Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:20

Saracalar stansiyasında dəmiryolçular «SOS» deyir, baş idarə «gözlə»


Dam örtüyü zədələndiyindən yağış suları otaqlara damır.

Dam örtüyü zədələndiyindən yağış suları otaqlara damır.

-

Yağıntılı günlərdə Saatlı rayonunun Saracalar kəndindəki eyniadlı dəmiryol stansiyasında narahatlıq yaşanır. Stansiya binasının dam örtüyü zədələndiyindən yağış suları otaqlara damır. Lampasız «patron» üzərində quşların yuva qurduğu Gözləmə zalındakı adamlar qatar gələnədək bu çətinliyə dözməli olur. Amma divarın o biri üzündəki adamlar daha «dözümlü» olmalıdırlar. Bu stansiya binası onlar üçün «ev», «daimi yaşayış yeri»dir. Onlar vaxtı qatarların çıxardığı fitlə müəyyən edir, hər gün binanın uça biləcəyindən dolayı narahatlıq keçirirlər...

STANSİYA İÇİNDƏ EV, AİLƏ İÇİNDƏ AİLƏLƏR...

«Bu bina 1924-cü ildə tikilib. Vaxtilə fəhlələrin qaldığı kazarma olub. Sonradan dəmiryolçu ailələr burada yerləşdirildi. Biz 1987-ci ildə bura köçmüşük. Onda dəmiryolda fəhlə işləyirdim, relslər altındakı şpalları dəyişirdim. Xəstələnəndən sonra məni pensiyaya çıxardılar».

Bunu stansiya binasında yaşayan II qrup əlil Arif Mehdiyev deyir. Onun həyat yoldaşı Sevil Mehdiyeva hazırda Saracalar stansiyasının bağbanıdır. Dəmiryolçu ailəsində 4 uşaq dünyaya gəlib, onlardan üçü ailə qurub.

Sevil xanım deyir ki, indi ailə üzvlərinin sayı 16-ya çatıb:

Sevil Mehdiyeva

Sevil Mehdiyeva

«Bir oğlumun 4, ikincinin 3, üçüncünün isə 1 övladı var, dördüncü oğlum isə subaydır. Yerli icra hakimiyyəti böyük oğluma müvəqqəti yaşamaq üçün yer vermişdi. Amma həyat yoldaşından ayrıldığına, həm də Hepatit xəstəliyindən əziyyət çəkdiyinə görə onun özünü və azyaşlı uşaqlarını biz saxlayırıq. İmkan olmadığından övladlarımın heç biri kənarda ev tikə bilməyib. Bu qədər adam mənim maaşıma və kişinin pensiyasına baxır».

«ÖLÇDÜLƏR, BİÇDİLƏR, AMMA...»

Sevil Mehdiyeva deyir ki, qonşularla birgə dəfələrlə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinə kollektiv müraciət ünvanlayıblar:

«Baş idarədən göndərilən nümayəndələr də gəlib vəziyyəti öz gözləri ilə gördülər. Ölçdülər, biçdilər, şəkil çəkdilər. Söz verildi ki, düzəldiləcək. Amma illər keçib, hələ də təmirə başlanmayıb».

Saracalar stansiyasında qatar tərtibçisi vəzifəsində işləyən Məhərrəm Məmmədov deyir ki, inzibati binalar və yaşayış evləri bir damın altında olduğundan, onun örtüyü də bütöv şəkildə dəyişdirilə bilər:

Məhərrəm Məmmədov

Məhərrəm Məmmədov

«Bina Dəmiryolun balansındadır. Həm inzibati, həm də yaşayış otaqları bir damın altındadır deyə, burada yaşayanlardan kimsə ayrıca olaraq öz başının üstünü düzəldə bilmir, dam örtüyü bütöv dəyişdirilməlidir. İdarə bizə görə yox, öz obyektinə görə bu işi görməlidir. Söhbət həm də normal iş şəraitinin yaradılmasından, xidmət səviyyəsinin yüksəldilməsindən gedir. Başqa stansiyalar yenilənib, əsaslı təmir edilib, amma nədənsə bura baxımsız qalıb. Bir də, axı, burada yaşayanlar da kənardan gəlməyib, ömürlərini bu yolda qoyublar. Mənim atam 35 il dəmiryolun xətt polisində qulluq edib. 14 ildir ki, mən bu stansiyada işləyirəm».

Stansiya növbətçisi Yafəz Şirinov deyir ki, hər dəfə güclü yağışdan sonra tavan taxtalarının boyaları, divarların suvağı qopub tökülür:

«Yağış yağanda daman yerlərin altına ləyənçələr düzürük. Eyni yeri dəfələrlə təmir etməkdən yorulmuşuq. Evdə əlil uşağım var».

«AZƏRBAYCAN DƏMİR YOLLARI» ŞİFER ALA BİLMİR?!

Saracalar stansiyasının işçi-sakinlərinin baş idarəyə ünvanladıqları kollektiv müraciətə belə cavab gəlib:

Gözləmə zalında lampasız «patron» üzərində quşlar yuva qurub.

Gözləmə zalında lampasız «patron» üzərində quşlar yuva qurub.

««Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinə ünvanladığınız ərizəyə dəmiryolların və texniki qurğuların təmir-tikinti Departamentində baxıldı. Müraciətinizə cavab olaraq bildiririk ki, Departamentin sərəncamında şifer materialı olmadığına görə təmir işlərinə başlanılması mümkün deyil. Material əldə edildikdən sonra təmir işlərinin aparılması mümkün olacaqdır».

Bu cavab 27 noyabr 2012-ci ildə verilib. Görünür, QSC hələ də şifer materialı əldə edə bilməyib, ya da bu problem artıq unudulub. Sevil xanımı və onun qonşularını da təəccübləndirən elə budur: doğrudanmı «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti mülkiyyətində olan kiçik bir obyektinin dam örtüyünü təzələmək imkanında deyil?! Təmir işini bu nəhəng idarə edə bilmirsə, sadə dəmiryolçular necə edə bilər?

Bir də ki, təmirə ehtiyacı olan təkcə stansiya binasının dam örtüyü deyil. Həyətdəki yardımçı tikililər də uçub, yerin beton örtüyü dağılıb, qızdırıcı və işıqlandırma sistemləri sıradan çıxıb. Vaxtaşırı təmir edilən dəmiryol xətləridir ki, onun hesabına buradan hər gün qatarlar yük və sərnişin daşıya bilir. Bu stansiyada yaşayanlar isə illərdən bəri yığılıb qalmış problemlərlə baş-başa qalıblar...

XS
SM
MD
LG