Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:22

Barmaqlarım - əllərimin yarpaqları


-

Əlisəmid Kür

Barmaqlarım - əllərimin yarpaqları

Siqaret tüstüsündən
Saralan barmaqlarım
Payıza qalan yarpaqlar kimi
Bir gün töküləcək
sənin ovcuna.
Ovuda bilməyəcəksən barmaqlarımı.
Saçlarına sığal çəkməyəcək,
Silməyəcək
Yanağına süzülən
Göz yaşını.
Nə bir kəsi hədələyib,
Nə dəmir barmaqlığa dönüb
Gözümün üstə...
Barmaqlarım yorulub
Şeir yazmaqdan
Qələm tutmaqdan.

Yadında saxla,
Siqaret tüstüsündən
Saralan barmaqlarım
Payıza qalan yarpaqlar kimi
Bir gün töküləcək sənin ovcuna.

Tüstülü şeir

Qəzetdə çap edilmiş

Sevgi şeirlərimi

Göndərəcəkdim sənə.

Nə düşündüm, bilmirəm.

Cibimdə qalan son tütünü

Kəsdiyin qəzet kağızına bükdüm.

Sonra

Gözüm yaşara-yaşara

Tütünlə alışan

Şeirlərimi tüstüsünü

Çəkdim sinəmə...

Doğulduğum günün günəşi boyda

Hayana üz tutsam,
Hayana üz çevirsəm
Məni xeyir-duan saxlayıb, ana!

Güvənib arxamca atdığın suya
Yolları gözümdən keçirə bilsəm –
Qəlbimdə göyərən çiçək arzuya
Bir dəniz sevgisi içirə bilsəm
Yuxun çin olacaq!

Qalsam yarı yolda
Əlimin içindən dərd göyərəcək
Ovcuma sıxılan barmaqlarımı
bir kimsə görməyəcək.

Hayana üz tutsam,
Hayana üz çevirsəm
Doğulduğum günün günəşi boyda
Anamın arzusu yolumun üstə!

Günün bütün mövzuları

XS
SM
MD
LG