-
Çinin tarixi Sian şəhərində I Beynəlxalq İpək Yolu Film Festivalı və festival çərçivəsində V Sian Beynəlxalq Video Festivalı keçirilib.
Qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında mədəni əlaqələri genişləndirmək, xüsusən də kino istehsalı sahəsində əlaqələri dərinləşdirmək məqsədi daşıyan festivala 25 ölkədən 147 film təqdim olunub.
Festival çərçivəsində film sənayesi sərgisi, müxtəlif forumlar təşkil edilib, filmlərə baxış olub.
Azərbaycandan festivala təqdim olunan “Axınla aşağı” və “Mayak” filmləri Siandakı “Cinşa” kinoteatrında göstərilib.
Rejissor Fariz Əhmədovun “Mayak” bədii filmi festivalda 2 mükafata -"Ən yaxşı ssenari" və "Tamaşaçı rəğbəti" nə layiq görülüb. Filmin prodüseri, Dövlət Film Fondunun direktoru Rasim Salmanov mükafatlandırma mərasimində iştirak edib.
“Mayak” filmi "Bu meydan, bu ekran - 2011" layihəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilib. Filminin mövzusu ata-oğul münasibətləridir. “Mayak” filmi indiyə qədər 15-dən artıq ölkədə müxtəlif festivallarda iştirak edərək mükafatlara layiq görülüb.
“Axınla aşağı” filminin quruluşçu rejissoru Asif Rüstəmovdur. Film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsalıdır. Psixoloji ailə dramı olan filmdə əsas hadisələr Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş verir.
Mükafatlandırma mərasimində dünya kino sənayesinin tanınmış simaları, Çin mərkəzi və yerli hökumətinin rəhbər şəxsləri, aktyorlar iştirak edib.
Mərasimdə mükafatlar təqdim edilib və qədim İpək Yolu üzərində yerləşən ölkələrin kino sahəsində əməkdaşlığına dair birgə bəyannamə qəbul olunub.