Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:50

-

Böyük Qafqaz dağlarının şimal-şərq yamacında, Şabrandan 20 kilometr aralıda yolsuz, susuz, qazsız bir kənd var - Pirəbədil...

“Camaat çox əziyyət çəkir. Gəlsin bir hökumət nümayəndəsi, yolun bu üzündən o üzünə keçsin görək, keçə biləcək?”, - yolumuza çıxan kənd ağsaqqalı Səfər dayı giley-güzara elə yollardan başlayır. Deyir, vay o gündən ki, kəndə yağış yağa.Yollar olur keçilməz:

“NƏ MAŞINLAR RAHAT HƏRƏKƏT EDƏ BİLİR, NƏ DƏ EVƏ GEDİB-GƏLMƏK OLUR”

“Hər yağışdan sonra yollar belə vəziyyətə düşür. Nə maşınlar rahat hərəkət edə bilir, nə də evə gedib-gəlmək olur. Avtobus da yolda xarab olub qalır”.

Poliklinika, bağça, məktəb - hamısı yolun o tayındadır. Kəndlilər deyir, bu yollar əsasən də azyaşlılar üçün təhlükəlidir:

“O QƏDƏR ÖLÜMLƏR OLUB Kİ, BU YOLDA...”

“Hamının uşağı məktəbə gedir. Məktəb də yolun o tayında... Bu yolda o qədər böyüyü, balacanı maşın vurub ki... O qədər ölümlər olub ki bu yolda... Hamısı xırda-xırda uşaqlardır. Məcburuq ki, məktəbə özümüz aparıb-gətirək. Birdəfəlik həll etsinlər bu yol məsələsini... Min əzab-zəiyyətlə uşaq saxlayıb böyüdürük, gedir, yolda başına hadisə gəlir, uşaq əldən gedir”.

Kəndin yollarında problemi yaradan əsas səbəb palçıqdır. Yağşdan sonra yollarda yığılan qrunt sular sürüşkənlik yaradır, avtomobillərin hərəkəti çətinləşir. Sürüşmələr hadisələrə səbəb olur:

Sakinlər:

- Elə vaxt olub ki, bu yolda iki uşağı birdən vurub, tək-tək də vurub. Lap böyükləri də vurub. Keçilməzdir bu yol...

- Yol getdiyin vaxt bir də görürsən ki, maşın üstünə gəlir...

Kəndin ikinci əsas problemi su ilə bağlıdır. Kəndlilər bir neçə dəfə yığışıb pul toplayıb yolları düzəldiblər. Onların sözlərinə görə, ancaq kəndə gələn briqada su çəkmək adı ilə kəndlilərin əziyyətlə çəkdikləri yolları qazıb-töküb gediblər.

Sakinlərdən biri:

“Keçən il başladılar qazıb-tökməyə ki, su çəkəcəklər. İşləri yarımçıq qoydular. Suyu düz çəkməmişdilər, iki dəfə qazdılar, öz hesabımıza düzəltdiyimiz yolları dağıdıb getdilər”.

İndi kəndin nə suyu var, nə də yolu. İskəndər Şükürov heç yerdə işləmir. Amma başına bir aləm borc yığıb. Hamısı da suya görə:

Kənd sakini İskəndər Şükürov

Kənd sakini İskəndər Şükürov

“SUYUN BİR MAŞININA 40 MANAT VERİRƏM”

- Suyun bir maşınına qırx manat verirəm. Məndə ailə böyükdür deyə, bir aya azı beş maşın su alıram, bu da edir 120 manat...

Başqa sakin:

- Maşınını 40 manata aldığım su heç beş günlük tələbatımızı ödəmir. Ağacları da görürsünüz, hamısı quruyub.

- Nə vaxt su idarəsinə gediriksə deyirlər müdir yerində yoxdur.

QAZ DA YOXDUR...

Bu kənddə qaz da yoxdur. Baxmayaraq ki, kəndin ortasından kəndlilərin gözdağına çevrilən qaz xətti keçir.

Sakinlərin deməsinə görə, kəndin problemləri ilə bağlı döymədikləri qapı qalmayıb. Amma nə faydası? Elxan Hüseynov:

“Azı əlli dəfə şikayət etmişik, görürsünüz, yağış yağıb dayanıb, yollar keçilməz olub, icra nümayəndəliyindən bir adam gəlib maraqlanmır”.

Deyirlər, icra nümayəndəliyinin işçilərinin əlindən keçilməz yollara baxıb, köks ötürməkdən başqa heç nə gəlmir.

İCRA HAKİMİYYƏTİNDƏN NƏ DEYİRLƏR?

Şabran rayon icra hakimiyyətindən AzadlıqRadiosunun bölgə müxbirinə bildiriblər ki, ötən il Şabran-Pirəbədil-Zeyvə yolu istifadəyə verilib. Yolun açılışında prezident də iştirak edib. (Bu yola büdcədən 7,5 milyon manat ayrılıb – AR).

Qurumdan bildirilənlərə görə, bu günlərdə Pirəbədil və daha bir neçə kəndə təbii qazın verilməsi nəzərdə tutulub.

Şabranın kəndlərinin içməli su təchizatı şəbəkəsi üçün layihə-smeta sənədləri hazırlanıb, bu kəndlərin arasında Pirəbədil də var.

İcra hakimiyyətindən deyilənlərə görə, yaxın vaxtlarda kəndlilər daha suyu maşınla almayacaq.

XS
SM
MD
LG