sakitin həbsini bir jurnalist azadlığının boğulması kimi yox, bəlkə də, ədəbi azadlığın boğulması kimi qiymətləndirmək olar. Yəni burada boğulan mətbuat azadlığı deyil, söz azadlığıdır.


Sual: - İcazə verin, bir az opponentlik edim. «Gündəlik Azərbaycan»ın təsisçisi və baş redaktoru Eynulla Fətullayevə qarşı bir neçə məhkəmə hökmü vardı. Amma dediniz ki, hər hansı ciddi bir təzyiqlə üzləşməyib. Eynulla Fətullayevə təzəlikcə məhkəmənin qərarı ilə iki il icbari iş kəsilmişdi. Yəni baş verənlər bunun nəticəsi ola bilərmi?


Cavab: - Bizim 1990-cı ildən başlayaraq müstəqil mətbuat tariximiz var. Bu müddət ərzində bizim kifayət qədər mübariz qəzetlərimiz olub ki, indi Eynulla Fətullayevin qarşılaşdığı təzyiqdən qat-qat çətin vəziyyətlərlə üzləşdikləri halda hələ də fəaliyyətlərini davam etdirə bilirlər. Dolayısıyla, Eynulla Fətullayevin çəkildiyi o məhkəmə prosesi, aldığı icbari cəza iki çoxtirajlı qəzetin, hətta həftənin yeddi günü çıxmağa hazırlaşan bir qəzetin bağlanması qərarını verə biləcək qədər ciddi olduğunu düşünmürəm. Səhv xatırlamıramsa, eyni cəza «Bakı-Xəbər» qəzetinin baş redaktoruna da verilmişdi, amma bu qəzet fəaliyyətini davam etdirir. Dolayısıyla, dediyim kimi, burada təəssüf ki, bizim ehtimala bəlkə də yaxınlaşa biləcəyimiz, amma tam məntiqli bir şəkildə çözə bilmədiyimiz bir səbəblər var və onları biz bilmirik... Bəli, ortada bu qəzetlərin qarşılaşdıqları ciddi bir problem olub ki, onlar bağlanmaq məcburiyyətində qalıblar. Amma biz o problemin mahiyyətini bilmirik. Bilmədiyimiz üçün də bunu biz, şəxsən mən bir söz azadlığının boğulması təşəbbüsü kimi dəyərləndirməkdə hələ də ehtiyatlıyam...


RİZVAN QƏNBƏRLİ İLƏ SÖHBƏTİ ƏTRAFLI DİNLƏYİN
XS
SM
MD
LG