Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:03

Canlı klassik romanlarını necə yazmasından danışır


Milan Kundera
Milan Kundera

-

Milan KUNDERA:

"1968-ci ildə Sovet Ordusu Çexoslovakiyaya yeridiləndən sonra və əhaliyə qarşı terror əməlləri törətməzdən öncə rəsmi səviyyədə ölkədəki itlərə divan tutulması işinə rəvac verildi.

Bu unudulmuş epizod hər hansı tarıxçi və ya politoloq üçün ciddi önəm daşımaya bilər, ancaq antropoloji baxımdan görün, o, necə də əhəmiyyətlidir! "

Məşhur çex-fransız yazıçısı Milan Kunderanın "Roman sənəti" kitabından fraqment ("Esquire" jurnalından)

Sual: Sizin roman konsepsiyanızı bir mənada varlığın poetik qavrayışı kimi də dəyərləndirmək mümkündür, halbuki öz romanlarınız adətən bu baxış bucağından qavranmayıb. Əsərlərinizdə təqdim olunan siyasi olayların bolluğu həmin romanların sosioloji, tarixi və ideoloji yozumlarına əsas verib. Cəmiyyətin inkişaf tarixinə duyduğunuz maraqla romanın hər şeydən əvvəl varlığın sirrini araşdırmasına bəslədiyiniz inamı necə uzlaşdırırsınız?

Milan Kundera: Haydegger varlığı özünün çox məşhur düsturu ilə ifadə edib: in-der-Welt-sein (dünyada var olmaq). İnsanoğlunun dünya ilə qarşılıqlı bağları hər hansı subyekt ilə obyektin, baxan göz ilə tablonun münasibətindən fərqlidir: hətta bunu səhnədəki aktyor ilə dekorasiyanın münasibətiylə də eyniləşdirmək olmaz.

Honoré de Balzac
Honoré de Balzac

İnsan ilə dünyanın qarşılıqlı əlaqəsi ilbiz ilə onun çanağının bağlılığını xatırladır: dünya – insanın bir parçası və onun məğzi, mahiyyətidir, dünyada baş verən dəyişimlər varlığın da (in-der-Welt-sein) dəyişiminə şərait yaradır. Balzakın yazıb-yaratdığı dövrdən bəri varlığımızın Welt-i tarixi özəllik daşımaqdadır, buna görə də ayrı-ayrı personajların həyat yolu zaman müstəvisində inkişaf etməklə bərabər, bəlli tarixlərlə də ifadə olunmaqdadır.

Roman sənəti Balzakdanqalma bu mirasdan artıq heç cür qurtula bilməz. Hətta fantastik, ağlasığmaz əhvalatlar uyduran və gerçəkliyin bütün qanunauyğunluqlarının dışına çıxmağa can atan Qombroviç də bu mirasdan yaxasını qurtara bilməyib. Onun romanlarında cərəyan edən hadisələr də bəlli zaman çərçivəsinə, tarixin dəqiq bir qisminə sığır. Burada iki fərqli məqamı bir-birindən ayırd eləmək lazımdır: bir roman növü əgər insan varlığının tarixi əhəmiyyətini araşdırmağı hədəf seçibsə, digər roman növü tarixin bəlli bir dönəmində toplumu, yaşanan tarixi olayları təsvir edir və məhz buna görə də tarixi roman sayılır.

Fransiz inqilabı haqda, Mariya-Antuanetta barədə, 1914-cü il haqda, SSRİ-də kollektivləşmə prosesi (bunu təqdir etmək və ya pisləmək) barədə, 1984-cü il haqda romanlar hamımıza yaxşı bəllidir. Yetərincə populyar sayılan bu romanların hamısı tarixdən məlum olan və roman sənətinə yad bilgilərin romanlaşdırılması hesabına meydana çıxıb. Bu qənaətimi həmişə və usanmadan təkrarlayacağam: romanın var olmasına səbəb verəcək yeganə şey – sadəcə roman tərzində açıqlana biləcək fikirlərdir.

Sual: Ancaq roman sənəti Tarix haqda fərqli nə deyə bilər ki? Ya da sualı başqa cür qoyaq: Tarixə hansısa yozum verərkən siz hansı üsulu əsas götürürsünüz?

Milan Kundera: Özümə xas hesab etdiyim bir neçə prinsipi indi sizə açıqlayacağam. Əvvəla, bütün tarixi təfərrüatları mən son dərəcə yığcam şəkildə açıqlamağa çalışıram. Tarixə yanaşmam onunla bağlı abstrakt bir səhnə yaradan teatr rəssamının işini xatırladır: hadisələrin dekorasiyası olaraq mən üç-beş nəsnə ilə kifayətlənirəm.

İkinci prinsipim budur: məlum tarixi durumların içindən öz personajlarımın ekzistensial hallarını daha çox qabardacaq məqamları seçirəm. Məsələn, “Zarafat” adlı romanımda tanışları və qrup yoldaşları Lüdvikin universitetdən qovulmasına və beləliklə, həyat yolunun bir dalana girməsinə soyuqqanlı şəkildə səs verirlər. Bunun canlı şahidi olan Lüdvik inanır ki, bu adamlar onun edamına da eyni üzüyolalıqla razı olardılar. İnsanoğlu haqda onun gəldiyi qənaət də bundan qaynaqlanır: insan – istənilən durumda öz yaxınını ölümə məhkum edəcək məxluqdur. Lüdvikin sahib olduğu zəngin antropoloji bilgilər əslində tarixi köklərə dayanır, halbuki Tarixin özü (partiyanın rolu, terrorun siyasi kökləri, sosial institutların quruluşu və sair) məni əsla maraqlandırmır və romanda bununla bağlı heç nə tapmazsınız.

Üçüncü prinsipə gələk: tarixşünaslıq elmi ayrıca bir insanın yox, Toplumun tarixini təsvir etməyə çalışır. Elə buna görə də mənim romanlarımdakı tarixi hadisələr məhz tarixşünaslıq elminin diqqətindən kənarda qalan, unudulan məqamlardır. Misal gətirim: 1968-ci ildə Sovet Ordusu Çexoslovakiyaya yeridiləndən sonra və əhaliyə qarşı terror əməlləri törətməzdən öncə rəsmi səviyyədə ölkədəki itlərə divan tutulması işinə rəvac verildi. Bu unudulmuş epizod hər hansı tarıxçi və ya politoloq üçün ciddi önəm daşımaya bilər, ancaq antropoloji baxımdan görün, o, necə də əhəmiyyətlidir! Təkcə bu epizod sayəsində mən “Ayrılıq valsı” romanımda gerçək tarixi ab-havanın yaradılmasına nail olmuşam. Başqa misal gətirim: “Burada yaşanmaz” romanımda Tarix əsərdəki hadisələrin gedişatına eybəcər və vecsiz kalsonlar (kişi alt tumanları) vasitəsiylə müdaxilə edir, çünki o vaxtlar satışda sadəcə belə kalsonlar var idi. Həyatındakı ən önəmli erotik macəraya qatılmaq əvəzinə, əynindəki gülünc kalsonlardan utanan Yaromil onları soyunmaqdan çəkinir və qaçıb aradan çıxır. Kişiyə yaraşmayan bu hərəkətin ardında daha bir unudulmuş və tarixi bir gerçəklik gizlənməkdədir, halbuki kommunust rejimində yaşamağa məcbur olanlar üçün bu məqam çox şeyi ifadə etməkdədir.

Milan Kundera
Milan Kundera

Gələk dördüncü və ən önəmli prinsipə: romanın personajı üçün yeni ekzistensial sarsıntını sadəcə tarixi şərtlər yaratmamalıdır, Tarixin özü də alqılanmalı və analiz olunmalıdır. Məsələn, “Varlığın çəkilməz xəfifliyi” romanımda Aleksandr Dubçeki sovet zabitləri qaçırır, həbsə atır, həbsdə ikən ona hədə-qorxu gəlirlər ki, Brejnevlə danışıqlara razılıq versin.

Praqaya dönəndən sonra o, radioda çıxış etməyə məcbur edilir, lakin o ara nəfəsi daraldığından çətinlik çəkir və ayrı-ayrı ifadələr arasında böyük pauzalar eləyir. Mənim nəzərimdə bu tarixi epizod ondakı zəiflikdən xəbər verir (yeri gəlmişkən, bu fakt praktik mənada unudulub, gedib, çünki çıxışdan iki saat sonra radionun səs operatorları Dubçekin etdiyi o zəhlətökən pauzaları lent yazısından kəsib, çıxartmışdılar artıq). Onun sərgilədiyi zəiflik - həyatın vacib bir kateqoriyasıdır: “Özündən güclü biriylə qarşılaşan insan, hətta Dubçek qədər pəhləvan cüssəli olsa belə, öz zəifliyini adətən etiraf eləyir”. Tereza şahidi olduğu bu zəifliyi sakitcə seyr edə bilmir, buna görə özünü əzilmiş və alçalmış saydığından mühacirətə üstünlük verir. Lakin Tomaşın ona etdiyi xəyanəti öyrənəndə o da eynilə Brejnev qarşısındakı Dubçek qədər əliyalın və çarəsiz birinə çevrilir.

Başgicəllənməsinin nə olduğu hər kəsə yaxşı bəllidir: öz zəifliyinin təsirinə qapılan insan istər-istəməz yıxılmağa meyl edir.

Alexander Dubchek
Alexander Dubchek

Qəflətən Tereza dərk edir ki, elə özü də “zəiflərdəndir, zəiflər düşərgəsinə, zəiflər ölkəsinə məxsusdur, buna görə də o, özü kimilərə, yəni iki-üç sözdən bir ağzıyla hava udanlara sadiq olmalıdır”. Öz zəifliyinin sərməstliyinə qapılan bu qadın Tomaşı tərk edərək, Praqaya, yəni “zəiflərin şəhəri”nə dönür. Bu əsərdə tarixi həqiqətlər insan ömrünün cərəyan etdiyi bir məkan üçün heç də arxa fon, dekorasiya xarakteri daşımır, onlar öz-özlüyündə insanın içində çapaladığı durumlardır, nisbətən irimiqyaslı ekzistensial durumlardır.

“Gülüşün və unuduluşun kitabı”nda da Praqa baharını mən siyasi-tarixi-sosial bir hadisə kimi yox, başlıca ekzistensial durumlardan biri kimi təqdim etmişəm: bir fərd (insan nəsli) hərəkətə gəlir (inqilabi hərəkat gerçəkləşdirir), lakin sonradan bu hərəkət (hərəkat) onun nəzarətindən çıxır və bir daha ona tabe olmur (inqilab özü kimlərisə cəzalandırır, öldürür və məhvə sürükləyir). İş bu həddə çatanda o, bu kontroldan çıxan prosesi yaxalamaqdan və cilovlamaqdan ötrü hər üsula əl atır, (insanlar müxalifətçi və islahatçı bir hərəkat yaradırlar), lakin boşuna - çünki bir kərə yüyəni əldən çıxan bir prosesi təkrar cilovlamaq imkansız olur.

Sovet tankları Praqada, Hərbi müdaxiləyə etiraz edən praqalılar arasında. 21 avqust 1968
Sovet tankları Praqada, Hərbi müdaxiləyə etiraz edən praqalılar arasında. 21 avqust 1968

Sual: Bu məqam söhbətin əvvəlində sözünü etdiyiniz fatalist (tale məhkumu – A.Y.) Jakla bağlı durumu xatırladır adama.

Milan Kundera: Ancaq bu dəfə söhbət kollektiv və tarixi situasiyadan gedir.

Sual: Romanlarınızın məğzini anlamaqdan ötrü Çexoslovakiyanın tarixini bilmək çoxmu vacibdir?

Milan Kundera: Yox. Bilinməsi gərəkən məqamlarI zatən özüm romanda açıqlayıram.

Sual: Bəs romanın qiraəti oxucudan hansısa tarixi bilgilər tələb edirmi?

Milan Kundera: Avropanın tarixinə aşinalığa gərək duyula bilər. Mininci ildən üzü bəri bu tarixdə eyni macəra dönə-dönə təkrarlanmaqdadır. Bizlər onun bir parçasıyıq, buna görə də bizim fərdi və milli miqyaslı bütün davranışlarımız ona münasibətdə həlledici əhəmiyyətə malikdir. Məsələn, mən İspaniya tarixindən xəbərdar olmadan da “Don Kixot”u anlaya bilərəm. Halbuki Avropanın tarixiylə bağlı ən ümumi, ilkin anlayışlara (məsələn, cəngavərlik dövrü, kurtuaz eşqlər, Orta çağdan Yeni dövrə keçid barədə bilgiyə) sahib olmadan o əsəri anlamam imkansızdır.

Sual: “Burada yaşanmaz” adlı romanınızda siz Yaromilin həyatındakı hər mərhələni Rembonun, Kitsin, Lermontovun və başqa yazarların bioqrafiyalarındakı fraqmentlərlə qarşılaşdırırsınız. Praqadakı 1 May nümayişi Parisdə tələbələrin keçirdiyi etiraz nümayişi ilə uzlaşdırılır. Halbuki əsərinizdəki hadisələr Praqada cərəyan edir və 1948-ci ildə baş verən kommunist rejiminin devrilməsi ilə özünün ən yüksək həddinə çatır.

Milan Kundera: Mən bu əsəri özümün Avropa inqilabı hərəkatı haqda, həm də kondensasiya olunmuş romanım sayıram.

Sual: O devrilmə bəyəm Avropa inqilabı idi ki? Axı, o da Moskvadan ixrac edilmişdi!

Milan Kundera: Məğzinin tam anlaşılmamasına rəğmən, o devrilmə məhz inqilab kimi qəbul olunurdu. Bugünkü gün də özünün ritorikasına (bəlağətinə), illüziyalarına, reflekslərinə, seçimlərinə, cinayətlərinə görə o inqilab mənə Avropanın inqilabi ənənələrinin kondensasiyasına bir parodiya kimi görünməkdədir. O, Avropanın inqilablar epoxasının həm davamı, həm də qroteskvarı sonluğu, finalı idi. Sözügedən romanın qəhrəmanı Yaromil necə Viktor Hüqonun və Rembonun davam(çıs)ıdırsa, o, eyni şəkildə Avropa poeziyasının da qroteskvarı sonluğu təsirini bağışlayır bizə. “Zarafat” romanımdakı Yaroslav isə artıq itib-getməyə, qeyb olmağa başlayan, minillik tarixə malik xalq sənətinin qoruyucusudur əslində. “Gülünc sevgilər” romanımdakı doktor Havel donjuanlığın ortadan qalxdığı bir dönəmin Don Juanıdır. “Varlığın çəkilməz xəfifliyi”ndəki Frans isə - Avropadakı solçu hərəkatın Böyük Yürüşünün doğurduğu son və melanxolik əks-sədadır. Bohemiya əyalətinin unudulmuş bir kəndində yaşayan Tereza ölkəsində cərəyan edən ictimai həyatdan sadəcə üz çevirmir, o, bəşəriyyəti, insanlığı “təbiətin ağasına və sahibinə” çevirəcək yoldan sapır və daha irəlilərə getməyi umur. Bütün bu sadalanan personajlar təkcə öz şəxsi tarixçələrini başa vurmayıblar, daha geniş anlamda onlar Avropanın inkişaf tarixində fərdlərin fövqündə dayanan tarixi yekunlaşdırıblar.

Sual: Belə çıxır ki, romanlarınız sizin obrazlı şəkildə “son paradokslar dövrü” adlandırdığınız Yeni dönəmin ən son aktını təsvir edir.

Milan Kundera: Belə də demək olar, lakin gəlin, bir az dəqiqləşdirək. “Gülünc sevgilər” romanımda doktor Havelin əhvalatını yazarkən mən donjuanlıq macərasının bitdiyi bir zəmanədə Don Juanı təkrar gündəmə gətirmək məqsədi güdmürdüm. Mən sadəcə özümə məzəli görünən bir əhvalatı qələmə almışdım. Vəssəlam.

Milan Kundera
Milan Kundera

Sonucdakı paradokslar-filan, bunlarla bağlı düşüncələr hamısı romanlarım yazılmazdan əvvəl mövcud olmayıb, əksinə, sonradan meydana çıxıblar, yəni əsərlərimdən törəyiblər. “Varlığın çəkilməz xəfifliyi”ni yazdığımda birbəbir bu və ya digər səbəbdən dünyadan köçən personajlar mənə yazmaq həvəsi aşılayırdı və o ara mən Dekartın o məşhur deyimi üzərində baş sındırırdım: insanoğlu – “təbiətin ağası və sahibidir”. Elm və texnika aləmində xariqələr yaradan insanoğlu, bu “təbiətin ağası və sahibi” qəflətən anlayır ki, o, heç nəyin ağası-filan deyildir, nə təbiətin (çünki təbiət Yer üzündən yavaş-yavaş qeybə çəkilir), nə Tarixin (o da insandan qaçmağa başlayıb), nə də ki öz-özünün (ona könlündəki anlaşılmaz (irrasional) qüvvələr hökm edir). Əgər Tanrı bizi tərk edib gedibsə və insan övladı artıq heç nəyin hakimi deyilsə, onda bəs dünyanın yiyəsi kimdir? Belə çıxır ki, sahibsiz-yiyəsiz qalan planetimiz boşluqda fırlanıb-durur. Baxın, məhz budur varlığın çəkilməz xəfifliyi.

Sual: İndiki zəmanəni indiyə qədərkilərlə müqayisədə daha önəmli, daha vacib və sonu gətirəcək bir epoxa saymamız bəyəm eqosentrik miraj deyilmi? İndiyədək Avropa dünyanın sonunun, apokalipsisin çatdığını, görün, neçə kərə elan edibdir?

Milan Kundera: Sözükeçən bütün sonuc paradokslara bir də sonla bağlı paradoksu əlavə edin. Hansısa fenomen ən yaxın zamanda özünün qeybə qarışacağını əvvəlcədən xəbər verirsə, artıq çoxumuz bu barədə bilir və hətta təəssüf hissi də keçiririk. Elə ki bu aqoniya (can çəkişməsi) başa çatır, onda biz artıq fərqli yönə dikirik nəzərlərimizi. Ölüm gözəgörünməz bir şeyə çevrilir. Xeyli müddətdir ki, çay, bülbül, çəmənlikdəki cığır-filan artıq bizi vəcdə gətirmir, çünki onlar daha heç kimə gərək deyildir. Əgər günü sabah planetimizdə təbiətin izi-tozu qalmazsa, görəsən kim bunun fərqinə varar? Oktavio Pasın, Rene Şarın davamçıları görən haradadır? Bəs o böyük şairlər necoldu? Onların kökü kəsilib, yoxsa səsləri artıq duyulmaz olub? Hər necə olsa da, bu məqam Avropamız üçün önəmli dəyişimdir, çünki indiyədək qitəmizi şairlər olmadan təsəvvür eləmirdik. Əgər çağdaş insan şeirə təlabat duymursa, görəsən o, poeziyanın qeybə qarışdığını sezirmi heç? Dünyanın sonu – heç də apokalipsis partlayışı-filan deyildir.

Bəlkə də o son - ən səssiz və qeylü-qalsız bir şeydir.

Sual: Deyək ki, elədir. Əgər bir şey yox olmaq ərəfəsindədirsə, onda düşünmək olar ki, başqa bir şey yeni-yeni yaranmaq üzrədir.

Milan Kundera: Heç şübhəsiz.

Sual: Bəs o yaranan nədir elə? Oxucuların bunu bizim sizin romanlarınızda görməsi imkansızdır. Odur ki, belə bir şübhə doğur: bəlkə siz bizim tarixi durumun sadəcə bəlli bir qismini görə bilirsiniz?

Milan Kundera: Ola bilsin, ancaq bu məqam o qədər də önəmli sayılmaz. Əsas məsələ - romanın nə olub-olmadığını anlamaqdır. Tarixçi baş verən hadisələr barədə sizə nələrsə danışa bilər. Halbuki Raskolnikovun işlədiyi cinayət heç vaxt baş verməyibdir. Romanın məqsədi reallığı yox, varlığı araşdırmaqdır. Varlıq isə baş verən şeylər yox, insan üçün yaranan imkanlar meydanıdır, yəni insanın həyatda nail ola biləcəyi hər şeyin cəmidir. Romançı da bu varlığın xəritəsini tərtib eləməklə qalmır, hansısa imkan qapısını insanın üzünə açır.

Bir daha vurğulayaq ki, var olmaq – “dünyada-olmaq”dır. Buna əsaslanaraq, həm personajı, həm də onun dünyasını bir imkan kimi dəyərləndirmək lazımdır. Kafkanın yaradıcılığında hər şey aşkardır: Kafkavarı dünya bizlərə məlum olan reallıqların heç birisinə bənzəmir, o – insan dünyasının ən yüksək və reallaşmamış imkanıdır. Əlbəttə, bu imkan real dünyamızdan süzülməkdədir və sanki o, gələcəyimizin parlaq olacağını bizlərə vəd eləyir. Elə buna görə də biz Kafkanın peyğəmbərliyindən söz edirik. Hətta onun romanlarında peyğəmbərliklə bağlı məqamlar olmasa belə, onların dəyəri azalmır, çünki bütün hallarda varlığın imkanlarını (insanın və onun dünyasının imkanlarını) araşdırmağa həsr olunublar. Bundan əlavə, onlar bizə kim olduğumuzu, və nəyə qadir olduğumuzu göstərirlər.

Azərbaycan dilinə çevirdi – Azad Yaşar

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG