Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:22

İranda azərbaycanlı fəalların məhkəməsi davam edərkən yeni həbslər haqda məlumatlar alınmaqdadır


İranda qeyri-rəsmi şəkildə fəaliyyət göstərən Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsi oktyabrın 4-də Azərbaycan fəallarının taleyi haqda yeni məlumat yayıb.

Həmin məlumata əsasən, Ərdəbil məhkəməsi ictimai asayişi pozmaqda ittiham edilən Rəhim Xudadadiyə 3 ay həbs və 30 şallaq cəzası verib. Xudadadi bu ilin mayında «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturalara qarşı etiraz aksiyalarında iştirak etdiyi üçün həbs edilmiş, lakin onun məhkəməsi sentyabrın sonuna qədər təxirə salınmışdı.


Mühəndis Elçin Hatəminin Şərqi Azərbaycan vilayətinin apellyasiya məhkəməsinin hökmü ilə sentyabrın 29-da Əhər şəhərinin həbsxanasına göndərildiyi bildirilir. Hatəmi 2 il bundan əvvəl – 2004-cü ilin iyununda Babək Qalasına yürüş mərasimində tutularaq bir il həbs cəzasına məhkum edilmişdi. Lakin bu yaxınlarda keçirilən apellyasiya məhkəməsi 5 il Babək Qalasının yerləşdiyi Kəleybər mahalına getməmək şərtilə onun həbs müddətini 4 aya qədər azaldıb.


Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsinin Urmiyədən verdiyi məlumata əsasən, bu şəhərin fəallarından – mühəndis Rəsul Cəfəri, Məcid Təqizadə Quşçu, Əmir Fərəczadə, Firidun Mehdipur, Məhəmməd Hüseyn Purqurbani, Fərdin Muxtari və Mehdi Cəlali sentyabrın 23-də ana dilində təhsil tələbilə keçirilən etiraz nümayişləri zamanı həbs olunublar. Onların indiyədək həbsdə saxlandıqları bildirilir. Həmin aksiyaların iştirakçılarından biri, 16 yaşlı tələbə Sina Mədədi Osalı isə azadlığa buraxılıb.


Urmiyədən olan başqa bir fəal – Zülfəli Mədədli sentyabrın 24-də nəzarət altına alındıqdan bəri ona ailəsi və vəkillə danışmaq imkanı verilməyib.


Zəncan şəhərindən alınan məlumatda isə bildirilir ki, sentyabrın 24-də Zəncan bazarındakı iş yerindən qeyri-qanuni şəkildə tutulub aparılan azərbaycanlı fəal Həmid Bəyat sentyabrın 27-də İnqilab Məhkəməsində mühakimə edilib. Məhkəmə son qərarını verməyib.


Başqa bir xəbərdə zəncanlı siyasi fəal İsmail Məhəmmədinin sentyabrın son həftəsində həbs edildiyi bildirilir. Təhlükəsizlik qüvvələri onu həbsə alandan sonra evini təftiş edib, kompüter, kitablar və bəzi sənədlərini müsadirə ediblər. Məhəmmədi iki gündən sonra buraxılıb.


İyunun 27-dən bəri Zəncan həbsxanasında saxlanılan Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsinin banisi Rza Abbasinin vəziyyəti hələ də bəlli deyil. Onun məhkəmə işini aparan hakim Məsumxani naməlum səbəblərdən məhkəmənin qərarını yubadıb.


23 sentyabr aksiyalarında Makı və Marağa şəhərlərində həbs edilənlərin çoxu buraxılsa da, Marağa zindanında saxlanılan Hamid Musəvi hələ də nəzarət altındadır.


Günün bütün mövzuları

XS
SM
MD
LG