Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:26

Ukrayna separatçılarını «legitimləşdirəcək» seçkilər keçirilib


Luqansk "xalq respublikası"nın lideri Igor Plotnitskiy səs verir.
Luqansk "xalq respublikası"nın lideri Igor Plotnitskiy səs verir.

-

Ukraynanın şərqindəki separatçılar beynəlxalq tənqidlərə baxmayaraq seçki keçiriblər.

Separatçıların nəzarətində olan ərazilərin sakinləri qondarma “xalq respublikaları”nın “xalq şuraları”na seçkilərdə iştirak ediblər.

Rusiyanın “İnterfaks” agenliyinin məlumatına görə, exit pollar qondarma “Donetsk Xalq Respublikasının” hazırkı başçısı Aleksandr Zakharchenko-nun 81 faiz səslə qalib gələcəyini göstərib.

Qonşu Luqanksda keçirilən seçkilərin nəticələri hələlik yubanır, çünki orada seçki məntəqələri hələ də açıqdır.

Bu seçkidə “Luqanks Respublikası”nın lideri İgor Plotnitsky-nin qalib gələcəyi gözlənilir.

Poroshenko ümid edir ki...

Ukrayna prezidenti Petro Poroshenko Rusiya prezidenti Vladimir Putin-i separatçı əyalətlərdə keçirilmiş 2 noyabr seçkilərini tanımamağa çağırıb.

Bu barədə internetdə yayılmış bəyanatında Poroshenko seçkiləri “tank və pulemyot atəşləri altında icra edilmiş fars” adlandırıb.

Prezident deyib: “Mən ümid edirəm ki, Rusiya bu qondarma seçkiləri tanımayacaq, çünki bu, Rusiya nümayəndəsinin də imzaladığı 5 sentyabr Minsk protokolunun müddəalarına ziddir”.

Ukraynanın SBU təhlükəsizlik xidməti noyabrın 2-də bəyan edib ki, seçkilər Ukrayna Konstitusiyasının pozulması deməkdir və hakimiyyətin “qanunsuz zəbti” kimi qiymətləndirilir.

SBU həmçinin bildirib ki, seçkinin təşkilatçıları barədə cinayət işi qaldırılıb.

Rusiyanın bölgəyə qoşun gətirdiyi xəbər verilir

Bundan bir qədər əvvəl, noyabrın 2-də Ukrayna Müdafiə Nazirlyinin sözçüsü Andriy Lysenko deyib ki, Rusiya Ukraynanın şərqində separatçıların nəzarətində olan ərazilərə Rusiyadan “intensiv olaraq silah-sursat və canlı qüvvə” gətirib.

Donetsk yaxınlığındakı AFP agentliyi müxbirləri təyyarələrə qarşı raket qurğuları daşıyan 20-dək maşından ibarət karvanın hökumətin nəzarətində olan hava limanına doğru irəlilədiyini görüblər, hərçənd bunun yeni qüvvələr olub-olmadığı bilinmir.

Qərbin bir sıra başqa media qurumları da Donetsk yaxınlığında qoşunların və ağır texnikanın hərəkətini müşahidə ediblər.

Onlardan biri buzzfeed.com, habelə mashable.com saytı böyük hərbi karvan müşahidə etdiklərini bildiriblər.

Buzzfeed saytından Max Seddon yazıb: “31 nömrəsiz KamAZ elə indicə Donetsk istiqamətində hərəkət edir. Karvanda təyyarələrə qarşı silahlar, sursat yeşikləri, radar qurğuları və bir avtobus silahlı şəxs var”.

Müxbirlər Donetskdə bir sıra seçki məntəqlərində silahlı şəxsləri gördüklərini yazırlar.

Dünya tanımır

Ukrayna hökuməti, Birləşmiş Ştatlar, Avropa İttifaqı və BMT-nin baş katibi Ban Ki-moon bəyan ediblər ki, seçkilər qanunsuzdur və nəticələri tanınmayacaq.

Rusiya seçkilərin nəticələrini tanıyacağını bildirib.

Luqanksda qondarma Xalq Respublikasının lideri postuna Plotnitsky də daxil olmaqla dörd nəfər namizədliyini verib.

Qondarma “xalq şuraları”nda təmsil olunmaq üçün üç “ictimai hərəkat”ın nümayənədələri yarışırlar.

“Donetsk Xalq Respublikası”nın rəhbəri vəzifəsi üçün Zakharchenko da daxil üç namizəd mübarizə aparır, şuralara seçkilərdə isə iki “ictimai hərəkat” iştirak edir.

Separatçı seçkilərin separatçı müşahidəçiləri

Zakharchenko bəyan edib ki, hazırkı seçkilər separatçı ərazilərdə dövlətin yaranmasında həlledici rol oynayacaq.

O bildirib ki, bundan əvvəl, etirazlara rəhbərlik etmiş şəxslər sadəcə olaraq inqilabçılar olublar və müxtəlif vəzifələrə özləri özlərini təyin ediblər.

Onun sözlərinə görə, noyabrın 2-də keçirilən seçkilər seçilən şəxsləri legitimləşdirəcək.

Seçkiləri təşkil etmiş rusiyayönlü separatçılar seçki üçün 3 milyon bülletinin çap olunduğunu və internetlə səsvermənin artıq noyabrın 1-də başlandığını elan etmişdilər.

Bu seçkilər Ukrayna qanunları ilə keçirilmir və seçkilərə Ukraynanın Mərkəzi Seçki Komissiyası nəzarət etmir.

Bu seçkiləri beynəlxalq təşkilatlar, o cümələdən ATƏT də müşahidə etmir. Bununla belə, separatçılar bildiriblər ki, seçkilərə bir neçə xarici ölkədən, o cümlədən Gürcüstandan qopmuş separatçı Abxaziya kimi ərazilərdən 30-dək müşahidəçi gəlib.

Lavrov-un “əlbəttə”si

Ukrayna hökuməti və beynəlxalq birlik seçkilərin Ukrayna, Rusiya, ATƏT və separatçı qrupların nümayəndələri arasında əldə olunmuş sentyabr razılaşmasını pozduğunu bəyan edirlər.

Oktyabrın 28-də verdiyi bəyanatda Rusiyanın xarici işlər naziri Sergei Lavrov Moskvanın seçki nəticələrini “əlbəttə tanıyacağını” elan etmişdi.

Bu arada Ukraynanın şərqində döyüş əməliyyatlarının dayanmadığı xəbər verilib.

BMT-nin məlumatında son 7 ayda Ukraynada 4035 nəfərin həlak olduğu göstərilir. Onlardan 300-ü son 11 gündə həyatını itirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG