Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:20

-

İrandan Naxçıvana gətirilən geyim mallarına qoyulan dövlət rüsumunun bir neçə dəfə qaldırıldığı bildirilir. Bu haqda Azadlıq Radiosuna ticarətlə məşğul olan yerli sakinlər məlumat verib. Ancaq belə məlumatlar rəsmi mənbələrdən hələ ki, təsdiqini tapmayıb.

Şikayətçilər bildirir ki, əvvəllər satmaq üçün gətirdikləri geyim mallarının hər kiloqramına görə, gömrükdə 50 qəpik ödəyirdilərsə, bir neçə gündür bu 2 manata qaldırılıb. Naxçıvanda İranla həmsərhəd iki gömrük məntəqəsi fəaliyyət göstərir: Culfa və Şahtaxtı gömrük keçid məntəqələri. Tacirlərin bildirdiyinə görə, yeni qiymət hər iki məntəqədə tətbiq olunur.

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən şikayətçilərdən biri deyir ki, bu yaxınlarda İrandan mal gətirməyə gedib. Culfa Gömrük Məntəqəsindən malları keçirmək istəyəndə tələb olunan rüsum onu heyrətləndirib:

«ELƏ BİLDİM GÖMRÜK İŞÇİLƏRİ ZARAFAT EDİRLƏR»

«Düz 4 dəfə qiyməti qaldırıblar. Elə bildim gömrük işçiləri zarafat edirlər. Sonra gördüm ki, ciddidirlər. Dedim ki, bu qədər də olmaz axı, qoy olsun 2 dəfə. Dedilər yuxarıdan belə tapşırıblar, rüsumlar qaldırılıb. Rüsumların qaldırılması ilə bağlı qanunu tələb etdim, vermədilər. Heç, gedəndə də xəbərdarlıq etmədilər. Bu qiymət sərf etmədiyindən, malları geri qaytardım. Mən ayda 1-2 dəfə mal gətirməyə gedirdim. Həmin malın üzərinə 1-2 manat qoyub, bazarda satırdım. Uşaqları bununla dolandırıram. Haradan camaatın 5-10 manat qazandığını görürlər, dərhal orada bir problem yaradırlar. Yəqin, bu işə də məmurlardan biri girişəcək. Əllərində olsa, dərimizi də soyarlar».

Culfa Gömrük Məntəqəsindən rüsum qiymətlərinin qaldırılması ilə bağlı deyilənləri nə təkzib, nə də təsdiq etdilər. Daha dəqiq məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Gömrük İdarəsi ilə əlaqə saxlamağımızı istədilər.

Naxçıvan Muxtar Respublika Gömrük İdarəsindən isə sualımızı axıra kimi dinləsələr də cavablandırmaq istəmədilər.

İqtisadçı ekspert Natiq Cəfərli da bildirir ki, əslində gömrük rüsumlarının qaldırılması ilə bağlı xüsusi qərar çıxarılmalıdır:

«ƏGƏR, BELƏ QƏRAR OLSA İDİ BÜTÜN AZƏRBAYCANDA TƏTBİQ OLUNMALI İDİ»

«Son vaxtlar belə qərar çıxarılmayıb. Əgər, belə qərar olsa idi bütün Azərbaycanda tətbiq olunmalı idi. Rüsumların kəskin qaldırılmasında iki məsələ ola bilər: Ya, Naxçıvanın dövlət büdcəsində kəsirlər yaranıb, bu yolla qismən doldurmaq istəyirlər, yaxud da rüsumdan kənar rüşvətin qiymətini qaldırıblar. Hər hansı məhsula o zaman rüsum tətbiq oluna bilər ki, həmin məhsulun daxildə istehsalına başlanılıb. Bu da əsaslandırılmış şəkildə olmalıdır. Burada monopoliya məsələsi də ola bilər».

Şərhləri göstər

XS
SM
MD
LG