Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:51

-

Dünya Bankının “Doing Business 2015” hesabatında Azərbaycan son bir ildə işgüzarlığa şərait yaratmaqda ən çox iş görən 10 ölkə sırasına salınıb. Nəticədə bu ilki siyahıda Azərbaycan 80-ci yeri qazanıb. Hesabat isə 189 ölkəni əhatə edir.

Müqayisə üçün, iş görməyə şəraitə görə, Gürcüstan 15-ci, Ermənistan 45-ci yeri alıb.

Doing Business hesabatı hər bir ölkəyə 10 sahə üzrə vəziyyətə görə qiymət verir. Bunlar biznesə başlamaq, tikinti icazəsi almaq, elektrik çəkdirmək, əmlakı qeydiyyatdan keçirmək, kredit almaq, gömrük və s. kimi sahələri əhatə edir.

Azərbaycan keçən ilki siyahı ilə müqayisədə 3 sahədə irəiləyib - biznesə başlamaq, əmlakı qeydiyatdan keçirmək və vergilər.

Hesabatın əhatə etdiyi 10 sahə üzrə Azərbaycan 189 ölkə arasında neçənci yerdədir?

Biznesə başlamaq - 12-ci yer

Tikinti icazəsi almaq - 150-ci yer

Obyektə işıq çəkdirmək - 159-cu yer

Əmlakı qeydiyyata aldırmaq - 10-cu yer

Kredit almaq - 104-cü yer

Xırda investorların qorunması - 51-ci yer

Vergi ödənişi - 33-cü yer

Sərhəddən keçməklə ticarət - 166-ci yer

Müqavilələrin yerinə yetirilməsi - 31-ci yer

Mübahisələrin həll edilməsi - 94-cü yer

«AZƏRBAYCANDA... ƏSAS PROBLEM BİZNESİN İNKİŞAFINDADIR»

İqtisadçı Natiq Cəfərli Dünya Bankının hesabatındakı məqamlarla razılaşır. Deyir ki, Azərbaycanın biznesə başlamaqda 12-ci yerdə olması kommersiya qurumlarının bir pəncərə sistemi ilə qeydiyyatı ilə əlaqədardır:

«Həqiqətən, bir pəncərə sisteminin tətbiqindən sonra qeydiyyatdankeçmə asanlaşıb. Əmlakın qeydiyyatı məsələsində də Azərbaycanın tutduğu yer yaxşıdır – 189 ölkə arasında 10-cu yer. Bu da ASAN Xidmətin sahəsində əldə olunub. Vergi ödənişində də 33 yer, yəqin ki, onlayn vergi hesabatlarının daha geniş yayılmasına əsaslanır».

Natiq Cəfərli

Natiq Cəfərli

Azərbaycan 10 indikatordan 3-də axırıncı yerləri tutur. Məsələn, sərhəddən keçməklə ticarət sahəsində 166-cı yerdə qərarlaşıb. Natiq Cəfərli bunu gömrükdəki problemlərə bağlayır:

«Bu problemin də fundamental həlli Ümumdünya Ticarət Təşkilatına üzvlükdədir. Amma təəssüf ki, Azərbaycan 1997-ci ildən bu təşkilata üzvlük məsələsini müzakirə edir. Hansısa nəticə əldə edilməyib, çünki bu, Azərbaycanda inhisarçı qurumların marağında deyil».

Azərbaycanın tikinti icazəsinə və texniki şərtlər almasına görə də problemli ölkə sayılır - 189 ölkə arasında müvafiq olaraq 150 və 159-cu yer. Natiq Cəfərlinin fikrincə, Azərbaycan tikintidə də bir pəncərə sisteminə keçərsə, reytinqi yaxşılaşa bilər:

«Tikintiyə başlamaq, texniki şərt üçün 15-ə qədər qurumdan icazə almaq lazımdır. Bu sahədə ciddi problemlər var, bu qurumlardan icazə almaq istəyənlər korrupsiya məngənəsinə keçir».

Natiq Cəfərli prezident İlham Əliyevin öz çıxışlarında tikintiyə də toxunduğunu əsas gətirərək bu problemin çözüləcəyinə ümid edir.

İqtisadçının dediyinə görə, «Doing Business» hesabatı, adından da göründüyü kimi, biznesə başlamağı qiymətləndirir. Natiq Cəfərlinin fikrincə, Azərbaycanda əsas problem biznesə başlamaqda yox, onun inkişafı, azad və rəqabətli bazarda özünə yer tutmasındadır:

«Buna isə Azərbaycanın xroniki xəstəliyi olan korrupsiya əngəl olur. Biznesi inkişaf etdirmək üçün korrupsiya, inhisarçılıqla mübarizə aparılmalıdır. Təsəvvür edin, 8 ildir Milli Məclis «Rəqabət Məcəlləsi»ni qəbul etmir. «Rəqabət Məcəlləsi» maraqların toqquşması, inhisarçılıqla mübarizə və digər məsələləri əhatə edir».

Şərhləri göstər

XS
SM
MD
LG